Çovdarovun 12 illik həbs hökmü qüvvəyə mindi

Çovdarovun 12 illik həbs hökmü qüvvəyə mindi

-- Mayın 29-da

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun 12 illik həbsi, general rütbəsinin alınması və əmlaklarının müsadirəsi barədə hökm qüvvəyə mindi.
 
Mayın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov sabiq general və onun tabeliyində işləmiş daha üç nəfərin - polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun apellyasiya şikayətinin təmin olunmadığını elan edib. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin sabiq MTN-çilər barəsində hökmü qüvvədə saxlanılıb.
 
Təqsirləndirilən şəxslərlə yanaşı, MTN-çilərin əməllərindən zərərçəkənlərin bir neçəsi də hökmdən narazı qalıb apellyasiya şikayəti vermişdi. Onlar vaxtilə zorla əllərindən alındığını iddia etdikləri əmlaklarının geri qaytarılmasını və Çovdarovun cəzasının daha da ağırlaşdırılmasını tələb edirdilər. Apellyasiya məhkəməsi zərərçəkmişlərin də şikayətini təmin etməyib.
 
Xatırlatma
A.Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunublar.
 
Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.
 
Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə A.Çovdarov 12, S.Məmmədov 11, A.Əliyev 5, O.Osmanov isə 4 il azadlıqdan məhrum edilib. Onlara uzunmüddətli həbs cəzası verilməklə yanaşı, hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar da çıxarılıb.
 
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru