ÖZÜNDƏN QABAQ BİR ÇIRAQ GÖNDƏR!

İmam Əli (ə) buyurmuşdur:

ما تُقَدِّمْ مِنْ خَيْرٍ يَبْقَ لَكَ ذُخْرُهُ، وَ ما تُؤَخِّرْهُ يَكُنْ لِغَيْرِكَ خَيْرُهُ؛

Sənin qabaqcadan göndərdiyin yaxşılıq (xeyir iş) sənin üçün toplanaraq qalır (qiyamət günü onun savabına çatacaqsan). Özündən sonra qoyduğun işin xeyri isə başqası üçündür (onun xeyri varisə nəsib olacaq).”

(“Nəhcül-bəlağə”, məktub 69.)

 

ŞƏRH VƏ TƏFSİR

Çağdaş dünyamızda hədsiz tamahkarlıqla sərvət toplama marağı bütün dövrlərə nisbətən daha çox gözə çarpır. Halbuki bu işin mahiyyət və məqsədində şüurlu meyar görünmür. Bu fikrə düşənlərin əksəriyyəti mal və dövlətin hansı yolla əldə olunmasına zərrə qədər əhəmiyyət vermir. Onu qəbrə aparmağın, nə də bu dünyada sərf etməyin mümkün olmadığını dərk etmir. Qalan mal-dövlət isə, həqiqətdə, sahibi üçün yükdən başqa bir şey deyildir. Demək, böyük zəhmətlə çoxlu mal-dövlət topladıqdan sonra ondan ayrılarkən bütün məsuliyyət və haqları öz boyunlarına yükləmək tamamilə ağılsızlıqdır. Bunu dərindən düşünüb anlayanlar isə həqiqətən xoşbəxtdirlər!

Bu hədisin məzmunu üzərində düşünmək hər bir insanın, məxsusən, varlı təbəqənin həyat və məramını dəyişdirə bilər. Nəql edirlər ki, bir dəfə böyük sərvətlilərdən birini bir qonaqlığa dəvət edirlər. Hava qaraldıqdan sonra xidmətçisi ilə birlikdə qonaq çağırılan evə doğru yola düşür və xidmətçisi onun üçün yolu işıqlandırmaq məqsədilə əlində çıraq sahibkarının ardınca yola düşür. Sahibkar deyir: “Arxadan yandırdığın çırağın mənə nə faydası var? Gəl irəli keç ki, çırağın işığından istifadə edə bilim.”

Şüurlu və zəkalı xidmətçi sahibkarının sözlərini təsdiqləməklə yanaşı deyir: “Sərvərim, mənim də nəzərim budur! Deyirəm ki, insanın ölümündən sonra onun üçün göndərilən ehsanlar və xeyirli işlər də, insanın arxasınca yandırılan çırağa bənzəyir. Buna görə də, axirət üçün qabaqcadan çıraq göndərmək lazımdır!”

Xidmətçinin dəyərli sözü sərvətli sahibkara təsir göstərir və əmlakının çox hissəsini xeyir işlərə vəqf edir. Hətta deyirlər ki, Məşhəd şəhərində imam Rzanın (ə) vəqf etdiyi əmlakdan sonra, onun vəqf etdiyi əmlak çoxluq təşkil edir!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru