Üzeyir Cəfərov: “Yeganə xahişim odur ki...”

“Əgər bu 3 rayon məsələsinin yalan olmasını desələr, mən rəsmən hər birinizdən üzr istəməyə hazıram”

Hörmətli dostlar, görürəm dünən mətbuatda açıqladığım xəbər çox ciddi müzakirələrə səbəb olub. Kimisi ciddi, kimisi isə məsxərə xarakterli şərhlər, müzakirələr yazırlar. Olsun. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma məni bir məsələ maraqlandırır ki, bəzi yoldaşlar mənim şəxsiyyətimə toxunan ifadələrə də yol verirlər. Əlbəttə ki, onlar öz tərbiyələrini, ya da dəqiq desək olmayan mədəniyyətlərini və səviyyəsizliklərini göstərirlər.
 
Əvvəla məni tanıyanlar bilir ki mən özümə və sözümə hər zaman hörmət edən adam olmuşam və bu mənim həyat tərzimdir.
 
Bu 3 rayonun qaytarılması məsələsini mən yəqin ki havadan götürməmişəm. Və mən onu da dərk edirəm ki, əgər mən nəyisə uydursam sabah Prezident Adminstrasiyası və ya Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxıb mənim söylədiklərimi təkzib edəcək və mən biabır olaram. Axı bu 3 rayon məsələsi həqiqətən müzakirə olunub deyə mən bu haqda danışıram. Bir də mən orada qəti olaraq iddia etmirəm ki, məsələ məhz belə olacaq. Bu müzakirə edilib və tərəflər arasında bu haqda çox ciddi dartışmalar olub. Demişəm və yenə də təkrar edirəm. Bu erməni-rus fitnəkarlığının növbəti oyunudur. BMT-nin TŞ-nın 4 məlum qətnamələri olduğu halda Azərbaycan qətiyyən bu ucuz və ölkəmiz üçün riskli danışığa və sövdələşməyə razı olmamalıdır. Bu bizə növbəti torpaq itkisi faciəsini yaşada bilər. Necə ki, bir vaxtlar Zəngəzur, Goyçə mahallarımız düşmən əlinə keçib və indi orada haqqı olmayan erməni dığaları yaşayır. Biz isə buradan xam xəyallar kimi Qarabağ məsələmizi belə yoluna qoya bilmədiyimiz halda, hansısa əzəli torpaqlarımıza qayıdacağıq kimi gülməli ifadələrdən istifadə edirik. Hələ sən Qarabağla bağlı çox mürəkkəb və çətin açılan düyünü aça bilmirsən, qədim İrəvan mahalındakı o əraziləri necə geri qaytaracaqsan? İndi bəziləri durub deyirlər ki, bu haqda yalnız rəsmilər danışsa biz inanarıq. Buyursunlar. Müraciət etsinlər və əgər bu 3 rayon məsələsinin yalan olmasını desələr, mən rəsmən hər birinizdən üzr istəməyə hazıram. İndi mənim günahım deyil ki, həm cəmiyyət, həm də günü gündən müxtəlif maraqlar ətrafında formalaşan mətbuatın üzdə olan nümayəndələri Qarabağ ətrafında gedən çirkin və məkrli oyunları görmürlər, ya da diqqətdə saxlamırlar.
 
Adama daha çox təsir edən isə, bir qrup savadsız, heç orta təhsili olmayan şəxslərin özlərini çox ağıllı və vətənpərvər göstərməyə uğursuz cəhdləridir. Mənim aldığım hərbi-siyasi təhsil mənə imkan verir ki, mən nəyisə təhlil edim və real mənzərəyə qiymət verməyi bacarım. Dövlət başçılarının bu məsələ ilə bağlı danışıqlarından xəbərimizin olub-olmamasına gəlincə, onu demək istəyirəm ki, bizim demək olar ki çox şeydən xəbər tutmaq imkanımız var. Biz müxtəlif ölkələrin politoloq, siyasətçi, hərbçi və hərbi analitiklərindən, o cümlədən danışıqlarda iştirak edən ölkələrin diplomatları ilə mütəmadi rəsmi və qeyri-rəsmi görüşlərimiz və təmaslarımız olur. Bunu dövlət rəsmiləri də bilirlər. Ona görə də, məni hansısa diletantlıqda günahlandıran, bəzən də şəxsiyyətimə toxunan ifadələri işlətməklə təhqir etməyə cəhd edən şəxslərə demək istəyirəm ki, özlərinə baxsınlar. Mən Qarabağ savaşının hansısa virtual iştirakçısı olmamışam. Fizuli döyüş bölgəsində briqada komandirinin müavini olmağıma baxmayaraq əlimdə silahımla əsgər və zabitlərimlə bərabər düşmənin üzərinə ölümdən belə qorxmadan gedən insanam. Mənə Qarabağ və onun taleyi çox əzizdir. O torpaqlarda mənim saysız-hesabsız cəbhə yoldaşım həyatını və sağlamlığını itirib.
 
Bu gün Azərbaycanda haqqı olmayan bəziləri biz Qarabağ savaşının əsl iştirakçılarına yuxarıdan aşağı baxır. Bu da bizi o qədər də ilgiləndirmir. Çünki, biz təmənnasız olaraq Vətənimiz üçün döyüşmüşük və yenə də o iş tələb olunarsa öndə gedəcəyik.
 
Yeganə xahişim odur ki, hər kəs bildiyi işlə məşğul olsun və qarşısındakını müzakirə edərkən, onun dünənini, bu gününü və sabah xalqı üçün nə edə biləcəyini yaxşıca götür-qoy etsin. Hər birinizə xoş arzularımı yetirməklə yanaşı, doğma Qarabağımızın taleyinə biganə qalmamağı xahiş edirəm. Tarix bizi bağışlamayacaq. Hələliksə, biz Azərbaycan xalqı olaraq, öz biganəliyimiz, bəzən dişsizliyimiz ucbatından itirə-itirə gedirik. Allah xalqımızı qorusun!!!
 
Üzeyir Cəfərov
 hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant
 

Google+ WhatsApp ok.ru