Ziya Məmmədovun ortağı onu pis vəziyyətdə qoyub

Qulam Ələkbərovun ermənilərlə işbirliyində olub-olmadığı və ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır

Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Qulam Ələkbərov onu çətin vəziyyətə salıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar hədəfdə olan Ziya Məmmədov üçün də ciddi zərbə olub. Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumatda Qulam Ələkbərovun Ukraynada ermənilərlə tərəfdaşlıq etdiyi bildirilirdi. Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir.
 
Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır.
 
Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Məlumatda bildirilirdi ki, onun biznes-partnyoru “Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.
 
Qulam Ələkbərov Azərbaycanda “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib.
 
Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.
 
Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir.
 
Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Ziya Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır. Əgər araşdırmalar zamanı deyilənlər təsdiqini tapsa, o zaman Ziya Məmmədov da ortağının əməllərinə görə ciddi şəkildə cəzalandırılacaq.(azadlıq)

Google+ WhatsApp ok.ru