`Üzən manatmı`, yoxsa...

`Üzən manatmı`, yoxsa...

"Marja.az"da "Manatı üzdürək, ya yox?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Türkiyə və Rusiyanın milli valyutalarının kəskin ucuzlaşması ilə Azərbaycanda yenidən devalvasiya və ya manatın ucuzlaşacağı mövzusunun gündəmin əsas məsələsinə döndüyünü bildirir.
 
Müəllif deyir ki, bir çoxları manatın mərhələli şəkildə ucuzlaşdırılmasının vaxtının keçdiyi, bir çoxları isə Azərbaycanın tədiyyə balansında profisit (ölkəyə daxil olan valyuta, çıxan valyutanı üstələyir) , o cümlədən xarici ticarət əməliyyatlrında müsbət saldo (ümumi ixrac ümumi idxalı üstələyir) olduğundan manatın ucuzlaşdırılmayacağı iddiasındadırlar.
 
Müəllifə görə, devalvasiya adətən iki məqsəd üçün xarici ticarət kəsirinin azaldılması və ixracın təşviqi və yerli istehsalçıların xarici bazarlarda rəqabət gücünün artırılması üçün edilir.
 
Yazıda deyilir ki, Azərbaycanın xarici ticarətdə kəsiri yoxdur və Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul ayları ərzində idxal əməliyyatları üzrə 5 milyard 776 milyon ABŞ dolları, ixrac əməliyyatları üzrə 10 milyard 748 milyon ABŞ dolları ticarət qeydə alınıb".
 
Müəllif vurğulayır ki, müsbət saldo 4 milyard 972 milyon dollar olub (və ya ümumi ixrac ümumi idxalı 4 milyard 972 milyon dollar üstələyib).
 
Müəllif deyir ki, bahalaşan neftin hesabına Azərbaycanın tədiyyə balansı da profisitlidir. Belə ki, cari ilin ilk rübündə Azərbaycanın tədiyyə balansında 1,1 milyard dollar profisit mövcud idi: "Tədiyə balansına və xarici ticarətə baxdıqda manatın ucuzlaşdırılmasına ehtiyac olmadığı görünür, çünki kəsir mövcud deyil".
 
Amma müəllif iddia edir ki, profisitə çox da sevinmək lazım deyil, çünki bu profisit şaxələnmiş qeyri-neft sektorunun yox, yüksək neft qiymətinin hesabına yaranıb və qiymətlərin qəfil enişi ölkədə çətin iqtisadi durum yaradar.
 
Yazı müəllifi xatırladır ki, 2015-ci ildəki devalvasiyalara qədər də vəziyyət indikinə bənzər idi, yəni, manatın məzənnəsi sabit idi, neftin qiyməti yüksəkdi, amma iki devalvasiya baş verdi.
 
Müəllifə görə, istehsal və ixracın təşviqi yollarından biri də milli valyutanın ucuzlaşdırılmasıdır, bəzi hallarda milli valyutanın sabit məzənnədə olması, dövlətin yerli istehsalçılara dəstəyinin faydasını azalda bilər, həm də milli valyutası dollara nisbətdə ucuzlaşan ölkələrin istehsalçıları xarici bazarlarda daha rəqabətə davamlı olurlar, sabit valyutaya malik ölkələr isə xarici bazarları itirirlər.
 
Müəllif iddia edir ki, Azərbaycan şirkətlərinin xarici bazarlarda uduzduqlarına dair işarələr də var və onlar ixraca elə də maraq göstərmirlər.
 
Məqalə müəllifi hesab edir ki, Azərbaycan neft profisitinə arxayınlaşıb ixracı arxa plana keçirməməlidir: "Həqiqətən ehtiyac varsa, məzənnənin müəyyən dəhliz çərçivəsində yüksəltməkdən qorxmamalı, hökumətin təşviqlərinə bu yolla da dəstək verilməlidir. Əks halda, böyük məbləğdə valyuta gəlirləri əldə edən şirkətlərimiz olmayacaqdır".
 
Amma müəllif həm də sual edir ki, yüksək neft qiymətinə arxayın olaraq manatın məzənnəsini nə zamana kimi sabit saxlamaq olar: "Daima neft qiymətlərinin yüksək qalmasına dua edib, xarici biznesləri maliyyələşdirəcəyik?! Öz istehsalımızı və ixracımızı nə vaxt artıracağıq? Əgər sabit məzənnə qeyri-neft ixracı üçün risk yaradırsa buna göz yumulmalıdır?".
 
Müəllif deyir ki, Mərkəzi Bank artıq risklərin mövcud olduğunu bəyan edərək hökumətə tələsmək çağırışı edib, hökumət daha təsirli addımlar ataraq qeyri-neft ixracının ciddi artımına nail olmalı və bazara yeni valyuta satıcıları daxil olmalıdır: "Belə olan vəziyyətdə manat tam üzən məzənnədə ola bilər. Əks halda, uzun illər adı idarə olunan üzən məzənnə, əslində isə sabit olan rejimdə qalmalı olacağıq. Amma bu da risklidir. Kim zəmanət verə bilər ki, bir daha sabah neft ucuzlaşmayacaq? Bu, bir il və ya üç il sonra da baş verə bilər".
 
Müəllifə görə, bu səbəbdən bir daha böhran yaşamamaq üçün itki verməli olsaq da yavaş-yavaş üzən məzənnə rejiminə keçərək bu rejimə öyrəşməliyik.
 
Azərbaycana turist axını da manatın ucuzalaşdırılmasını tələb edir. Xarici valyuta ilə ölkəmizə gələn qonaq manat ilə ifadədə daha çox xərcləyə bilir.
 
Müəllif iddia edir ki, ölkədə yenidən idxal iqtisadiyyatına çevrilmək thlükəsi var, cəsarətli addımlar atmağın isə vaxtı keçir : "Bu hazırlıq zamanı, "neft-qaz yoxsa, qeyri-neft sektoru?", "sabit məzənnə, yoxsa üzən məzənnə rejimi?" suallarına ən doğru cavabı ortalığa qoymalıyıq. "Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal" vəziyyətindəyik. Bığdan, yoxsa saqqaldan qurban verəcəyimizi seçməliyik".
 

Google+ WhatsApp ok.ru