Üzən məzənnə müəmması: keçək, ya keçməyək?

Üzən məzənnə müəmması: keçək, ya keçməyək?

"Novoye Vremya" qəzetində "Mərkəzi Bank (MB) yenə də "üzən məzənnə" ilə qorxudur" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycan manatının 2020-ci ildə tam "üzən məzənnə" rejiminə keçəcəyini, bu keçidin ehtimal edilən nəticələrini və ölkənin buna hazır olmadığı iddiasını müzakirə müstəvisinə gətirir.
 
Yazı müəllifi bu məsələnin aktuallığını 2016-cı ilin sonunda imzalanmış ölkə iqtisadiyyatı sahələrinin inkişafının əsaslarını təşkil edən "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulması ilə izah edir.
 
Məqalə müəllifi deyir ki, İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi (İİKM) 2017-ci ildə "Azərbaycan Respublikası Strateji Yol xəritəsi"nin yerinə yetirilməsi ilə bağlı monitorinq və dəyərləndirmə keçirib.
 
Bu monitorinqə görə, MB strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin 69%-ni icra edib: " 2020-ci ildən Azərbaycan "tam üzən məzənnə" rejiminə keçəcək, bu barədə İİKM-in monitorinqinin nəticələrində deyilir".
 
Yazı müəllifi vurğulayır ki, İİKM-nin hesabatına görə, 2020-ci ildə "tam üzən məzənnə"yə keçə bilmək üçün MB yerinə yetirməli olduğu işləri bu il başa vurmalı və keçidi təmin etməlidir.
 
Müəllif deyir ki, bu məsələyə münasibətdə iki baxış yaşanır, belə ki, iki il öncə MB manatın "üzən məzənnə"yə keçdiyini elan etdi, amma bir sıra ekspertlər Azərbaycanın buna hazır olmadığı iddiasını ortaya qoydular.
 
Müəllif isə dünya təcrübəsinə istinadən deyir ki, səmərəli üzən məzənnə ancaq sənaye inkişafına malik ölkələrdə olur, burada ixracın əsasını istehsal məhsulları tutur: "Bütün dünya ölkələrinin ancaq 34%-i "üzən valyuta məzənnə rejimi" müəyyən edib. Bu, 65 ölkə deməkdir ki, bunun da ancaq 29-u tam üzən məzənnə rejimindədir və buraya müdaxilə ancaq xüsusi hallarda ola bilər. 36 ölkə "üzən məzənnə" rejimindədir ki, pulun dəyəri bazarın tələb-təklifinə əsaslanır.
 
Avrozonanın ancaq 17 ölkəsi sərbəst "üzən məzənnə" rejiminə keçib.
 
Müəllif deyir ki, Azərbaycanın fəxr edəcəyi inkişaf etmiş istehsalı yoxdur və bu gün ölkədə müşahidə edilən "sərbəst üzən məzənnə" deyil və manatı "üzdə" saxlaya bilmək üçün Neft Fondu hərraclarda 300-350 milyon dollar satır və il ərzində buna 4 milyard dollar xərclənir.
 
Yazı müəllifi deyir ki, bu il Neft Fondu MB-a 5,5 milyard dollar (9 milyard manat) ödəniş etməlidir.
 
Məqalədə vurğulanır ki, Azərbaycanda valyuta bazarı olmadığı kimi, qiymtəli kağızlar bazarı da yoxdur, valyuta hərraclarında iştirakçı olan 20-25 bankı valyuta bazarının tam hüquqlü oyunçuları saymaq çətindir və odur ki, ölkədə məzənnə üzən yox, "inzibati"dir.
 
Müəllif iddia edir ki, "tam üzən məzənnə" rejimi bu sahədə təlatüm, çalxalanmalara, valyuta bazarında məzənnə sıçrayışına, möhtəkirliyə yol açacaq.
 
Müəllif deyir ki, qarşıda hələ ki, iki il var, amma ondan sonra iqtisadiyyatın və manatın taleyinin necə olacağı naməlum qalır. (contact.az)
 

Google+ WhatsApp ok.ru