İMAM MEHDİ (Ə.C) QURAN İŞIĞINDA

İMAM MEHDİ (Ə.C) QURAN İŞIĞINDA

-- Əlbəttə, aləmdəki həqiqətlərin böyük bir qismi ilahi ayələrin dərinliklərində gizlidir.

Qurani-Kərim ilahi maarifin ən aydın mənbəsi, insanların ehtiyac duyduğu elm və hikmətlərin ən dolğunu və bütünlüklə həqiqətlərlə dolu, keçmiş və gələcək xəbərləri açıqlayan səmavi bir kitabdır. Onda örtülü bir həqiqət yoxdur. Əlbəttə, aləmdəki həqiqətlərin böyük bir qismi ilahi ayələrin dərinliklərində gizlidir. Bu həqiqətlərin gerçəyinə və dərin mənasına yalnız Allahın saleh bəndələri vara bilərlər. Onlar Quran əhli və həqiqi təfsirçilər, yəni Peyğəmbər (s) və onun məsum Əhli-beytidir (ə).

Qurani-Kərimin bir çox ayələrində kainatın ən böyük həqiqətlərindən biri kimi, son ilahi səfirin qıyamı və cahanşümul inqilabına toxunulmuş və bir çox rəvayətlərdə həmin ayələrin təfsiri açıqlanmışdır. Biz burada onlardan bir neçəsini nümunə olaraq qeyd edirik:

1. “Ənbiya” surəsinin 105-106-ci ayələrində buyurulur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ

“Həqiqətən, Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”

Bu ayədə saleh bəndələrin dünyəvi mükafatından söz açılır. Bu elə bir mükafatdır ki, səadətin təmini, ilahi hökmlərin icrası, bəşəriyyətin qurtuluş və islahı üçün zəmindir. Ayədə “ərz” (yer) sözü mütləq şəkildə bütün dünyaya və yer kürəsinə aid edilir, saleh bəndələrə cahanşümul hökumətin bərpası haqda müjdə verilir. Bu mövzu keçmiş zamanlarda gerçəkləşmədiyindən onun gələcəkdə həyata keçəcəyi gözlənilməlidir. Bu da yalnız imam Mehdinin (ə) cahanşümul hökuməti zamanı baş verəcəkdir.

2. “Nur” surənin 55-ci ayəsində buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah aranızda iman gətirib saleh iş görənləri, yalnız Mənə ibadət edən və heç nəyi Mənə şərik qoşmayanları onlardan əvvəlkilər kimi yer üzünə varis edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir. Bundan sonra hər kəs kafir olsa, şübhəsiz ki, əsl fasiqlərdir!”

Bu ayədə də açıq-aydın saleh və yaxşı işlər görən möminlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq və təhlükəsizliklə əvəz olunacaq, şirkə, fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır. İmam Baqir (ə) bu ayənin təfsirində belə buyurur: “Yer üzünə varis olacaq saleh bəndələrdə məqsəd imam Mehdi (ə) və dostlarıdır.” (“Təfsiri-Qummi”, c.2, səh.52.)

3. “Qəsəs” surəsinin 5-ci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

Biz istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.

Bu ayə “Bəni-İsrail” qövmü və fironların məğlubiyyəti ilə əlaqədar nazil olsa da, müxtəlif rəvayətlərdə imam Mehdinin (ə) cahanşümul inqilabı və o həzrətin zühur əsrinə də təfsir edilmişdir. Ayənin mətninə diqqət yetirdikdə, zülmə məruz qalmışların hegemon qüvvələrə hakimiyyətinin müəyyən zaman, məkan və fərdlərə xas olmayan ilahi qanunauyğunluğunu göstərir.

İmam Əli (ə) buyurur: “Onlar Muhəmmədin (s) (məzlum) xanədanıdır. Allah onlardan olan Mehdini (ə) ağrı-acılardan sonra onları izzət və əzəmətə çatdıracaq, düşmənlərini isə xar edəcəkdir.” (“Qeybəti-Tusi”, hədis 143, səh.184.)

4. “Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Bu ayədə Allah-Taala İslamın digər dinlərə qalib gələcəyini vəd etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin bir çox ehtimalları var. Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:

–Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.

–Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.

–Məqsəd Peyğəmbəri-Əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi məna edilmişdir).

–Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.

–Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.

Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.

Aydındır ki, Məkkə bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Süyuti “Əd-durrul-mənsur” kitabında və Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən uyğun ayənin təfsirində belə nəql etmişlər: “Bu hadisə o zaman gerçəkləşəcək ki, (yer üzündə) İslamdan başqa məzhəb və din sahibi olan yəhudi və məsihi belə qalmayacaq! Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaqdır.” (“Əd-durrul-mənsur”, c.3, səh.231.)

Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir. Bu ayənin təfsirində imam Sadiqdən (ə) də belə bir hədis nəql olunmuşdur: “Allaha and olsun! Bu ayənin mənası (sonuncu mərhələsi) hələ həyatda gerçəkləşməmişdir və bu, yalnız Qaimin zühuru zamanı olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs belə tapılmayacaq!” (“Nurus-səqəleyn”, c.2, səh.212.)

Bunu da qeyd etməliyik ki, sözügedən ayə Qurani-Kərimin üç surəsində – “Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-cu ayəsində gəlmişdir. Bunun üç dəfə təkrar olunması bu məsələnin əhəmiyyətli olduğunu göstərir.

5. “Hud” surəsinin 86-cı ayəsinin bir hissəsində belə buyurulur:

بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ

Əgər möminsinizsə, Allahın sizin üçün saxladığı şey daha xeyirlidir...

İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “(Qaim) zühur etdikdə, Kəbəyə söykənəcəkdilinə gətirdiyi ilk söz bu ayə olacaq və sonra belə səsləyəcək: Yer üzündəki “Bəqiyyətullah” (Allahın saxladığı bəndə) mənəm. Mən Onun höccəti, xəlifəsiyəm. Ona təslim olanlar “Əs-səlamu ələykə ya Bəqiyyətəllahi fi ərzihi” (Ey yer üzünün Bəqiyyətullahı, salam olsun sənə!) deyə salam verəcəklər.” (“Kəmalud-din”, c.1, fəsil 32, həhis 16, səh.603.)

6. “Hədid” surəsinin 17-ci ayəsində buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

Bilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildəcək. Biz, bəlkə düşündünüz deyə, nişanələri sizin üçün aydınlaşdırdıq.

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: Yəni Allah-Taala azğın hakimlərin zülmü ilə ölü hala düşmüş yer üzünü Qaimin zühuru zamanı ədalətlə dirildəcək.” (“Qeybəti-Nömani”, səh.32.)

Qeyd edilən ayələrdən aydın olur ki, Quran həqiqətlərini anlamaq üçün, yalnız ayələrin zahiri ilə kifayətlənməməli, Quran ayələrinin bir çox batini gerçəkliklərini Quranın həqiqi təfsirçiləri – Əhli-beyt imamları tərəfindən verilmiş təfsirə də müraciət etməliyik. Demək, Quranın bir sıra ayələrinin zahiri müəyyən məkan və zamana xas olsa da, gələcək zamanlara da şamil olmasına əsla xələl yetmir. Elə Quranın axirətə qədər bütün nəsillər üçün əbədilik rəmzi də məhz budur!

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru