Ziya Məmmədovun qürubu - həzin son

Asfalt oliqarxı haqda ən son və şok məlumatlar

Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə “Yeni Müsavat”a daxil olan son məlumatlara görə, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər. Məlumatda qeyd edilir ki, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb.
 
Z.Məmmədovun həm nazir kimi bir sıra səlahiyyətləri əlindən alınıb, həm də qeyri-rəsmi imtiyazları, imkanları məhdudlaşdırılıb, biznes obyektlərinin böyük qismini təhvil verməli olub. Z. Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib. Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - "Baku Trump Tower" artıq Məmmədovlardan alınıb. Bundan başqa, nazir oğlunun “Qarant holdinq”in tərkibində yaratdığı media holdinq layihəsinin də üzərindən birdəfəlik xətt çəkilib. İlk dəfə olaraq hansısa nazir-oliqarx açıq şəkildə media sektoruna girmək izni almışdı. Z.Məmmədovun yaratmaq istədiyi media holdinqlə bağlı bir sıra işlər görülmüşdü və hətta bir sıra jurnalistlər də bu layihəyə cəlb olunmuşdu. Amma son vaxtlarda Z.Məmmədov və ətrafının hakimiyyətin xoşuna gəlməyən davranışları, onların gənc nümayəndələrinin ictimai xuliqanlıq hərəkətləri bütövlükdə klanın vurulmasına və bir sıra layihələrinin əllərindən alınmasına, bəzi layihələrin isə dayandırılmasına səbəb olub.
 
Vəziyyəti getdikcə ağırlaşan Z.Məmmədovun mümkün qədər zərərsizləşdirildikdən sonra yola salınacağı bildirilir.  Məlumatlara görə, hazırda Z.Məmmədov və ona bağlı qrupların mal-mülkləri, biznes obyektləri, sərvətləri ilə bağlı dəqiqləşdirmələr aparılır, bir sıra iş adamlarına zamanında səflərini dəyişdirmək tələb olunur. Z.Məmmədov və ətrafı ilə bağlı baş verənləri ümumiləşdirən məlumatlı mənbələr, nazirin indiki durumunu onun qüruba doğru getməsi kimi qiymətləndirirlər. Onların sözlərinə görə, Z.Məmmədovun bu şəkildə və sürətlə vurulmasının dəqiq səbəbi yalnız dar bir dairəyə bəlli olduğundan bu barədə konkret fikir söyləmək çətindir. Amma Z.Məmmədovun hakimiyyətdən yola salınacağı artıq bir çoxlarına bəllidir və bu səbəbdən də iqtidar daxilində xeyli yüksək vəzifəli şəxs onunla haqq-hesab çürütmək üçün start vəziyyətindədir.
 
Məlumatlarda həmçinin bildirilir ki, Z.Məmmədovun ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovun vəziyyəti daha pisdir. Bir sıra biznes obyektlərinin əlindən alındığı bildirilən H.Məmmədovun hətta “Baghlan Gorup”u müflis elan edərək ölkədən qaçmaq istəyərkən aeroportda saxlanıldığı iddia olunur. 
Maraqlıdır ki, son günlərdə barəsində bir iş adamını bitirəcək ziddiyyətli xəbərlər yayılan H.Məmmədovun özü, yaxud  nümayəndəsi tərəfindən hər hansı bir açıqlama verilməyib. Faktiki olaraq “Hafka”nın saxlanılması ilə bağlı xəbərlər nə təkzib, nə də təsdiq edilib. 
Əgər H.Məmmədov azadlıqdadırsa, az qala dünyanın dörd bir yanında biznesi olan bir şəxs kimi onun haqqında yayılan xəbərlərlə bağlı açıqlama verməməsi absurddur. Onun iş gördüyü adamlar, çevrələr panikada, şirkətlərinin səhmləri sıfırda -  lakin Hafiz Məmmədovdan heç bir xəbər yoxdur. Həm bu baxımdan, həm də gələn məlumatlar  onu göstərir ki, H.Məmmədovun saxlanılması ilə bağlı xəbərlər ciddidir.
 
Onun Azərbaycandakı biznesi və bir sıra layihələri isə demək olar ki, ya çöküb, ya da başqa ələ keçib. H. Məmmədovun prezidenti olduğu “Bakı” klubunda və ona məxsus “Bank of Azerbaijan”da ciddi maliyyə krizi yaşanır. Futbolçular və işçilər aylardır maaş ala bilmir. H. Məmmədovun Beynəlxalq Banka yüz milyonlarla manat kredit borcu var. Buna görə də H. Məmmədovun “Bank of Azerbaijan”ın idarəçiliyini və “Bakı” futbol klubunun səhmlərinin böyük hissəsini Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə verdiyi bildirilir. Bundan başqa, artıq Beynəlxalq Bank “Bank of Azeribaijan”a verdiyi kreditlərin qaytarılmasını tələb edir. Dövlət isə “Bank of Azerbaijan”ın əli ilə verilən ipoteka kreditlərinin bu bank vasitəsilə geri alınmasını dayandırıb.  Adıçəkilən bank vasitəsilə ipoteka kreditləri alan müştərilərlə əlaqə saxlanılır və onlara bildirilir ki, aylıq ödənişləri “Bank of Azerbaijan”a yox, başqa banklara etsinlər. Azərbaycanda isə ipoteka krediti verən cəmi 4-5 bank var. Bu faktın özü də göstərir ki, “Bank of Azeribaijan” tam çökmək üzrədir və bu həm də “Hafka” ilə onun əsas biznes ortağı olan Z. Məmmədovun vəziyyətinin göstəricisidir. Bundan başqa, H.Məmmədovun Fransada aldığı “Lans” klubu ilə də ciddi problemləri var və son vaxtlar onunla “Lans” klubunun prezidenti Jerve Martel arasında ciddi qalmaqal yaşanır.

Google+ WhatsApp ok.ru