Özbəkistanda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib

Özbəkistanda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib

 
Özbəkistanda keçirilən "Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib.
 
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Özbəkistanın Margilan şəhərində "Atlas Festivalı" keçirilib.
 
Festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilanın ipəkdən hazırlanmış parçalar, milli geyimlər nümayiş olunub.
 
Tədbir çərçivəsində Özbəkistanın ipəkçilik ənənəsi, bu sahədə Özbəkistanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş konfrans keçirilib, müxtəlif dizaynda hazırlanmış Özbək ipəkləri sərgilənib.
 
Sentyabrın 8-də Margilan şəhər Mərkəzi parkında festivalın rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Margilan şəhər hakimi Şavkat Erkabaev Özbəkistanda ipəkçilik sahəsində böyük ənənələrin olduğunu və ipək istehsalında Fərqanə vilayətinin Margilan şəhərinin ipəyinin bütün dünyada məşhur olduğunu qeyd edib. Şəhər hakimi bu cür tədbirlərin ipəkçilik sahəsinin inkişafına öz töhvəsini verdiyini və Margilanda ipək istehsalı sahəsində yüzlərlə insanın çalışdığını, ölkənin təbliği ilə yanaşı, Özbəkistana gəlir gətirdiyini qeyd edib. O, tədbirin təşkilində dəstəyə görə YUNESKO-nun Özbəkistan təmsilçiliyinə öz təşəkkürünü bildirib.
 
YUNESKO-nun Özbəkistan təmsilçisi xanım Krista Pikat Margilan ipəyinin, adrasının öz gözəlliyi və zərifliyi ilə dünyada seçildiyini, yerli əhalinin əsas məşğuliyyəti olan ipəkçiliyin diqqətəlayiq sənət olduğunu söyləyib. O, Özbəkistan dövlətinin ipəkçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
 
Daha sonra Margilandakı Sənətkarlar Mərkəzində sərginin rəsmi açılışı olub.
 
Festival çərçivəsində Özbək dizaynerləri tərəfindən adrasdan hazırladığı geyimlərin moda sərgisi keçirilib.
 
Atlas Festivalında Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib.
 
Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanmış Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub. (trend) /

Google+ WhatsApp ok.ru