İdxalın artması səbəbləri

-- ölkəyə 1,451 milyard dollar dəyərində məhsul daxil olub

"Exo" qəzetində  "Azərbaycan idxalı əvəzləmək siyasətini davam etdirir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ekspert Elşad Məmmədovla ölkəyə idxal mallarının həcminin artmasının səbəblərini və bunu aradan qaldırmaq yollarını araşdırır.
 
Müəllif deyir ki, ölkəyə idxal mallarının həcminin əhəmiyyətli şəkildə artması manatın uzun müddət eyni səviyyədə qalması, iqtisadiyyatdakı sabitlik və əhalinin gəlirlərinin artması ilə bağlıdır.
 
Yazı müəllifi Gömrük Komitəsinin bu ilin yanvar-fevral aylarına aid göstəricilərinə istinadən bildirir ki, ölkəyə 1,451 milyard dollar dəyərində məhsul daxil olub, bu isə bir il əvvəl ilə müqayisədə 479,6 milyon dollar və ya 49,3% çox idxal məhsulu deməkdir.
 
"Azərbaycana çox həcmdə idxal mallarının daxil olması həm də idxalı əvəzləmək prosesinin uzun müddətli və iri həcmli iş olması ilə bağlıdır. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı aparılan islahatlara qədər ölkənin əmtəə bazarında idxal məhsullarının xüsusi çəkisi daha yüksək idi. Ona görə də yaxın iki-üç il ərzində bu sahədə idxalı əvəzləməklə bağlı əhəmiyyətli nəticələr əldə ediləcəyini gözləmək sadəlövhlük olardı". Bunu isə qəzetə ekspert E.Məmmədov bildirir.
 
Ekspert hesab edir ki, daxili bazarı yerli məhsullarla təmin etmək siyasəti uzünmüddətli texnoloji həlqələrlə bağlı olduğu üçün kifayət qədər əhatəli bir prosesdir, buna görə də yaxın müddətli perspektivdə yerli məhsulların daxili bazarda əhəmiyyətli dərəcədə arta bilməsi olduqca mürəkkəb məsələdir.
 
E.Məmmədov müəyyən parametrlər üzrə idxalın xüsusi çəkisinin artmasına da münasibət bildirir: "Əgər bəzi parametrlər üzrə idxalın xüsusi çəkisinin artmasını araşdırsaq, bunun təbii proses olması üzə çıxacaq. Belə ki, enerji sektorunun hesabına ixrac artıb, ölkəyə böyük həcmdə valyutalar daxil olur. Bu şəraitdə idxalı əvəz etmək siyasəti əhəmiyyətli nəticə verənə qədər artacaq".
 
Ekspert hesab edir ki, neftin qiyməti nisbətən sabitləşdikdən sonra ölkə iqtisadiyyatı bərpa istiqaməti götürüb.
 
E.Məmmədov idxalın xüsusi çəkisinin artmasına daha bir səbəb kimi istehlak səviyyəsinin artmasını göstərir.
 
Ekspertə görə, idxalı əvəzləmək sahəsində ciddi və keyfiyyətli nəticələrə nail olmaq üçün pul-kredit siyasəti yumşaldılmalı, qeyri-neft sektoruna investisiya resurlarının həcmi artırılmalıdır.
 

Google+ WhatsApp ok.ru