Üzüyü sağ əlin barmağına taxaq, yoxsa, sol əlin?

Üzüyü sağ əlin barmağına taxaq, yoxsa, sol əlin?

Əhli-beyt hədislərinə əsasən, üzüyü sağ ələ taxmaq daha yaxşıdır. Bəzi hədislərdə Peyğəmbər (s) bu barədə imam Əliyə (ə) vəsiyyət edərək buyurmuşdur ki, bu iş, yəni üzüyü sağ əlin barmağına taxmaq insanı müqərrəb mələklərlə bir edər. (“İləluş-şəraye”, Şeyx Səduq, c.1, s.525.)

Hədislərdən belə anlaşılır ki, Peyğəmbər və imamlarımızın sünnəsi bu məsələdə üzüyü sağ ələ taxmaq olub. Çünki o həzrətlərin üzükləri həm də onların “möhür”ü (peçat) olub ki, çox vaxt üzüklərinin qaşlarında Quran ayələri və Allah adı olub. Buna görə də, heç vaxt sol əldə istifadə edilməyib. Səbəbi də budur ki, insanlar adətən “təharət” zamanı sol əldən istifadə edir və bu halda Allah adı və Quran ayəsinə hörmətsizlik olacaq deyə üzüyün sol əlin barmağında olması haramdır. (“Əl-kafi”, “əl-xəvatim” bölməsi; “Müstədrəkul-vəsail”, Mühəddis Nuri, c.3, “əbvabu əhkamil-məlabis” bölməsi.)

Bu məsələyə bəzi hədislərdə də işarə edilib. Belə ki, imamlardan üzüyün sol ələ taxılması barədə soruşulduqda, “təharət zamanı barmağınızda olmazsa, eybi yoxdur” deyə cavab vermişlər. Burdan da aydın olur ki, üzüyü sağ əlin barmağına taxmaq müstəhəbdir və eyni halda, üzüyü sağ və sol əlin barmaqlarına taxmağın eybi yoxdur. Sadəcə “təharət” zamanı müqəddəs adlar yazılmış üzükləri barmaqdan çıxarmaq lazımdır ki, o adlara hörmətsizlik olunmasın. (“Vəsailuş-şiə”, Şeyx Hürr Amuli, c.5, səh.79; “Hilyətul-müttəqin”, Əllamə Məclisi, səh.30.)

Bunu da qeyd edək ki, Peyğəmbərin (s) səhabələri həmişə bu sünnəyə sadiq qalmış və üzüyü sağ barmaqlarına taxmışlar. Bu sünnəni ilk dəfə sındıran və ayaq altına atan Müaviyə ibn Əbu Süfyan olmuşdur. (“Əl-qədir”, c.10, səh.210.)

Sözümüzü imam Həsən Əskərinin (ə) mübarək bir hədisi ilə tamamlayırıq:

علامة المؤمن خمس: صلاة الاحدي و الخمسين، و زيارة الاربعين و التختم باليمين و تعفير الجبين و الجهر ببسم الله الرحمن الرحيم

“Möminin (şiəliyin) əlaməti beşdir: “51 rəkət namaz qılmaq, “Ərbəin” ziyarətinə getmək, sağ əlin barmağına üzük taxmaq, alını səcdə üçün torpağa qoymaq və “Bismillahir-rəhmanir-rəhim”i uca demək.” (“Vəsailuş-şiə”, Şeyx Hürr Amuli, c.5, səh.81.)

Mirməhəmməd Bəşir

Google+ WhatsApp ok.ru