Ziyarətnamələr

Ziyarətnamələr

Allah-taala cənab Cəbrail vasitəsilə sonuncu Peyğəmbər həzrət Mühəmmədə (s) «(Ya Peyğəmbər!) De: «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara (Əhli-beytə) məhəbbətdən başqa bir şey istəmirəm»» ayəsini nazil etdikdən sonra qəlbi pak insanlar başa düşdülər ki, Peyğəmbərə və nəticədə Allaha yaxın olmağın yeganə yolu o həzrətin Əhli-beytinə sevgidir və bunun da xeyri yalnız insanların özünədir. Qurani-Kərim də bunu təsdiqləməkdədir: “De: “Mən (bunun- Əhli-beytimə məhəbbətin müqabilində) sizdən istədiyim şey sizin öz xeyrinizədir.”” Buna görə də Peyğəmbər (s) bu dünyadan köçərkən ümməti arasında iki dəyərli əmanət-Allahın kitabı və öz Əhli- beytini qoyaraq buyurdu ki, bu iki əmanətin ardınca getsəniz, səadətə qovuşar, əks təqdirdə yolunuzu azarsınız. (Bu, «Səqəleyn» hədisinə işаrədir. Həmin hədisdə Peyğəmbər (s) buyurmuşdur: “Mən sizin аrаnızdа iki qiymətli (dəyərli) əmаnət qоyub gedirəm. Biri Аllаhın kitаbı, о birisi də Əhli-beytimdir. Bunlаr (Cənnətdə) Kövsər bulаğının bаşındа mənə qоvuşmаyаnаdək bir-birindən аyrılmаzlаr. Bunlаrın аrdıncа getsəniz, heç vахt yоlunuzu аzmаzsınız.”) Digər bir hədisdə isə o həzrət buyurmuşdur: “Mənim Əhli-beytim ümmətim arasında Nuhun gəmisinə bənzəyir. Bu gəmiyə minən nicat tapar, ona minməyən isə həlak olar». Bundan sonra pak qəlbli möminlər Peyğəmbər Əhli-beytinə məhəbbət bəsləyib “Ona (Allaha - Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın» ayəsinə müvafiq olaraq bütün ömrü boyu, hətta ölümdən sonra da qəlbən onlara bağlandılar və öz arzu-istəklərinin, hacətlərinin qəbul olunması üçün onları vasitə qərar verməyə başladılar. Çünki onlar Allahın sevimli bəndələridirlər və duaları, şəfaətləri Allah dərgahında qəbul olur. Onlar Quran təfsirçiləridirlər və Quranın sirlərini onlardan öyrənmək lazımdır. Onlar Ilahi hökmləri açıqlayanlardırlar, hökmlərin düzgününü onlar bilir. Onlar pak nurlardırlar, həqiqət nurunu məhz onlarda müşahidə etmək lazımdır. Bir sözlə, onlar o şəxslərdirlər ki, dünya və axirət səadətini yalnız onların məhəbbətiylə qazanmaq olar.
Uzun əsrlərdən bəri qəlbində Peyğəmbər ailəsinə məhəbbət bəsləyən Azərbaycan xalqı həmişə, yaşadığı yerdən asılı olmayaraq Əhli-beytin ziyarətinə tələsmiş, hərəmləri ətrafına pərvanə tək fırlanmışdır. Bununla əlaqədar olaraq müqəddəs ziyarətgahları ziyarətə gedən azərbaycanlı bacı-qardaşlar üçün «Ziyarətnamə» hazırlanmışdır. Ümid edirik ki, bu kiçik xidmət Əhli-beyt və Əhli-beytsevərlər tərəfindən rəğbətlə qarşılanacaq.

Google+ WhatsApp