Zühurun intizarında olan şəxsin məqamı

Zühurun intizarında olan şəxsin məqamı

Dini mətnlərimizdə son xilaskarın – İmam Mehdinin (ə.c) cahanşümul ədalətli hökumətinin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ

“Mənim ümmətimin ən fəzilətli əməli Allah-Taalanın vəd etdiyi zühurun intizarını çəkməkdir!”

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ

“Ən fəzilətli əməl zühurun intizarını çəkməkdir!” (“Biharul-ənvar”, 13-cü cild, səh.136-137.)

İmam Əli (ə) də zühurun intizarında olanların məqamı ilı bağlı belə buyurmuşdur:

الْمُنْتَظِرُ لِامْرِنا كَالْمُتَشَحِطِّ بِدَمِه‏ فى سَبيلِ اللَّهِ

“Bizim əmrimizin (zühurun) intizarında olan şəxs Allah yolunda qanına boyanan şəxs kimidir.” (“Biharul-ənvar”, 10-cu cild, səh.104.)

Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin bərpasının intizarını çəkdiyi halda, dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”

İmam buyurdu: “O, Qaimlə sanki bir işdə onun xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam Peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!” (“Biharul-ənvar”, qədim çapla 13-cü cild, səh.136.)

Bəzi rəvayətlərdə də belə deyilir:

O, Allah yolunda qılınc çəkən şəxs kimidir!

O, Peyğəmbərin hüzurunda qılıncla düşmənin başına zərbə endirən şəxs kimidir!

O, Qaimin bayrağı altında olan şəxs kimidir!

O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!

O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!

Bu hədislərin bir-birinə zidd olmayan iki mənası ola bilər:

1. Zühurun intizarında olanlar elə işlər görürlər ki, nəticəsi Allah yolunda cihadın nəticəsilə birdir. İmam Əli (ə) bir hədisdə buyurur: “Cihad dinin əzəmət və ucalığı, haqq-ədalətin köməkçisidir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 252.)

Həqiqi intizar çəkənlərin intizarının nəticəsi də məhz budur! İntizar özünütərbiyə, İslam hökmlərinin icrası, qələm, bəyan və hər bir vasitə ilə dinin səsini dünyaya çatdırmaqdan ibarətdir.

Bəziləri yalnız “İlahi, Ağanın zühurunu tezləşdir!” – ifadəsini təkrar etməklə özlərini inzar çəkənlərin sırasına qatmaq istəyirlər!

Bəziləri intizarı yalnız “Nüdbə” duası və “Ali-Yasin” ziyarətnaməsini oxumaqda yekunlaşdırırlar.

Bəziləri də bununla yanaşı, “Cəmkəran” məscidinə getməklə kifayətlənirlər!

İntizara verilən bu sayaq mənalar qeyd etdiyimiz dərinmənalı hədisləri gördükdə təəccübə səbəb olur və soruşuruq: “Necə olur ki, bir duanın savabı Allah yolunda öz qanına boyanan bir mübarizin zəhmətinə bərabərdir?!” Əgər intizarı insanların İmam Zamanın (ə) zühuru üçün hazırlıq görməsinə təfsir etsək, cihad, hətta ondan da geniş bir məna kəsb edəcəkdir.

2. İntizarın xarici nümunəsi birinci təfsirdən ibarət olsa da, batini nümunəsi nəfslə mübarizədir. Odur ki, biz özümüzü bu işə hazırlamalıyıq. Çünki ədalətin icraçısı odur! Əgər mən zülm və haqsızlıq edirəmsə, İmamın (ə) zühurunun intizarında olanların sırasında ola bilərəmmi? O pakdır. Əgər mən çirkin olsam, onun intizarını necə iddia edərəm?...

Demək, həqiqi intizar nəfslə mübarizə apardığımız və İmamın (ə) layiqli əsgəri olduğumuz zaman gerçəkləşəcək və məna verəcəkdir. Aydındır ki, nəfslə mübarizə düşmənlə mübarizədən olduqca çətindir. Məhz bu səbəbdən də, İslam Peyğəmbəri (ə) müharibələrin birindən qayıdan mübariz səhabələri barəsində belə buyurdu:

مَرْحَباً بِقَوْمٍ قَضَوْا الْجِهادَ الْاصْغَرَ وَ بَقِىَ عَلَيْهِمُ الْجِهادُ الْاكْبَرَ، قالُوا: وَ مَا الْجِهادُ الْاكْبَرُ؟ قالَ: الْجِهادُ مَعَ النَّفْسِ

“Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?” Buyurdu: “Nəfslə mübarizə!” (“Vəsailuş-şiə”, 11-ci cild, səh.123; “Mizanul-hikmət”, 2-ci cild, səh. 140, fəsil 586, hədis 2741.)

Bir sözlə, intizar həm xarici, həm də batini nümunə ilə birgə şərh olunmalı və dua çərçivəsindən çıxarılmalıdır. Əziz bir qonağın intizarında olan şəxs həm özünü, həm də evini təmizləyib sahmana salmalıdır. İmam Zamanın (ə) intizarını çəkənlər də fərdi islahla yanaşı, ümumi islahı da qarşıya məqsəd qoymalıdırlar.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru