İLAHİ BƏNDƏLƏRİN BEŞ XÜSUSİYYƏTİ

İLAHİ BƏNDƏLƏRİN BEŞ XÜSUSİYYƏTİ

İnsan kamillik axtaran bir varlıq olduğundan, müəyyən işləri yerinə yetirməklə həqiqi kamilliyə çatmaq, daim birinci və hamıdan yaxşı olmaq istəyir. Digər tərəfdən, müxtəlif və bir-birinə zidd meyillərə sahib olduğu üçün ehtiyatlı olmalıdır ki, kamillik yolundan sapınmasın, səhvə düçar olmasın. Odur ki, onun kamilliyə çatması, kamillik yolunda addımlaması və yaxşı insan olması üçün İslamda tövsiyə olunan bir sıra əməlləri yerinə yetirməsi məqsədəuyğundur. İslam Peyğəmbərinin (s) səkkizinci haqq xəlifəsi imam Rza (ə) bir rəvayətdə həmin əməllərdən, ilahi bəndələrin ən yaxşısından söz açır.

O həzrətdən “İlahi bəndələrin ən yaxşıları kimlərdir?” – deyə soruşulduqda buyurur:

الَّذِينَ‏ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا وَ إِذَا أُعْطُوا شَكَرُوا وَ إِذَا ابْتُلُوا صَبَرُوا وَ إِذَا غَضِبُوا عَفَوْا؛

“Yaxşılıq etdikdə sevinən, pislik etdikdə bağışlanmağını istəyən, bəxşiş etdikdə şükür edən, müsibətə düçar olduqda səbir edən və qəzəbləndikdə əfv edən kəslərdir.” (Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.354; “Üyunu əxbarir-Riza (ə)”, 2-ci cild, səh.24.)

 

1. Yaxşılıq etdikdə sevinənlər: Allahın xeyirxah bəndələrinin yaxşı əməllərinə sevinməsi onların məğrurluğu və xudbinliyi ilə sonuclanmır. Xeirxah bəndələr bu dünyada yaxşı əməllərindən sevindikləri kimi, qiyamətdə də sevinəcək, güləcəklər. “İnşiqaq” surəsinin 9-cu ayəsində belə oxuyuruq:

وَ يَنْقَلِبُ إِلى‏ أَهْلِهِ مَسْرُور؛

“O, (cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!”

 

2. Pislik etdikdə bağışlanmağını istəyənlər: Allahın ən yaxşı bəndələri daim Allaha həmd və sitayiş edir, qəflətə daldıqları və günaha yuvarlandıqları zaman, dərhal Ondan məğfirət və bağışlanma diləyərlər. Qurani-Kərimin “Ali-İmran” surəsinin 191-ci ayəsində Allahı zikr edən bəndələr belə vəsf olunur:

الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ.

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!”

“Ali-İmran” surəsinin 193-cü ayəsində də həmin bəndələrin bağışlanma diləməsindən söz açılır və buyurulur:

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ

“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!”

Tövbə və bağışlanma diləmə Allahın xeyirxah bəndələrinin yaxşı işlər yerinə yetirməsi üçün mühərrik və təşviqedici qüvvədir. Günaha qurşandıqdan sonra tövbə etməyən, peşman olmayanlar zaman ötdükcə günaha adət edər, günahla razılaşar və nəhayət, qəlbləri günah ləkələri ilə örtüldükdə, onların xeyirxahlığa dönüşü mümkünsüz olar.

 

3. Bəxşiş etdikdə şükür edənlər:

Allahın xeyirxah bəndələri daim şükür və təşəkkür edərlər, həm Allaha, həm də boynunda haqqı olan din sahiblərinə! İmam Rza (ə) başqa bir hədisdə belə buyurur:

مَنْ لَمْ يَشْكُرِ الْمُنْعِمَ مِنَ الْمَخْلُوقِينَ لَمْ يَشْكُرِ اللَّهَ عَزَّ وَ جَلَّ؛

“Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”

Xeyirxah insanlara təşəkkür və minnətdarlığın müsbət təsirləri aydın bir həqiqətdir. Nə çox görmüşük ki, bir kəs başqalarına xidməti və yardımının müqabilində təşəkkür olunmadıqda, yaxşı işlərinə son qoymuş, bunun müqabilində təşəkkür və qədrdanlığa layiq görüldükdə isə, yaxşı işlərini daha da artırmışdır. Bu qanun Xaliqlə məxluq münasibətində də özünü göstərir və “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur:

لَئِنْ شَكَرْتُمْ لَأَزيدَنَّكُمْ وَ لَئِنْ كَفَرْتُمْ إِنَّ عَذابي‏ لَشَديد؛

“...Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”

 

4. Müsibətə düçar olduqda səbir edənlər: Səbirli olmaq müvəffəq insanların əlamətlərindən biridir. Bu müvəffəqiyyətə iman və mənəviyyat əlavə olunduqda, belə bir nəticə verəsək: “Allahın ən yaxşı bəndəsi!” Allah-Taala “Bəqərə” surəsinin 153-cü ayəsində iman əhli haqda belə buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا اسْتَعينُوا بِالصَّبْرِ وَ الصَّلاةِ إِنَّ اللَّهَ مَعَ الصَّابِرينَ‏؛

“Ey iman gətirənlər! Səbir və namazdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir.”

Həmçinin “Ənfal” surəsinin 46-cı yəsində buyurur:

وَ أَطيعُوا اللَّهَ وَ رَسُولَهُ وَ لا تَنازَعُوا فَتَفْشَلُوا وَ تَذْهَبَ ريحُكُمْ وَ اصْبِرُوا إِنَّ اللَّهَ مَعَ الصَّابِرينَ‏؛

“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!”

İmam Rzanın (ə) şərif kəlamına əsasən, müsibətə səbir edib dözən insan Allahın yaxşı bəndəsidir. Allah da yaxşı və səbirli bəndəsini sevir.

 

5. Qəzəbləndikdə əfv edənlər:

İmam Rzanın (ə) mübarək kəlamında qəzəbi udmaq Allahın ən yaxşı bəndələrinin son əlaməti kimi göstərilir. Bir çox qətllər, çəkişmələr, qalmaqallar, ixtilaflar və sərt rəftarların kökü qəzəbdən doğur. Allah-Taala Qurani-Kərimin Ali-İmran” surəsinin 134-cü ayəsində xeyirxah insanları belə vəsf edir:

الَّذينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَ الضَّرَّاءِ وَ الْكاظِمينَ الْغَيْظَ وَ الْعافينَ عَنِ النَّاسِ وَ اللَّهُ يُحِبُّ الْمُحْسِنينَ؛

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevir.”

İslam Peyğəmbəri (s) qəzəbini udduğu, insanlarla mülayim rəftar etdiyi üçün onların qəlblərini ram etdi və bu səciyyə Allahın layiqli bəndələrinə o həzrətdən yadigar qalmışdır. Allah-Taala “Ali-İmran” surəsinin 159-cu ayəsində İslam Peyğəmbərinin (s) bu gözəl xüsusiyyətini belə tərifləyir:

لَوْ كُنْتَ فَظًّا غَليظَ الْقَلْبِ‏ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ؛

(Ya Rəsulum!) Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə!...”

Bir sözlə, imam Rzanın(ə)mübarək kəlamına əsasən, bu beş xüsusiyyətə sahib olanlar ilahi bəndələrin ən yaxşıları sayılırlar: “Yaxşılıq etdikdə sevinən, pislik etdikdə bağışlanmağını istəyən, bəxşiş etdikdə şükür edən, müsibətə düçar olduqda səbir edən və qəzəbləndikdə əfv edən kəslər.”

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru