İcra başçısına silahlı hücumla bağlı RƏSMİ MƏLUMAT AÇIQLANDI - YENİLƏNİB

İcra başçısına silahlı hücumla bağlı RƏSMİ MƏLUMAT AÇIQLANDI - YENİLƏNİB

-- icra başçısı ağır yaralanıb

2018-ci il iyul ayının 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

 

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərindən Modern.az-a daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Hazırda cinayətdən zərər çəkən Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

 

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

 
 
23:27
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub.
 
Maide.Az bildirir ki, "Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
 
İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.
 
Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
 
İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.
 
Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
 
Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.
 

 

Google+ WhatsApp ok.ru