ÖZÜNÜİSLAHDA İLK ADDIM – DİL VƏ DANIŞIQ

Rza Şükürlü

ÖZÜNÜİSLAHDA İLK ADDIM – DİL VƏ DANIŞIQ


Əxlaqi bəhslərdə dil və danışıq qəlbin aynası, əqlin nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruha açılan mühüm qapı kimi yüksək əhəmiyyət daşıyır. Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə və hisslər) dil və danışıqda aşkar olur. Əgər keçmişdə təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixoloji gərginlikləri insanların danışıqlarında arayıb-axtarırlar! Əxlaq alimləri də məhz dil və danışığın islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi təkamül, fəzilət və əxlaqi səciyyə hesab edirlər. Əhli-beytdən (ə) nəql olunan hədislərdə də bu mövzu qısa və diqqəti cəlb edən təbirlərlə açıqlanır. İmam Əli (ə) buyurur:
اَلْمَرءُ مَخْبُوءٌ تَحْتَ لِسانِهِ
“İnsan dilinin altında gizlənib!” (“Nəhcül-bəlağə”, “qısa kəlamlar” 148.)
 
İmam Sadiq (ə) buyurur:
لا يَسْتَقِيمُ اِيمانُ عَبْدٍ حَتّى يَسْتَقْيمَ قَلْبُهُ، وَ لا يَسْتَقِيمُ قَلْبُهُ حَتّى يَسْتَقِيمَ لِسانُِهُ
“Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!” (“Biharül-ənvar”, 75-ci cild, səh.262.)
 
DİLDƏN ÇIXAN OTUZ GÜNAH VƏ XƏTA
 
Mərhum Feyz Kaşani “Məhəccətül-beyza”da, Qəzali isə “Ehyaül-ülum” kitabında “dilin xətaları” ünvanı ilə geniş mövzu açmışlar. Məsələn, Qəzali dildən çıxan iyirmi xətanı qeydə almışdır ki, bunlardan ibarətdir: 1. İnsana aid olmayan işlər haqda danışmaq; 2. çox və yersiz danışmaq; 3. azğın işlərdən söhbət açmaq, məsələn, şərab, qumar və əxlaqsız qadın məclislərini vəsf etmək; 4. mübahisəni qızışdırmaq, başqalarını təhqir etmək, yaxud öz üstün cəhətlərini dilə gətirərək ətrafındakıları alçaltmaq; 5. çəkişmə, mücadilə və inadkarlıq; 6. sözdə fəndişlətmə, qafiyəbazlıq və s. 7. söyüş söymək və tərbiyəsizlik; 8. lənət demək; 9. xanəndəlik və ədəbə zidd şeirlər söyləmək; 10. məcazi ifadələrdə ifrata varmaq; 11. istehza və masqara etmək; 12. başqalarının sirrini faş etmək; 13. yalan vəd vermək; 14. yalan danışmaq və and içmək; 15. qeybət; 16. xəbərçilik; 17. ikiüzlülük; 18. yersiz tərif; 19. danışığa diqqət yetirməmək və dil ilə xəta və günahlara yol vermək; 20. başa düşmədiyi mövzular haqda kor-koranə suallar vermək.
 
Bildiririk ki, dilin afət və azğınlıqları Qəzalinin qeyd etdiklərilə bitmir və verilənlər dilin xətalarının qabarıq nümunələridir. Məsələn, onlara aşağıdakıları da əlavə etmək olar:
1. Töhmət; 2. nahaq şəhadət vermək; 3. özünü tərifləmək; 4. yalan və əsassız şayiələr yaymaq; 5. kobudluq; 6. hər şeyə israrla yanaşmaq; 7. dil və sözlə başqalarını incitmək; 8. məzəmmətə layiq olmayan şəxsi danlamaq; 9. dillə nemətə nankor olmaq; 10. əyri işlərə cəlb etmək və günaha təşviq.
 
Əlbəttə, qeyd etdiklərimizin bəziləri başqa birisi ilə uyğun gələ bilər. (Məsələn, yalan vədi və nahaq şəhədati yalanın qismindən hesab etmək olar.) Eləcə də, bəziləri təkcə dilə məxsus deyil. (Məsələn, qeybət, mömini incitmək, nemətə nankor olmaq və s. günahlar həm dil, həm də dildən başqa üzvlər vasitəsilə də baş verir.)
 
SÜKUT
 
Əxlaq ustadları dilin azad buraxılması nəticəsində üz verən təhlükələri nəzərə alıb, danışmağın zəruri olduğu yerləri müstəsna etməklə sükutu böyük və ağır təhlüklərin qarşısını alan amil saymışlar. Peyğəmbər (s) və imamlardan (ə) nəql olunan bir çox rəvayətlərdə sükutun əhəmiyyəti haqda gözəl məsləhətlər verilir. Məhz bəzi ariflər də nəfsin saflaşdırılmasına elə buradan başlamışlar. Bir də ki, sükut insanı təfəkkürə, mənəviyyata və daxili saflığa sövq edir. Allahın peyğəmbəri Zəkəriyyanın sərgüzəştində oxuyuruq ki, üç gün sükut orucu tutmaqla Allah dərgahında duası qəbul olur. Quranda belə buyurulur:
قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا 
“Zəkəriyya dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!” Allah buyurdu: “Əlamətin odur ki, sağlam ikən üç gün-üç gecə insanlarla danışa bilməzsən.” (“Məryəm” surəsi, ayə 10.)
 
Biz başqa bir ayədə də Məryəmə sükut orucu tutmaq göstərişi verildiyinin şahidiyik. Belə ki, buyurulur:
فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا 
“De: Mən rəhman olan Allah üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm və bu gün heç kimlə danışmayacağam.” (“Məryəm” surəsi, ayə 26.)
 
İslam Peyğəmbəri (s) də hər dəfə vəhy nazil olmazdan qabaq neçə gün ardıcıl “Hira” dağında sükuta qərq olar və yaradılışın sirləri haqda düşünərdi.
Sükutun faydalarına dair qısa şəkildə aşağıdakıları misal göstərmək olar:
1. Sükut insanı bir çox günahlardan qoruyur. Peyğəmbər (s) buyurur:
 مَنْ صَمَتَ نَجا
“Sükut edən nicat tapar (başqa sözlə, qurtuluş susanındır).” (“Biharül-ənvar”, 77-ci cild, səh.88.)
 
Bunun səbəbi aydındır. Çünki xəta və günahların çoxu dil vasitəsilə baş verir. Yenə o həzrət buyurur:
اِنَّ اَكْثَرَ خَطايَا ابْنِ آدَمَ فِي لِسانِهِ
“İnsanın əksər xəta və səhvləri dilindədir.”
 
2. Sükut insanı mənəvi həyat mənbəyi olan təfəkkür və düşüncəyə sövq edir. Peyğəmbər (s) buyurur:
اِذا رَأيْتُمُ الْمُؤْمِنَ صَمُوتاً وَ قُوراً فَادْنُوا مِنْهُ فَاِنَّهُ يُلْقِي الْحِكْمَةَ
“Sükut içində olan vüqarlı mömini gördükdə, onunla əlaqə saxlayın ki, dilindən hikmət yağar!” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.194-195.)
 
3. Sükut ibadətdə də böyük rol oynayır. Bir hədisdə buyurulur:
 اَلْعِبادَةُ عَشَرَةُ اَجْزاءٍ تسْعَةٌ مِنْها فِي الصَّمْتِ
“İbadət on qisimdir, onun doqquzu sükutdadır.” (“Məhəccətül-beyza”, 5-ci cild, səh.196.)
 
Qeyd etməliyik ki, burada sükut heç kimlə danışmamaq, bir guşəyə çəkilib fərdi həyat tərzi keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi günahlardan qorunmaqdır. İnsan bu günahlardan çəkinməklə, sağlam əhval-ruhiyyə ilə yanaşı fəzilət də qazanmış olur. Amma danışmağın zəruri olduğu yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini, gücsüzlüyünü, Allahdan başqasından qorxusunu göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək), təlim-tərbiyə və s. dilin imkanlarındandır.
 

Google+ WhatsApp ok.ru