Zülfüqar Mikayılov da ağır maddələrlə ittiham olunur - SİYAHI

Zülfüqar Mikayılov da ağır maddələrlə ittiham olunur - SİYAHI

Bakının Nardaran qəsəbəsində baş verən hadisələrilə əlaqədar həbs olunan ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılovun məhkəmə iclası keçiriləcək.
 
Maide.Az xəbər verir ki, bu barədə İslamazeri.az-a Z.Mikayılovun vəkili Rüstəm Zülfüqarov məlumat verib. Məhkəmə prosesi yanvarın 19-da hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutacaq.
 
İlahiyyatçının səhhətində heç bir problemin olmadığını deyən vəkil, onun hansı maddələrlə ittiham olunduğunu açıqlayıb. Zülfüqar Mikayılov Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:
 
214.2.1 - Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
 
214.2.3 - Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə əmlakı müsadirə olunmaqla - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
214-2. - Terrorçuluğa açıq çağırışlar - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
220.2 - Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
228.3 - Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə -  beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
228.4 - Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla -  yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
278 - Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə - beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
283.2.3. - Mütəşəkkil dəstə tərəfindən törədildikdə -  üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Qeyd edək ki, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayevin və digər 10 nəfərin məhkəmə iclası birgə keçiriləcək.

Google+ WhatsApp ok.ru