ÖMÜR SƏRMAYƏSİ VƏ QİYAMƏT HƏSRƏTİ

ÖMÜR SƏRMAYƏSİ VƏ QİYAMƏT HƏSRƏTİ

İnsan övladının bu dünyada həyatı məhdud olduğundan, ömür sərmayəsindən elə bəhrələnməlidir ki, qiyamət günü həsrət içində od tutub yanmasın. Mövla Əmirəlmöminin Əli (ə) ömür sərmayəsi haqda belə buyurur:

اِنَّ اَوْقاتِکَ اَجْزاءُ عُمْرِکَ، فَلا تُنْفِدْلَکَ وَقْتاً اِلاّ فیما یُنْجیکَ

“Həqiqətən, sənin ovqatın ömrünün hissələridir. Elə isə, vaxtını yalnız nicat və qurtuluşuna səbəb olacaq işlərə sərf et!” (“Şərhi qurərul-hikəm”, Amudi, 2-ci cild, səh.607.)

Şübhəsiz, ömrü boyu öz mənəvi yolunu tərsim edən fürsətlərlə üzləşməyən bir kəs yoxdur. Mənəviyyat sahəsində o insan müvəffəqdir ki, mübarək Ramazan ayı, “Qədr gecələri”, Məhərrəm ayı, “Əyyami-Fatimiyyə” (Fatimiyyə günləri), Əhli-beytin (ə) mövlud və şəhadət günləri, cümə, “Ərəfə” və digər əlamətdar islami günlər kimi mənəvi fürsətlərdən layiqincə bəhrələnsin, özünü məxsus aylar və günlərin mənəvi nəsimlərinə tuşlasın. İslam Peyğəmbərindən (ə) nəql olunan şərif bir hədisdə belə oxuyuruq:

اِنَّ لِرَبِّکُمْ فی اَیّامِ دَهْرِکُمْ نَفَحاتٍ اَلا فَتَعَرَّضُوا لَها

“Həqiqətən, sizin həyat günlərinizdə Rəbbinizin həyatbəxş nəisiminə şamil olacağınız anlar (münasib fürsətlər) vardır. Çalışın ki, özünüzü ilahi nəsimlərə tuşlayın.” (“Muhəccətul-bəyza”, 5-ci cild, səh.15.)

Elə buna görə də, İslamda ömür sərmayəsindən layiqincə bəhrələnmək və doğru-düzgün proqram üzrə hərəkət etməyə xüsusi əhəmiyyət verilir. Əmirəlmöminin Əli (ə) buyurur:

لِلْمُؤْمِنِ ثَلاثُ ساعاتٍ: فَساعَةٌ يُناجِي فِيها رَبَّهُ وَ ساعَةٌ يَرُمُّ مَعاشَهُ وَ ساعَةٌ يُخَلِّي بّيْنَ نَفْسِهِ وَ بَيْنَ لَذَّتِهِ فِيما يَحِلُّ وَ يَجْمُلُ

“Mömin öz həyatını üç qismə bölməlidir: bir qismini Allahla raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə halal və bəyənilən ləzzətlərə həsr etməlidir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)

Şübhəsiz, bu dünyada ömür sərmayəsini Allahla rabitə və münacata, Onun razılığı yolunda addımlamağa həsr edən möminlər o dünyada – qiyamət günündə başıuca olacaq, ömrünü boş-boşüna sərf edənlərə isə, etina və yardım edən tapılmayacaq, belələrinin həsrət və qəm-qüssədən başqa bir halı olmayacaq. Qurani-Kərimin “Fatir” surəsinin 37-ci ayəsində ömür sərmayəsini bihudə işlərə sərf edən və axirətə azuqə toplamayanlar haqqında belə buyurulur:

وَ هُمْ يَصْطَرِخُونَ فيها رَبَّنا أَخْرِجْنا نَعْمَلْ صالِحاً غَيْرَ الَّذي كُنَّا نَعْمَلُ أَ وَ لَمْ نُعَمِّرْكُمْ‏ ما يَتَذَكَّرُ فيهِ مَنْ تَذَكَّرَ وَ جاءَكُمُ النَّذيرُ فَذُوقُوا فَما لِلظَّالِمينَ مِنْ نَصيرٍ

Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq: “Qiyamət günü Allahın bəndələrinin üzünə ömrünün 24 saatdan ibarət hər bir gününün müqabilində 24 sandıqça açılar. Sandıqça açıldıqda, sahibi onun nur və şadlıqla dolu olduğunu görüb sevinər və hətta onun sevincini cəhənnəm əhli arasında bölüşsələr, heyrətdən cəhənnəm odunun acısını hiss etməzlər. Bu sandıqça, həmin şəxsin Rəbbinə itaət etdiyi saatlardan ibarətdir. Sonra qara, qorxulu və pisqoxulu başqa bir sandıqçanı gətirərlər. Sahibi onu görcək, elə qorxar, elə ah-nalə edər ki, əgər onu behişt əhli arasında bölüşsələr, behişt nemətləri belə, onlara xoş gəlməz. Bu sandıqça sahibinin dünyada günah və çirkinliklərə qurşandığı saatlardan ibarətdir. Növbəti sandıqça açıldıqda, sahibi onun boş olduğunu görər və nə sevinər, nə də qəmlənər. Bu isə, onun dünyada yuxuda olduğu və mübah işlərlə məşğul olduğu saatlardan ibarətdir. Bu zaman sandıqçanın sahibi həmin anları əldən verdiyi üçün təəssüflənər və peşman olar, bir halda ki, onu vəsfolunmaz dərəcədə yaxşılıqlar və xeyirxahlıqlarla doldura bilərdi. Budur Qurani-Kərimin “Zalikə yəvmut-təğabun” ayəsinin mənası! – Məhz o gün qarşılıqlı aldanma (və həsrət) günüdür!” (“Təğabun” surəsi, ayə 9; “İddətud-dai və nəcahus-sai”, səh.113.)

Bəzən insan peşmançılıq və həsrət hissi ilə özünü bu sayaq sualların qarşısında görür: “Nə üçün fürsətlərdən layiqincə istifadə etmədim? Nə üçün vaxtım olduğu halda, yaxşı dərs oxumadım? Nə üçün vaxtında ayılmadım? Nə üçün və nə üçünlərin sayı artdıqca, peşmançılıq və həsrət hissi daha da alovlanmağa başlayır. Bu dünyada ömür sərmayəsini Allahla rabitəyə sərf etməyən insan peşman olacaq, həsrət içində alovlanacaq. Bəli, insan ömür sərmayəsindən layiqincə bəhrələnməzsə, qiyamət günü həsrət içində od tutub yanacaq!!!

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru