Ötən il 60 minə yaxın vətəndaşımız ölüb

Ötən il 60 minə yaxın vətəndaşımız ölüb

-- Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib

Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatıb.
 
Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
 
Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.
 
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edib. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
 
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərmiş və hər 1000 kişiyə 1004 qadın düşüb.
 
Ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
 
2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
 
2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

 

Google+ WhatsApp ok.ru