Üçüncü devalvasiya belə...

Üçüncü devalvasiya belə...

«Exo» qəzetində «Üçüncü devalvasiya belə, Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətləri dəyişə bilməz» sərlövhəli məqalə oxumaq olar.
 
Ekspert Nüsrət İbrahimli daşınmaz əmlak bazarı ilə bağlı mövcud vəziyyəti qəzetə belə dəyərləndirib:
«Azərbaycanda hətta manatın növbəti devalvasiyası baş versə belə, bu, daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsinə səbəb olmayacaq. Çünki istər ilkin, istərsə də təkrar bazarda mənzillərin dəyəri minimal həddədir».
 
Ekspert deyib ki, Azərbaycanın daşınmaz əmlak bazarı heç də yaxşı dövrünü yaşamır. Onun fikrincə, bu vəziyyət 2008-2009-cu illərdəki böhran dövründən fərqlidir:
«Mənzil qıtlığı dövrü qurtarıb, indi bu bazar məhdud ödəniş qabiliyyətli tələb və həddən artıq təklif böhranı yaşayır. Get-gedə aydın olan budur ki, bu müvəqqəti hal yox, uzunmüddətli tendensiyadır».
 
N.İbrahimli hesab edir ki, neft sektoru milli iqtisadiyyatın lokomotividir. Qeyri-neft sektoru xəzinəyə əhəmiyyətli dərəcədə dəstək verə bilmir.
Ekspert vurğulayıb ki, 2015-ci ildən Azərbaycanda mənzil qiyməti təkcə ikinci bazarda yox, ilkin bazarda da enməyə başlayıb. Buna səbəb isə yürüdülən pul-maliyyə siyasətidir:
«Davam edən böhran, Mərkəzi Bankın inflyasiyaya ilə mübarizə apara bilmək üçün ölkədə pul kütləsini azaltması bu durumu yaradıb. Bu da nəticə etibarilə gəlirlərin azalmasına, əhalinin kasıblaşmasına, mənzilə tələbatın azalmasına gətirib çıxarıb. Aydındır ki, mənzil şəraitini yaxşılaşdırmaq üçün sadə vətəndaşın pulu yoxdur».
 
N.İbrahimli deyib ki, ancaq bundan sonra mənzil bazarında qiymətlərin enməsi müşahidə edilməyəcək. Çünki tikintinin maya dəyəri ilbəil bahalaşır... /

Google+ WhatsApp ok.ru