Zığ sakinləri hökumətdən marşrut avtobusu tələb edirlər - FOTOLAR

İctimai nəqliyyat vasitələri insanlar üçün çox önəmlidir. Çünki hər vətəndaşın şəxsi avtomobili ola bilməz. Bunun üçün maddi durumun yaxşı olması vacibdir. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşları heç də yüksək gəlirli bir həyat yaşamırlar, deməli, onlar üçün bir yerdən başqa bir yerə getmək üçün ictimai nəqliyyat çox önəm kəsb edir.
 
Lakin bu nəqliyyat vasitələrində çox zaman böyük problemlər yaşanır. Üstəlik, son zamanlarda bu problemlər getdikcə artmaqdadır. Misal üçün I Avropa Oyunları zamanı şəhərdə sıxlıq yaşanmasın deyə bir çox marşrut avtobusları xətdən çıxarıldı. Oyunlardan sonra isə bərpa edilmədi. Bu da həmin avtobusların hərəkət xətti üzrə yaşayan vətəndaşların haqlı narazılığına səbəb olub. 
 
Bəzi qəsəbə və kəndlərə isə ya marşrut avtobusu ümumiyyətlə hərəkət etmir, ya da o istiqamətdə işləyən avtobusların sayı çox azdır. 
 
Bu dəfə musavat.com saytı olaraq belə bir problemlə üzləşən qəsəbə sakinlərindən bəhs edəcəyik. 
 
Söhbət paytaxtdan 11 kilometr məsafədə yerləşən Suraxanı rayonunun Zığ qəsəbəsindən gedir. Məsələ burasındadır ki, qəsəbəyə sadəcə, 44 nömrəli marşrut avtobusu işləyir. O da sadəcə, "Qara Qarayev" metrostansiyasına kimi hərəkət edir. İnsanlar Suraxanı rayonunun mərkəzinə, dövlət qurumlarına getmək üçün 3-4 marşrut avtobusu dəyişməli olurlar. Bu da haqlı olaraq qəsəbə camaatını narazı salıb.
 
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı yazılı və şifahi şəkildə aidiyyəti orqanlara müraciət ediblər, amma faydası olmayıb: "Bizim qəsəbəyə sadəcə, 44 nömrəli marşrut avtobusu kifayət etmir. Düşünün ki, əgər biz Zığdan Bakının mərkəzinə getmək istəsək, gərək 3 nəqliyyat vasitəsi dəyişək. Vəziyyətimiz çox pisdir. Bakıdan cəmisi 11 kilometr kənarda yaşayırıq. Amma nəqliyyatımızın vəziyyəti göz qabağındadır. Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə yazılı və şifahi müraciət etmişik. Həmçinin yerli icra nümayəndəliyinə, bələdiyyəyə də şikayət etmişik. Lakin heç bir faydası olmayıb. Baxmırlar, dinləmirlər". 
 
Buranın yolları da normal halda deyil. İllərdir ki, asfalt üzü görməyən küçələr keçilməz haldadır. İstər qəsəbəyə gələn əsas yol, istərsə də qəsəbədaxili küçələr bərbad durumdadır.
 
 
 
Qəsəbənin sakinləri Suraxanı rayon mərkəzinə, sosial idarə və müəssisələrə getmək üçün 3 marşrut avtobusu dəyişməli olurlar: "Mən İcra Hakimiyyətinə şikayətə getmək istəsəm, gərək 3 marşrut avtobusu dəyişim. Hələ bunun geri qayıtmağı, avtobusdakı sıxlığı da var. Bu boyda qəsəbəyə bir avtobus bəs edərmi? Üstəlik, vaxt intervalları uzundur, avtobuslar da köhnədir. Daha bezmişik. Tələb edirik ki, bizə yeni avtobuslar ayırsınlar. 
 
İnsanlar çox əziyyət çəkir. Bunun qocası var, uşaqlısı var... Biz ancaq Suraxanı, Zığ və Bakının mərkəzinə işləyəcək bir marşrut avtobusu istəyirik. Müvafiq qurumlardan tələb edirik. Bu qədər insanı narazı salmasınlar. Zığ qəsəbəsində "BakuBus" MMC-nin qarajı yerləşir. Amma bir dənə də olsun, bizə marşrut avtobusu ayırmırlar. Əgər bizə normal bir marşrut xətti ayırsalar, təkcə Zığ sakinləri deyil, həmçinin Suraxanı, Qaraçuxur qəsəbəsi, H.Tağıyev kombinatı və Nobel prospektinin sakinləri də bu avtobusdan istifadə edəcəklər".
 
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. 
 
 
Nuridə Allahyarova bildirdi ki, yeni marşrut xətlərinin açılması onların səlahiyyətləri çərçivəsində deyil: "Biz sadəcə, daşıyıcıyıq. Yəni, yeni xətlərin açılması, xətlərin ləğv edilməsi və ya yeniləri ilə əvəz olunması səlahiyyətlərimiz çərçivəsində deyil. Biz sadəcə, təqdim olunan xətti avtobuslarımızla təmin edirik. Və həmin xətt üzrə avtobusların hərəkətinə, təhlükəsizliyinə və digər amillərə cavabdehik. İlkin şəkildə "BakuBus" MMC ilin sonuna kimi 14 xətti əhatə etməyi nəzərdə tutub. Və bu ilkin mərhələ ancaq Bakının mərkəzini ehtiva edir. Artıq 8 xəttimiz mövcuddur".musavat /
 
 





 

 

 

 

Google+ WhatsApp ok.ru