İBRƏT GÖTÜRƏN QƏLB... (2)

İBRƏT GÖTÜRƏN QƏLB... (2)

-- Qəlbini ölümü xatırlamaqla zəlil et

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində “qəlb” haqqında danışaraq buyurur:

وَذَلِّلْهُ بِذِكْرِ الْمَوْتِ، وَقَرِّرْهُ بِالْفَناءِ وَأَسْكِنْهُ بِالْخَشْيَةِ، وَأَشْعِرْهُ بِالصَّبْرِ، وَبَصِّرْهُ فَجائِعَ الدُّنْيا وَحَذَّرْهُ صَوْلَةَ الدَّهْرِ، وَفُحْشَ تَقَلُّبِهِ، وَ تَقَلُّبَ الْلَّيالى وَالأَْيَّامِ.

“(Ey oğlum!) Qəlbini ölümü xatırlamaqla zəlil et, ona fənalığı etiraf etdir, onu Allah xofu ilə aram et, ona səbir libası geyindir, dünya faciələrini göstər, onu dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır.”[1]

İnsan müxtəlif yönlərə malik bir varlıq olub, ruh və bədəndən ibarətdir. Ruhun da özünəməxsus keyfiyyətləri vardır. İnsana “dərk etmək”, “tanımaq”, “sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir. İnsana aid edilənləri isə üç hissəyə bölmək olar:

a) Bədənə aid olanlar; məsələn, əzələlər və sinirlər vasitəsilə icra olan hərəkətlər. Bu işlər çox vaxt ona görə ruha aid edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da, əməl bədəndə zahir olur.

b) Agahlıq, tanıma, bilmə, anlama kimi keyfiyyətlər; olsun ki, “elm” kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və “hüsuli” olan bu bilikləri ruhumuza aid edirik.

c) Digər bir qrupu meyillər və hisslər təşkil edir. Məsələn: qorxu, ümid, məhəbbət, eşq, kin, şadlıq, hüzn və s. Bu qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak yolu ilə gerçəkləşir. Məsələn, qorxu elm deyil. Amma idrak gücü ilə həyata keçir. Yəni insan qorxduğu vaxt bilir ki, qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın da mərtəbələri var. Amma bütün mərtəbələrdə idrak rol oynayır.

Beləcə, deyə bilərik ki, ruha aid olan işlər baxış və münasibətdən, meyillərdən və ruhun bədəndə hərəkətə gətirdiyi rəftarlardan ibarətdir. Bu rəftarların qəlbə aidiyyatı yoxdur. Qəlbin bədəni inkişaf etdirməsi barədə nə ayə, nə də rəvayət vardır. Bədəndə baş verənlər ruha aid edilir. Amma münasibətlər və meyillər qəlbə aiddir. Qurani-Kərimdə “qəlb nə gördüsə, doğru gördü”[2], buyurulur. Bu şühudi, hüzuri, batini bir elmdir. Demək, qəlb elmə malikdir. İmam Əli (ə) “qəlb Allahı görür”[3], buyurur. Qəlbin bu elmi, biliyi hüzuri və şühudi elmdir.

Amma meyillərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad yoxdur. Qurani-Kərimdə belə işlərin qəlbə aid edilməsi ilə tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim şaddır” kimi sözlər çox işlənir. Beləcə, qəlb iki fərqli cəhətə və yönə malikdir: Elm və idrak yönü; Meyl və istək yönü. Bilik və tanıma kimi işlər qəlbə aid edildiyi kimi, məhəbbət və nifrət kimi meyillər də ona ünvanlanır. Əlbəttə ki, meyillər də öz növbəsində iki qismə bölünür. Meyillərin bir qismi Allaha, digər qismi şeytana istiqamətlənir. Yəni qəlbdə həm ilahi, həm də heyvani-şeytani meyillər ola bilər. Heyvani istəklər qələbə çaldıqda qəlb coşur, heç vəchlə cilovlanmır. O, tüğyan qopararaq xam at kimi öz sahibini yerə çırpır. Heyvani istəklər, məqampərəstlik, cinsi ehtiras elə tüğyan qopara bilər ki, onları cilovlamaq mümkünsüz olar. Xam ata süvar olmaq necə çətindirsə, coşmuş qəlblə də sağlam həyat tərzi yaşamaq müşküldür. Bəs bu at necə cilovlanmalıdır? Tüğyan qoparmış qəlbi necə ram etmək olar?

Əgər nəfs və ya qəlb heyvani meyillər hesabına tüğyan qopararsa, onu ram etmək çətin olar. İnsanı özbaşına nəfsin bəlasından yalnız ölüm haqqında düşüncələr xilas edə bilər. Qəlbini ölüm haqqında düşüncələrlə sığallayan insan onu sakitləşdirər, ram edər. İnsan ölümü xatırlamalı, ömrün sona yetəcəyi barədə düşünməli, bugünkü gücünə uymamalıdır. Ölüm fikri insanı üsyankar halətdən uzaqlaşdırır, qəlb aramlıq tapır. Bütün deyilənlər imam Əlinin (ə) “Qəlbini ölümü xatırlamaqla zəlil et” – buyruğunun mahiyyətini açıqlayır.

Qəlbdə ölüm fikrini gücləndirmək üçün ona əbədi yaşamayacağını, bir gün öləcəyini, fəna olacağını daim xatırlatmaq lazımdır. Ona görə də Həzrət (ə) sözünün davamında “Ona fəna olacağını etiraf etdir” – deyə buyurur.

ARXAYIN (“MÜTMƏİN”) QƏLB

Yaxşı bilirik ki, hətta ram olmuş at da bəzən süvarini narahat edir. Yəni cilovu süvarinin əlində olsa da, arabir şıltaqlıq edir. Demək, onu ram etdikdən sonra da iş qalır. Bu iş atı sakitləşdirmək, bir növ arxayınlaşdırmaqdan ibarətdir. İnsan da öz nəfsini ram etdikdən sonra onu sakitləşdirməlidir. Ona görə də imam Əli (ə) sözünə belə davam edir: “Qəlbini Allah xofu ilə arxayınlaşdır.” Ram olmuş at arabir süvarini narahat etdiyi kimi, ram olmuş nəfs də insanı narahat edə bilər. Demək, ram etməkdən əlavə, sakitləşdirmək də lazımdır. Qəlbə ölümü xatırlatmaqla onu cilovlamaq, sonra isə Allah xofu ilə sakitləşdirmək lazımdır. Yalnız bu işlərdən sonra arxayınlıq əldə edilir. Qəlbdə Allah xofu nə qədər çox olarsa, o bir o qədər arxayın, sabit qalar.

SƏBİR VƏ DÖZÜM

Qəlb qeyd olunan sifətlərə nail olduqdan sonra onun halını qorumaq lazım gəlir. İmam Əli (ə) öz vəsiyyətinin davamında qəlbi qorumaq yolunu göstərir: “Ona səbir libası geyindir.” Ərəbcə alt geyimi “işar”, üst geyimi isə “disar” adlanır. Üst-üstə libas geyinənə “muddəssir” deyilir. Həzrət (ə) “və əşirhu bis-səbri” buyurur. Alt geyimi bədənə yapışdığından Həzrət “əşirhu” kəlməsini işlədir. Yəni qəlbə yapışası bir geyim. Bu geyim səbrdir. Üst geyim bədənə boş oturduğundan, Həzrət (ə) alt geyimi nəzərdə tutur. Alt geyim bədənə yaxın olduğu kimi, səbir də qəlbə yaxın olmalıdır. İnsan istəyinə çatmadıqda, bəlaya düçar olduqda, xəstələndikdə, kasıblıqda, pis qonşudan əziyyət çəkdikdə iki cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara gəlmək, düzgün münasibət göstərməkdir. Çünki hər iki münasibət insanın özündən asılıdır. Özünü düzgün tərbiyə etmiş insan çətinliklər qarşısında səbirli olur. Amma yanlış tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır.

Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bəzən zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona gündəlik işlərin yerinə yetirilməsində mane olur. Həmin şəxs rahat görünsə də, zəif insanlar kimi daxildə narahat olur. Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli adam qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirir. Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan müvəffəqiyyət qazana bilmir. Yalnız daxilən aram olan adamlar öz imkanlarından düzgün istifadə etmək gücündədir. Çətinliklər qarşısında səbirli olmaq müvəffəqiyyət rəmzidir. Bu səbir üst paltar kimi (“disar”) zahiri olmamalı, alt paltar (“işar”) kimi cana yapışmalıdır.

EŞİTMƏK GÖRMƏK KİMİ OLARMI?

İmam Əli (ə) vəsiyyətnamənin davamında buyurur: “Qəlbinə dünya faciələrini göstər...” İnsan ölümü, dünyanın faniliyini dərindən hiss etmək üçün yer üzündə baş verən faciələri, sarayların viran qalmasını yaxından görməlidir. Tarixi mütaliə etmək, öyrənmək faydalı olsa da, gözlə görmək kimi təsirli deyil. Bəlkə də Allah-Taala bəzən bu məqsədlə insanı seyr etməyə çağırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün”;[4] “Yer üzündə gəzib görün ki, peyğəmbərləri yalançı hesab edənlərin axırı necə oldu.”[5] Ayələrdə insan görməyə dəvət olunur. Biz müxtəlif məntəqələrdə baş verən zəlzələlər haqqında tez-tez eşitsək də, yalnız evimiz zəlzələdən titrədikdə onu daha dərindən hiss edirik.

İmam Əlinin (ə) bəyanından da məlum olur ki, çətinlikləri, vəfasızlıqları, bəlaları yaxından seyr etməklə qəlbimizi təsirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü ilə görən insan dünyaya rəğbətlənir. Qəlbdə tarazlıq yaratmaq üçün dünyanın ağrılı tərəflərini də gözlə görmək lazımdır. Əks-təqdirdə, insan dünyaya baş qatmaqla axirəti unudasıdır. Ona görə də Həzrət (ə) buyurur: “Qəlbinə dünya faciələrini göstər.”

İBRƏT GÖTÜRƏN QƏLB...

Vəsiyyətnamənin davamında imam Əli (ə) dünya keşməkeşlərindən ibrət götürməyə çağırır: “Qəlbinə dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır.” Dövran insanı məğlub etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və heç vaxt qane olmur. Bir çox qüdrətli insanlar dövrün hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona görə də insan bu hücumlardan həzər qılmalıdır. Dünyanın hücumları çox təhlükəlidir. Bəzi insanlar ehtiyatsızlıq səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün qüdrət zirvəsində xumarlanan, sabah miskin bir varlığa çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mənəvi yönlərə də aiddir. Elmdə, təqvada, mənəviyyatda, irfanda çox ali mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa müddət ərzində ağlasığmaz bədbəxtliyə düçar olmuş, bütün qazanclarını əldən vermişlər. İnanmaq olmur ki, böyük insanlıq məqamına yüksəlmiş bir şəxsiyyət qısa bir zamanda ən alçaq heyvan səviyyəsinə enir. Amma bütün bunlar aşkar həqiqətlərdir. Bəli, hər an bu hadisələri gözləməliyik. Bu hadisələr bizi qəfil yaxaladıqda, bütün varlığımız təhlükə altına düşür. Hər birimizin yolu üstə dayanmış bu hadisələrdən həzər qılmalıyıq. Onlardan ibrət götürmək, arxayınlaşmamaq lazımdır. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.70-78.)

(Maide.Az)

İlk yazını BURADAN izləyə bilərsiz.



[1] “Nəhcül-bəlağə”, məktub 31.

[2] “Nəcm” surəsi, ayə 11.

[3] “Nəhcül-bəlağə”, xütbə 178.

[4] “Rum” surəsi, ayə 42.

[5] “Nəhl” surəsi, ayə 36.

 

Google+ WhatsApp ok.ru