İdxalda 19 faiz qiymət artımı - Ət bahalaşacaq?

İdxalda 19 faiz qiymət artımı - Ət bahalaşacaq?

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan ətin qiymətində bahalaşma müşahidə olunub.
 
Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında əks olunub. Məlumata görə, cari ilin il 5 ayında ölkəyə 29,447 mln. ABŞ dolları dəyərində 19 965 ton ət idxal olunub. İdxal olunan 1 kq ətin orta qiyməti 1,48 dollar təşkil edib.
 
2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 mln. dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kq üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4% artım müşahidə olunub.
 
Bəs idxal olunan ətin bahalaşması ölkədə ətin qiymətinin bahalaşmasına səbəb olacaqmı?
 
Məsələni BakuPost.az-a şərh edən millət vəkili Vahid Əhmədov bildirib ki, idxalın bahalaşmasının səbəbi ət alınan ölkələrdəki bahalaşmalarla əlaqədar ola bilər: "İdxal qiymətinin bahalaşması ümumiyyətlə yaxşı hal deyil. İdxalda qiymət bahalaşırsa, həmin ölkələrlə qiymətlər daha normal olan ölkələri tutuşdurmalı və biz niyə baha mal almalıyıq deməliyik. Mallar harada normal qiymətədirsə, oradan alınmalıdır. 
 
Bahalaşmanın səbəbi isə idxal olunan ölkələrdə müəyyən qiymət dəyişikliklərinin getməsidir”.
 
V Əhmədov ətin qiymətində ciddi artım olmayacığını düşünür: "Bir ara ətin qiyməti bahalaşıb 1 kq qiyməti 13-15 manata gəlib çıxmışdı. Mən bu gün rayonlarda ətin qiyməti ilə maraqlandım. Qiymətlərdə müəyyən qədər enmələr var.
 
Bu səbəbdən mən ətlə əlaqədar ciddi bahalaşma gözləmirəm. Çünki özümüzün də kifayət qədər mal-qaramız, heyvanlarımız var və bunlar ətin bahalaşmasına imkan verməyəcək amillətdir. Lakin burada müəyyən sövdələşmələr də gedə bilər. Möhtəkirlər öz aralarında danışıqlar aparıb, bazarda qiyməti bahalaşdırmaq istəyə bilərlər. 
 
Ümumi götürəndə isə Azərbaycanda ətlə əlaqədar elə bir çatışmazlıq yoxdur. Nə toyuq ətində, nə də mal-qara. İqtisadi İnkişaf Nazirliyinin istehlak bazarına nəzarət edən xüsusi departamenti bu işlə məşğul olmalıdır. Qiymət siyasətinin düzgün aparılmasına diqqət yetirilməlidir. Bazar iqtisadiyyatı o demək deyil ki, istənilən qiyməti qoya bilərlər. 
 
Qiymətlərin obyektiv olmasına nəzarət eləmək lazımdır. Möhtəkirlərin subyektiv qiymət irəli sürüb, əhalini incitməsinə imkan verilməməlidir”. 
 
Deputat möhtəkirlərin idxal qiymətinin artmasından istifadə edib əti bahalaşdıra biləcəklərini də istisna etməyib. /

Google+ WhatsApp ok.ru