Ölkədə qarpız qıtlığı və bahalığının səbəbləri bilindi

Ölkədə qarpız qıtlığı və bahalığının səbəbləri bilindi

İyulun sonları olmasına baxmayaraq, bazarlarda qarpız böhranı yaşanmaqdadır. Bunu ekspertlər də təsdiqləyir. İstənilən bazarda az halda piştaxtalarda qarpız satıldığının şahidi oluruq, qiymət isə bahadır.
 
Fermerlərə görə, qarpız böhranının iki səbəbi var: birincisi odur ki, ötən ilə nisbətən bu il qarpız tarlaları az olub, səbəb də ərazilərdə daha çox pambıq əkilməsidir. İkinci səbəb isə son vaxtlarda havaların kəskin istiləşməsi ilə bağlıdır. Belə ki, qarpız tarlalarına azot gübrəsinin normadan artıq vurulması və kəskin istilərin olması tarlaları sıradan çıxardıb. Qarpız az olduğundan qiymət də qalxıb.
 
Bakıda hazırda bazarlarda, iri marketlərdə mövsümdə ən çox tələb olunan bostan bitkisi qarpızın bir kilosu 50-60 qəpikdən satılır. Əgər alıcı yaxşı qarpız istəyirsə, bu qiymət 1 - 1,5 manat olur. Halbuki ötən il bu vaxt qarpız 20-30- qəpikdən təklif edilirdi.
 
Bu ilə kimi bazarlara qarpız məhsulu əsasən Sabirabad rayonundan gətirilirdi. İndi Sabirabad qarpızı da demək olar ki, “yoxa” çıxıb. Deyilənə görə, hətta bu rayonun özündə belə satılan qarpız məhsulunun böyük qismi başqa rayonlardan gətirilir. Araşdırmalar onu göstərir ki, hazırda bazarlara çıxarılan qarpız məhsulu əsasən Salyan rayonunun payına düşür.
 
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli problemi “Yeni Müsavat”a belə şərh elədi: “Burada bir çox faktorlar var ki, onlar bostan bitkilərinə təsir edib. İlk növbədə bildiyiniz kimi, bu ilin ilkin yaz dövrü kənd təsərrüfatı üçün əlverişli keçmədi, qeyri-sabit hava şəraiti müşahidə olundu. Sonra isə kəskin istilər başladı, bu da bostan sahələri məhsullarına ciddi təsir etdi. Həmçinin bu il su təminatı o qədər də yüksək səviyyədə olmayıb, yerlərdə bostan bitkiləri əkən fermerlərin dediyinə görə, bəzi sahələr yanıb. Hətta bəziləri deyir ki, sahələr yandığından azacıq da olsa məhsul götürə bilməyiblər. Vaxtında suvarma imkanı olmadığı üçün sahələrdə yanma, tağların az bar verməsi müşahidə edilir. Digər səbəb odur ki, 2018-ci ildən bəri konkret qarpız əkini azalıb. Bu il ölkədə texniki bitkilərin əkin sahəsi bostan məhsullarının hesabına artırılıb. Pambığın birdən-birə 130 min hektara çatdırılmasında bostan sahələri aktiv rol oynayıb, nəticədə istehsalın həcmi aşağı düşüb. Son illərin statistik təhlilləri göstərir ki, qarpız-yemiş sahələri ildən-ilə azalır. Məsələn, 2008-ci ildə 22 min hektarda əkilmişdisə, 2016-ci ildə 18 min hektara düşüb, düzdü, məhsuldarlıq yüksəkdir - 180 sentiner. Demək ki, bostan əkininə marağın azalmasının digər səbəbləri də var. İki il ərzində qarpızın ümumi istehsal həcmi 364 min tondan 350 min tona enib. Bir məsələni də nəzərə alaq ki, hazırda bazarda satılan qarpız örtük altında yetişdirilən (parnik) qarpızdır. Bu cür qarpızlar açıq sahədə yetişdirilən qarpızdan fərqlənir. Bildiyiniz kimi, parnik məhsullarına müxtəlif dərmanlar vurulur. Beləliklə, biz qarpız məhsulunu əsasən avqust ayında görəcəyik”.
 
Ekspert yaxın vaxtlarda qarpız böhranının aradan qalxacağını bildirdi: “Bu, müvəqqəti böhrandır. Bir həftə, on gündən sonra açıq sahə qarpızı çıxacaq və bazarda qarpız məhsulu ilə bağlı vəziyyət stabilləşəcək. Azərbaycanda qarpız məhsulu verən rayon əsasən Sabirabaddır. Artıq bu rayonda qarpız yığımı başa çatıb. Halbuki bundan əvvəl Sabirabadda qarpız yığımı ilin ortasına qədər olurdu. Lakin indi bu boşluğu digər rayonlar doldurmağa çalışır. O biri rayonlarda da potensial o qədər də güclü olmadığından, bazarda boşluq yaranıb. Bunun üçün də gözləyirəm ki, avqustun əvvəlində açıq sahə qarpızının satışı başlayacaq və qiymətlər əvvəlki stabil vəziyyətə yaxınlaşacaq”.
 
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov mövzu ilə bağlı bunu dedi: “Son zamanlar sosial mediada bazarda qarpızın qiymətinin bahalaşması ciddi müzakirə olunmağa başlayıb. Bununla bağlı nazirliyə müraciətlərə, bizə ünvanlanan suallara cavab olaraq bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib - becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşması səbəblərinə gəldikdə, bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki, fermerlərin özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur - daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər, məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur. Amma bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir”. (musavat.com)

Google+ WhatsApp ok.ru