ZÜLMÜN ƏN PİS NÖVÜ

ZÜLMÜN ƏN PİS NÖVÜ

-- Zəifə edilən zülm...

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 31-ci məktununda oğlu imam Həsənə (ə) vəsiyyət edərkən zülm və haqsızlığın ən pis növündən söz açaraq buyurur:

ظُلْمُ الضَّعيفِ أَفْحَشُ الظُّلْمِ، وَ الْفاحِشَةُ كَاِسْمِها،

“Zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin , adı kimi çirkin olar.”

Aydındır ki, hər bir zülm pis və çirkindir. Zülm, yəni “həddi aşmaq”, “insanların hüquqlarına riayət etməmək, onların haqqını mənimsəmək, onlara təcavüz etmək”. Zülm edilən şəxs istər zəif olsun, istər güclü, bu əməl pis və çirkindir. Amma zəif adamların haqqı tapdalandıqda, daha çox pis olur. Zəif fərdin vəziyyəti bir şəkildədir ki, bizim daxili hisslərimizi oyatmalı və o şəxsin himayəsinə vadar etməlidir. Yəni onun vəziyyəti mərhəmət və lütf tələb edir. İndi əgər onu himayət etmək, ona mərhəmət göstərmək əvəzinə başına vursaq, bu əməlimiz ikiqat zülm sayılar. Çünki vicdanın və ənənənin ziddinə əməl etmişik. Kömək etməməyimiz bir yana, onun haqqını tapdamışıq. Buna görə də, uyğun əməl daha pisdir. Həqiqətən, belə bir əməl ikiqat zülmdür və daha çirkin sayılmışdır.

Belə bir əməlin daha çirkin olmasının digər bir səbəbi budur ki, güclü öz haqqını müdafiə edə bilirsə, zəif öz haqqını müdafiə edə bilmir. İnsanın zalımcasına əməlləri zəif fərdə münasibətdə daha rahat və tam şəkildə yerinə yetir. Ona görə də zəifə edilən zülm daha zalım və daha rəhmsiz sayılır. Ona əsasən də, zəifin haqqını tapdamaq onun hüquqlarını görməzliyə vurmaq çox çirkin işdir.

Hər halda, imam Əlinin (ə) bu kəlamı bizə xəbərdarlıq edir ki, məbada, özümüzdən gücsüz-qüdrətsiz bir şəxslə baş-başa gəldiyimiz vaxt onunla bacardığımız kimi rəftar edək. Hansı ki, zəiflərin zəifliyi bizi mərhəmətli rəftara dəvət edir. Belə olmasın ki, onlara kömək etməməyimizdən əlavə, onların aşkar hüquqlarını da tapdayaq. Məbada, müdafiə gücü olmayanlarla ən rəhmsiz şəkildə davranıb, onların haqqına təcavüz edək.

Həzrət (ə) sözünün davamında buyurur: “Çirkin adı kimi çirkin olar.

Bu təbir yeganə təbirlərdəndir. Bildiyimiz kimi, gördüyümüz işlərin bəzisi həm yaxşı, həm də pis iş kimi tanına bilər. Gördüyümüz işlərin əksəri belədir. Dəqiq desək, bizim əməllərimiz və işlərimiz əxlaqi mühakimə əsasında iki cürdür. Məsələn, “söhbət etmək”, “yemək yemək”, “yol getmək” kimi əməllər həm yaxşı ola bilər, həm də pis. Məsələn, söhbət etmək bir yerdə yaxşı və layiqli əməl ola bilər, digər bir yerdə isə çirkin və pis sayılar. Gülmək müəyyən bir yerdə yaxşı, digər bir yerdə pis hesab oluna bilər. İşin adı onun gözəl və çirkin olmasının göstəricisi deyil. Amma elə əməllər də vardır ki, onların adı həmin əməlin yaxşı və ya pis olmasını təyin etmək üçün kifayətdir və həmin ad uyğun əməlin yaxşı və ya pis olmasından danışır. Belə əməllər yalnız bir formada gerçəkləşir. Məsələn, “söyüş” sözü özü artıq pisliyi aşkar bildirir. Söyüşün nə üçün pis olduğunu sübut etmək üçün sübut gətirmək lazım deyil. Söyüşün adı onu pis bir iş saymağımız üçün kifayət edir. Çünki söyüş özü pis deməkdir. Ehsan pis ola bilmədiyi kimi, söyüş də yaxşı ola bilməz. Söyüşü pis saymaq üçün dəlil-sübuta ehtiyacımız yoxdur.

Demək, pis ad özü işin çirkinliyinə dəlildir. Çirkin adı kimi çirkin olar”, yəni işin pis olması onun adından bəllidir və onun pisliyinin sübutu üçün əlavə bir dəlilə ehtiyac yoxdur. Zülm də çirkin, çox çirkin bir işdir. Heç bir zülm müsbət qəbul etdirilə bilməz. Zülm və çirkin sayılmış bir əməlin yaxşılığından, gözəlliyindən danışmağa yer yoxdur!

İmam Əli (ə) necə də gözəl buyurmuşdur:

سِتَّةُ أَشْیاءَ حَسَنٌ وَ لکِنَّها مِنْ سِتَّة أَحْسَنُ، اَلْعَدْلُ حَسَنٌ وَ هُوَ مِنَ الاُْمَراءِ أَحْسَنُ، وَ الصَّبْرُ حَسَنٌ وَ هُوَ مِنَ الْفُقَراءِ اَحْسَنُ، وَ الْوَرَعُ حَسَنٌ وَ هُوَ مِنَ الْعُلَماءِ اَحْسَنُ، وَ السَّخاءُ حَسَنٌ وَ هُوَ مِنَ الاَْغْنِیاءِ اَحْسَنُ، وَ التَّوْبَةُ حَسَنٌ وَ هُوَ مِنَ الشَّبابِ اَحْسَنُ، وَ الْحَیاءُ حَسَنٌ وَ هُوَ مِنَ النِّساءِ اَحْسَنٌ،

“Altı iş yaxşıdır, amma onun altı dəstədən baş verməsi daha yaxşıdır. Ədalət yaxşıdır, amma rəhbərlərin ədalətli olması daha yaxşıdır. Səbir yaxşıdır, amma yoxsulların səbirli olması daha yaxşıdır. Təqva yaxşıdır, amma alimlərin təqvalı olması daha yaxşıdır. Səxavət yaxşıdır, amma varlıların səxavətli olması daha yaxşıdır. Tövbə yaxşıdır, amma gənclərin tövbə etməsi daha yaxşıdır. Həya yaxşıdır, amma qadınların həyalı olması daha yaxşıdır.”

Həzrət hədisi davamında buyurur:

أَمِیرٌ لَا عَدْلَ لَهُ كَغَیْمٍ (کغمام) لَا غَیْثَ لَهُ وَ فَقِیرٌ لَا صَبْرَ لَهُ كَمِصْبَاحٍ لَا ضَوْءَ لَهُ وَ عَالِمٌ لَا وَرَعَ لَهُ كَشَجَرَةٍ لَا ثَمَرَةَ لَهَا وَ غَنِیٌّ لَا سَخَاءَ لَهُ كَمَكَانٍ لَا نَبْتَ لَهُ وَ شَابٌّ لَا تَوْبَةَ لَهُ كَنَهَرٍ لَا مَاءَ لَهُ وَ امْرَأَةٌ لَا حَیَاءَ لَهَا كَطَعَامٍ لَا مِلْحَ لَه‏.

“Ədalətsiz rəhbər yağmursuz bulud kimidir. Səbirsiz yoxsul çıraqsız qəndil kimidir. Təqvasız alim meyvəsiz ağac kimidir. Səxavətsiz varlı otsuz-ələfsiz torpaq kimidir. Tövbəsiz gənc susuz arx kimidir. Həyasız qadın duzsuz yemək kimidir.” (“İrşadul-qulub”, 1-ci cild, səh.193; “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, Səh.140, hədis384.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru