İMAM HÜSEYN (Ə) ZÜHUR ƏSRİNDƏ

İMAM HÜSEYN (Ə) ZÜHUR ƏSRİNDƏ

İmam Hüseyn (ə) Aşura gününün sübhü düşmən ordusuna öyüd-nəsihət verdikdən, höccəti tamamladıqdan sonra gələcəkdə baş verəcək hadisələrdən danışdı, özünün şəhadətə yetdikdən sonra, “rəcət”indən, yəni özünün yenidən bu dünyaya qayıdışından söz açdı.

İmam Baqir (ə) bu haqda buyurur: “Şəhidlər sərvəri imam Hüseyn (ə) şəhadətindən öncə öz səhabələrinə xitabən Peyğəmbəri-Əkrəmdən (s) bir hədis nəql edərək buyurdu:

“Bir gün cəddim Rəsulullah mənə buyurdu: “Oğlum! Yaxın gələcəkdə İraqa doğru səfər edəcəksən. İraq, peyğəmbərlər və onların canişinlərinin görüb ziyarət etdiyi bir diyardır və oraya “Əmura” da deyirlər. Sən orada şəhadətə yetəcəksən və (şəhadət şövqündən) döyüş silahlarının ağrı-acılarını hiss etməyən səninlə birgə olan bir qrup dostun da şəhadətə yetəcək.”

Allahın Rəsulu (s) “Ənbiya” surəsinin 69-cu ayəsini:

قُلْنا یا نارُ کونِی بَرْداً وَ سَلاماً عَلی إِبْراهِیمَ

(“Biz də: “Ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol!” – deyə buyurduq.” – tilavət etdikdən sona buyurdu: “Ey Hüseyn! İslam uğrunda döyüş odu sənə və səhabələrinə sərin və ağrısız olacaq!”

İmam Hüseyn (ə) Allahın Rəsulunun (s) kəlamını nəql etdikdən sonra, dünyanın gələcəyindən söz açaraq buyurdu: “Allah and olsun, əgər bizi öldürsələr də, biz Peyğəmbərimizin hüzuruna qayıdacaq və Allahaın istəyi qədər axirət aləmində qalacağıq. Sonra yer ayrılacaq, Allahın Rəsulu (s) və Əmirəlmöminin Əli (ə) ilə birlikdə Ali-Mühəmədin (s) Qaiminin qiyamı zamanı yenidən dünyaya qayıdacağıq. O zaman səmavi qüvvələr mənə yardım etmək üçün ilk olaraq yer üzünə enəcəklər. Cəbrail-Əmin, Mikail, İsrafil və bir qrup mələklər onlarla birlikdə olacaqlar. Peyğəmbəri-Əkrəmin (s) və atam Əlinin (ə) müqəddəs varlıqları, mən və qardaşım, eləcə də, Allahın minnət qoyduğu insanlar nurdan ibarət miniklərinə mindikləri halda, yer üzünə nazil olacaqlar və o dönəmə qədər heç kim belə bir mənzərənin aşahidi olmayacaq. Bu zaman Allahın Rəsulu (s) öz bayrağını dalğalandıracaq və onu qılıncı ilə birgə Ali-Muhəmmədin (s) Qaiminə təhvil verəcək. Ondan sonra biz Allahın istədiyi qədər yer üzündə həyat sürəcəyik... Həmin əsrdə bütün korlar, çarəsiz və məzlumlar Allah-Taalanın biz Əhli-beytin bərəkəti ilə dünyəvi giriftarçılıqlardan qurtulacaq. Səma öz bərəkətlərini yer üzünə yağdıracaq... Camaat qış meyvələrini yayda, yay meyvələrini də qışda əldə edə biləcəklər. Necə ki, Allah-Taala Qurani-Kərimdə buyurur:

وَ لَوْ أَنَّ أَهْلَ الْقُری آمَنُوا وَ اتَّقَوْا لَفَتَحْنا عَلَیهِمْ بَرَکاتٍ مِّنَ السَّماءِ وَ الْأَرْضِ وَ لکنْ کذَّبُوا فَأَخَذْناهُمْ بِما کانُوا یکسِبُونَ

Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda, onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.” (“Əraf” surəsi, ayə 96.)

Allah-Taala zühur əsrində bizim şiələrimizi Öz lütf və mərhəmətinə şamil edəcək, yerüstü və yeraltı xəzinələr onlara gizli olmayacaq və nəhayət, şiələrimiz Əhli-beyt elmindən xəbərdar olacaqlar...!” (“Əl-xəraicu vəl-cəraih”, 2-ci cild, səh.848; “Biharul-ənvar”, 45-ci cild, səh.80; Ustad Əbdülkərim Pakniyanın “Əl-xəsaisul-Huseyniyyə - Vijegihaye-imam Huseyn (ə)” kitabından nəqlən, səh.172.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru