Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev deyib ki, hazırda “Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır.
 
Bu xidmətin yaradılması üzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: “Hazırda bu xidmətin tətbiqi üçün proqram hazırlanır. İşlər tam yekunlaşandan sonra bunun hansı formada tətbiq ediləcəyi barədə məlumat veriləcək”.
 
Şöbə müdiri vurğulayıb ki, ölkədə tibbi şəhadətnamənin kağız forması da ləğv ediləcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı da müzakirələr gedir: “Bununla bağlı hazırda Ədliyyə Nazirliyi və "ASAN Xidmət"lə birgə iş aparılır. Bu gün uşaq doğulandan sonra valideyn Forma 103-ü kağız formada "ASAN xidmət"ə təqdim edərək doğum haqqında şəhadətnamə alır. Artıq kağızı "ASAN xidmət"ə aparmağa ehtiyac qalmayacaq. Bazada uşaq barədə bütün müvafiq məlumatlar olacaq və valideynlər heç bir kağız təqdim etmədən doğum haqqında şəhadətnaməni "ASAN xidmət"dən əldə edəcəklər”.

Google+ WhatsApp ok.ru