İFTİXAR EDİRİK Kİ, ƏLİ (Ə) ŞİƏSİYİK!

İFTİXAR EDİRİK Kİ, ƏLİ (Ə) ŞİƏSİYİK!

Bu gün (Zil-həccə ayının 18-i, Sentyabrın 20-si) İslamın ən böyük, ən şərəfli və ən fəzilətli bayramı olan Qədir-Xum bayramıdır. “Bayram” sözü ərəbcə “iyd” sözü kimi işlənir və “qatıymaq, dönmək” (insanın Allaha dönüşü) mənasını ifadə edir və şiə mədəniyyətində bayram üçün ümumi bir ölçü və meyra irəli sürülmüşdür. İmam Əli (ə) buyurmuşdur:

كُلُّ یوْمٍ لَا یعْصَی اللهُ فِیهِ فَهُوَ عِیدٌ

“Allaha asi olunmayan gün bayramdır.” Başqa sözlə, insanın günah etmədiyi gün onun üçün bayram sayılır. (“Nəhcül-bəlağə”, Məhəmməd Dəşti, səh.732, qısa kəlamlar 428.)

Bu baxımdan, ilahi rəhbərlər məsum və günahsız olduqlarından, onlar üçün hər gün bayram sayılır. Yenə imam Əli (ə) buyurmuşdur:

اَلْیوْمُ لَنَا عِیدٌ وَغَداً  لَنَا عِیدٌ،  وَكُلُّ یوْمٍ لَا نَعْصِی اللهَ فِیهِ فَهُوَ لَنَا عِیدٌ؛

“Bu gün də bizim üçün bayramdır, sabah da və günah etmədiyimiz gün bizim üçün bayramdır.” (“Müstədrəkül-vəsail”, Hüseyn Nuri, 6-cı cild, səh.154.)

Bayram günü ilə bağlı göstərilən bu meyar və ölçüdən əlavə, İslamda dörd gün rəsmi bayram elan olunmuşdur: “Fitr” günü, “Qurban” günü, “Cümə” günü və “Qədir-Xum” günü!

Əbdürrəhman ibn Salim atasından, o da imam Sadiqdən (ə) nəql edir ki, o həzrətdən soruşdum:

هَلْ لِلْمُسْلِمِینَ عِیدٌ غَیرُ یوْمِ الْجُمُعَةِ وَالْاَضْحَی وَالْفِطْرِ؟

“Müsəlmanlar üçün “Fitr”, “Qurban” və “Cümə” günlərindən əlavə, digər bir bayram günü də varmı?”

قَالَ نَعَمْ، اَعْظَمُهَا حُرْمَةً.

İmam (ə) buyurdu: “Bəli, məqam və hörmət baxımından onlardan da böyük bir bayram günü vardır.”

قُلْتُ: وَاَی عِیدٍ هُوَ جُعِلْتُ فِدَاكَ؟

Soruşdum: “Sənə qurban olum! Hansı gün?”

قَالَ: اَلْیوْمُ الَّذِی نَصَبَ فِیهِ رَسُولُ اللهِ‏‏صلی‏الله‏علیه‏وآله اَمِیرَالْمُؤْمِنِین...؛

İmam (ə) buyurdu: “Rəsulullahın (s) Əmirəlmöminini (imamət və xilafətə) təyin etdiyi gün...!” (”Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.90.)

Furat ibn Əhnəf də imam Sadiqdən (ə) bu mətləb haqda sual etdikdə, o həzrət buyurdu: “Allah dərgahında məqamca ən fəzilətli, böyük və şərəfli gün dinin kamilləşdiyi və “Peyğəmbəri-Əkrəmə (s): “Əl-yovm əkməltu ləkum dinəkum və ətməmtu ələykum ne`məti və rəzitu ləkumul-İslamə dinən!” (Bu gün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim! “Maidə”/3.) – ayəsi nazil olduğu gündür.” (“Müstədrək”, 6-cı cild, səh.277; “Furat” təfsiri, səh.117.)

Qeyd edilənləri nəzərə alaraq, belə fəzilətli və şərəfli gündə ən fəzilətli əməl imamət və vilayət xəttində olmaq, imam Əmirəlmömin Əliyə (ə) itaət etmək, başqa sözlə, o həzrətin şiəsi olmaqdır.

“Şiə” sözü lüğətdə “itaət etmək, tabe olmaq” mənasını bildirir. İslam mütəkəllimlərinin kəlamında imam Əlinin (ə) və o həzrətin on bir övladının imamət və xilafətinə etiqad bəsləyən müsəlmanlara “şiə” deyilir. Əksər hədislərdə qeyd olunduğu kimi, imam Əlinin (ə) ardıcıllarının “şiə” adlandırılması İslam Peyğəmbərinin (s) dilindən götürülmüş və o həzrətin imam Əlinin (ə) ardıcıllarına qoyduğu iftixarlı addır və bu iftixarlı ada layiq olmaq üçün iki sahədə çalışmaq labüddür: biri elmi (maariflənmə və maarifləndirmə), digəri isə əməli sahədə!

Bəli, imam Əlinin (ə) şiəsi olmaq üçün, o həzrəti və Əhli-beytin digər üzvlərini yaxşı tanımaq, onların göstəriş və buyruqları ilə tanış olmaq və həmin göstəriş və buyruqlara itaət etmək lazımdır. Suleyman ibn Mehran deyir: İmam Sadiqin (ə) məclisinə daxil oldum. O həzrətin hüzurunda bir qrup şiə əyləşmişdi. Həzrət belə buyururdu: “Ey şiələr! Bizə zinət və bəzək olun, bizim alçalmağımıza səbəb olmayın, camaatla yaxşı danışın, dilinizi qoruyun, artıq və nalayiq sözlərdən çəkinin!” (“Biharul-ənvar”, 65-ci cild, səh.151.)

İmam Baqir (ə) də buyurmuşdur: “Bizim şiələrimizin yeddi xislətə sahib olar: 1. Bizim vilayətimiz uğrunda (malları, canları, sözləri və qələmləri ilə) xərc çəkərlər; 2. Bizə məhəbbət uğrunda bir-birinə məhəbbət bəsləyərlər; 3. Bizim əmrlərimizin dirçəlişi uğrunda bir-birini ziyarət edərlər (bir yerə toplaşıb hədislərimizi danışarlar); 4. Qəzəbli halda heç kimə zülm və haqsızlıq etməzlər; 5. Xoş olduqları zaman israf etməzlər; 6. Öz qonşuları üçün bərəkətli olarlar; 7. Rabitə qurduqları insanlar onların əlindən asayişdə olarlar.” (“Sifatuş-şiə və fəzailuş-şiə”, Şeyx Səduq, səh.53, hədis 22.)

Allahdan istəyimiz budur ki, hamımız iftixarlı şiə adına layiq olaq!

 

Google+ WhatsApp ok.ru