İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA

İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA

-- imam Mehdi (ə) haqqında çox həssas və qiymətli hədislər...

İmam Mehdinin (ə.c) həyatının bütün yönləri – təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeyb dövrləri, zühurunun nişanələri, zühur əsri, dünyamiqyaslı hökuməti və bu kimi mövzular haqqında din rəhbərlərindən nəql edilmiş rəvayətlər olduqca çoxdur. O həzrətin xarici görünüşü, əxlaqi səciyyələri, qeyb dövrünün xüsusiyyətləri, zühurunun intizarını çəkənlərə veriləcək savab və mükafatlar haqqında da qiymətli hədis külliyyatı vardır. Bu hədislərin çoxunun şiə və sünni qaynaqlarında nəql edilməsi diqqəti daha cəlb edir və hətta onların bir çoxu “təvatür” həddinə belə çatmışdır.

Bu haqda diqqəti cəlb edən məsələlərdən biri də, bütün məsum rəhbərlərin (ə) imam Mehdi (ə) haqqında çox həssas və qiymətli hədislər nəql etmələridir və doğrudan da, bu hədislər, sanki ədalət bayraqdarının misilsiz qıyamı və inqilabını açıqlayan böyük hədis ensiklopediyasından ibarətdir. Burada məsum rəhbərlərin (ə) hər birindən imam Mehdi (ə) haqqında buyurduqları hədislərdən bir nümunə qeyd etməklə kifayətlənirik:

İslam Peyğəmbəri (s) buyurur: “Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-Taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir-bərəkət bürüyər)!” (“Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh.465. Heydərabad çapı.)

İmam Əli (ə) buyurur: “Zühuru (Ali-Muhəmmədin (s) zühurunu) gözləyin və Allahın rəhmətindən ümidinizi üzməyin. Heç şübhəsiz, Allah dərgahında ən üstün əməllərdən biri də onun zühurunun intizarında olmaqdır.” (“Biharül-ənvar”, c. 52, səh.123.)

Həzrət Fatimeyi-Zəhranın (ə) Səhifəsində belə buyurulur: “(Allah-Taala buyurdu ki:) …Kainatda olanlara Öz rəhmətim sayəsində vəsilər silsiləsini Həsən Əskərinin (ə) oğlu ilə tamamlayacağam. O, (bir kəsdir ki;) Musanın (ə) kamalına, İsanın (ə) heybətinə və Əyyubun səbrinə malikdir...” (“Kəmalud-din”, c. 1, fəsil 28, hədis 1, səh.569.)

İmam Həsən (ə) Rəsulullahdan (s) sonrakı dövrlərdə baş verəcək çətinliklərə toxunduğu xütbəsrində belə buyurur: “Allah axır zamanda bir nəfəri göndərəcək, onu mələkləri ilə dəstəkləyib kömək edəcək və dostlarını qoruyacaq... Onu yer üzündə hamıdan üstün edəcək... O, yer üzünü haqq-ədalət, aydınlıq və aşkar dəlillərlə dolduracaq... O günü görən və onun sözlərini eşidənin xoş halına!...” (“Əl-ehticac”, c. 2, səh.70.)

İmam Hüseyin (ə) buyurur: “...Allah onun əli ilə ölmüş yer üzünü yenidən dirildib canlandıracaq, sonra müşriklərin xoşuna gəlməsə də, haqq dini digər dinlərə qalib edəcək. Onun üçün bir qeyb dövrü olacaq ki, bəziləri dindən dönəcək, bəziləri isə sabit qalacaqlar. Bilin ki, qeyb dövründə təkzib və əziyyətlərə səbir edənlərin mükafatı Rəsulullahın (s) yanında qılıncla cihad edən mücahidlər kimidir.” (“Kəmalud-din”, c. 1, fəsil 30, hədis 3, səh.584.)

İmam Səccad (ə) buyurur: “Kim, Qaimimizin (ə) qeyb dövründə bizə məhəbbətdə sabit və sadiq qalsa, Allah ona “Bədr” və “Ühüd” müharibələrində şəhadətə yetən min şəhidin savabını verər.” (“Kəmalud-din”, c. 1, fəsil 31, hədis 3, səh.592.)

İmam Baqir (ə) buyurur: “Bir zaman gələr ki, İmam qeybə çəkilər. O zaman “əmr”imizdə (vilayətdə) sabit qalan kəslərin xoş halına!...” (“Kəmalud-din”, c. 1, fəsil 32, h153, səh.602.)

İmam Sadiq (ə) buyurur: “Qaimin (ə) biri qısa, biri də uzunmüddətli olmaqla (ə) iki qeyb dövrü vardır.” (“Qeybəti-Nömani”, fəsil 10, fəsil 4, hədis 5, səh.176.)

İmam Kazim (ə) buyurur: “İmam (Mehdi (ə)) gözlərdən itsə də, heç vaxt möminlərin ürəklərindən çıxmayacaq.” (“Kəmalud-din”, c. 1, fəsil 34, hədis 6, səh.57.)

İmam Rza (ə) buyurur: “(Mehdi (ə)) qiyam etdiyi zaman yer üzü onun nuru ilə işıqlanacaq, insanlar arasında ədalət tərəzisi qurulacaq və heç kim başqasına zülm etməyəcək...” (“Kəmalud-din”, c. 1, fəsil 35, hədis 5, səh.60.)

İmam Cavad (ə) buyurur: “İnsanlar qeyb dövründə Qaimimizin (ə) zühurunun intizarını çəkməli, qiyam etdikdə əmrlərinə itaət etməlidirlər.” (“Kəmalud-din”, c. 1, fəsil 36, hədis 1, səh.70.)

İmam Hadi (ə) buyurur: “Məndən sonra imam, Həsəndir (ə) (Həsən Əskəridir). Sonra yerinə oğlu Qaim (ə) keçər və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə doldurar.” (“Qeybəti-Nömani”, fəsil 37, hədis 10, səh.79.)

İmam Həsən Əskəri (ə) buyurur: “Məni öldürməyib canişinimi göstərən Allaha şükrlər olsun. O, insanlar içində yaradılış və əxlaqda Allahın Rəsuluna (s) ən çox bənzəyən kəsdir...” (“Qeybəti-Nömani”, fəsil 37, hədis 7, səh.118.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru