İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏHƏBBƏT” AYƏSİ (22)

Qurani-Kərimdə imam Əlinin (ə) üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Məhəbbət” adını daşıyan “Maidə” surəsinin 54-cü ayəsidir. Bu ayədə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

“Ey iman gətirənlər! Sizdən hər hansı biriniz öz dinindən qayıtsa, (Allaha heç bir zərər yetirmir). Allah gələcəkdə elə bir tayfa gətirəcək ki, həm Allah onları, həm də onlar Allahı sevirlər. Onlar möminlərin qarşısında təvazökar, kafirlərin qarşısında sərtdirlər. Allah yolunda cihad edir, məzəmmət edənlərin danlağından qorxmurlar. Bu Allah tərəfindən istədiyi (və layiq gördüyü) şəxsə əta olunan bir lütf və mərhəmətdir. Allahın elmi (lütf və mərhəməti) genişdir!”

Ayədən məlum olur ki, dini təzə qəbul edən müsəlmanların dindən çıxması İslama heç bir zərər yetirə bilməz. Allah-Taala müqəddəs dininin müdafiəsini müəyyən xüsusiyyətlərə malik bir qrup möminə tapşırmışdır. Həm Allah onları sevir, həm də onlar Allahı sevirlər. Onlar möminlərə qarşı təvazökar olar, düşmənlər və kafirlər qarşısında möhkəm duraraq, həmişə Allah yolunda cihad edər, məzəmmət edənlərin məzəmmət və danlağından əsla qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil.

Şübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və genişdir. Lakin həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan rəvayətlərdən açıq-aydın başa düşülür ki, imam Əli (ə) bu ayənin ən kamil və bariz nümunəsidir. Fəxri-Razi bu ayənin təfsirinə çatdıqda belə yazır: “Bəzi mülahizələrə əsasən, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur.” Sonra özü bu müddəanın səhih olduğunu sübut etmək üçün iki dəlil göstərir; birincisi, Peyğəmbərin (s) Xeybər müharibəsində bayrağı həzrət Əliyə (ə) verib belə buyurduğunu nəql edir:

لاَدْفَعَنَّ الرّايَةَ غَداً اِلى رَجُلٍ يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ:

Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah Peyğəmbəri, həm Allah Peyğəmbər onu sevir.”

Sonra əlavə edir: “Bununla yuxarıdakı ayənin kimə aid olduğu başa düşülür. İkinci dəlil isə həzrət Əlinin (ə) haqqında nazil olan sonrakı ayədir. Orada buyurulur: “Həqiqətən, sizin vəliniz və rəhbəriniz Allah, Peyğəmbəri və namaz qılıb rüku halında zəkat verənlərdir...” Buna əsasən, öncəki ayənin də onun haqqında nazil olduğunu deməyimiz daha münasib olar!” (“Kəbir” təfsiri, c.12, səh.20.)

Fəxri-Razinin Peyğəmbərin (s) Xeybər günü haqqında kəlamına istinadı imam Əli (ə) haqda nəql olunan və o həzrətin ən böyük fəzilətlərindən sayılan məşhur bir hadisədən qaynaqlanır. Belə ki, İslam ordusunun bir neçə sərkərdəsinin Xeybər qalasını fəth edə bilmədiyini görən Peyğəmbər (s) üzünü orduya tutub buyurdu:

لَاُعْطِيَنَّ الرّايَةَ غَداً رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ كَرّاراً غَيْرَ فَرّارٍ، لا يَرْجِعُ حَتّى يَفْتَحَ اللهُ عَلَى يَدِهِ:

Allaha and olsun! Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah Peyğəmbərini, həm Allah Peyğəmbəri onu sevir. O, ardıcıl olaraq hücum edəcək, heç vaxt (meydandan) qaçmayacaq Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib etdiyi halda, geri qayıdacaqdır.”

Sabahı gün sübh Peyğəmbər (s) buyurdu: “Əli haradadır?” Dedilər: “Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Ona xəbər verin, gəlsin!” Əli (ə) gəldi. Peyğəmbər (s) onun gözünə üfürdü (yaxud ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) sözü gerçək çıxdı).

Bu hədisi Fəxri-Razidən başqa digər tarix və hədis alimləri də (azacıq fərqlə) öz əsərlərində nəql etmişlər. O cümlədən, Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə almışdır. Onların birincisi İbn Abbasdan nəql edilir: “Müsəlmanlardan bir qrupu onun yanında həzrət Əlini (ə) pislədikləri zaman qəzəblənib buyurdu: “Vay olsun bu camaatın halına ki, heç kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir şəxsin haqqında gör nə danışırlar?!” Sonra həzrət Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.” (“Müstədrəküs-səhiheyn”, c.3, səh.132.)

İkinci hədisdə Səd ibn Əbu Vəqqasın oğlu Amirin belə dediyi nəql olunur: “Bir gün Müaviyə atam Səddən soruşdu: “Nə üçün Əli ibn Əbu Talibi söymürsən?” Atam dedi: “Peyğəmbərin (s) onun haqqında buyurduğu üç fəzilət yadımda ikən onu söyməkdən çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızıtüklü dəvələrə sahib olmağımdan daha sevimli olardı.” Müaviyə soruşdu: “Onlar hansılardır?” Səd dedi: “Birincisi “kisa” (əba) hədisi, ikincisi “mənzilət” hədisi (Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, həzrət Əliyə (ə) buyurmuşdu: Ya Əli! Mənimlə sənin nisbətin Musanın Harunla nisbəti kimidir!”), üçüncüsü isə həzrət Əlinin (ə) “Xeybər” müharibəsindəki şücaəti və Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allahı Peyğəmbərini, həm Allah Peyğəmbəri onu sevir. Allah onun vasitəsilə Xeybər qalalarını fəth edəcək.” Sonra Peyğəmbər (s) həzrət Əlini (ə) çağırdı və öz ağız suyunu onun gözlərinə sürtdü. Həzrət Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. Bu üç fəzilətə görə həzrət Əlini (ə) söyə bilmirəm. Bu zaman Müaviyə susub, bir söz demədi...” (“Təlxisul-müstədrək”, c.3, səh.108-109.)

Üçüncü hədisi isə Abdullah ibn Büreydədən, qeyd etdiyimiz Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaşı nəql etmişdir. (“Müstədrəküs-səhiheyn”, c.3, səh.437.)

Sələbi “Mənaqib” kitabında yazır: “Həqiqətən, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur.” (“Mənaqib”, səh.160.)

“Kənzül-ümmal” kitabında da bu hədis Səd ibn Əbu Vəqqasdan, eləcə də bir sıra əlavələrlə Amir ibn Səddən nəql olunmuşdur.

Əhli-sünnə və Əhli-beyt məktəbinin ardıcıllarının məşhur kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aşkar edir ki, Səd ibn Əbu Vəqqasın dediyi kimi, onun misli yoxdur. Hətta bəziləri bu fəzilətlərdən yalnız birini özləri üçün böyük iftixar bilmişlər. Görəsən, İslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların varlığı onların Peyğəmbərin (s) canişinliyini göstərmirmi?!

Bu ayədəki ifadələrdən və məşhur kitablarda nəql olunan rəvayətlərdən məlum olur ki, imam Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi və Allahın lütf etdiyi şəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, yaradılmışların ən sevimlisidir! Buna şahid məşhur “Teyr” (quş) hədisidir. “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında yazılır: “Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, imam Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu yerindən qaldırıb oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbu Talib (ə) haqqında pis fikirdəsən? Mühəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü-Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü-Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü-Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Peyğəmbər (s) buyurdu:

اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ:

İlahi! Sənin mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”

Bu vaxt evin qapısı döyüldü. Allahın Peyğəmbəri (s) buyurdu: “Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda həzrət Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi var (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Həzrət Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladı.

Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”

Ənəs dedi: “Bəli!”

Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və kimin də ona irad tutduğunu görsəm, abır-heysiyyətini aparacağam!” (“Əl-müstədrəkü ələs-səhiheyn”, c.3, səh.131.)

“Teyr” (quş) adı ilə məşhur olan bu hədis bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur. Əllamə Əmini bu barədə yazır: “Teyr” (quş) hədisi “mütəvatir” və səhih hədislərdəndir. Alimlər onun “təvatür” və doğruluğunu inkar edə bilməmişlər.”

Hətta məşhur hədis alimi Termizi “Səhih” kitabında Ənəs ibn Malikdən belə nəql edir: “Peyğəmbərin (s) qarşısına qızardılmış quş əti qoyulduğu zaman dedi:

اَللّهُمَّ اَئْتِنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى هذا الطَّيْرَ فَجاءَ عَلِىٌّ فَاَكَلَ مَعَهُ:

İlahi! Yaradılmışların ən sevimlisini göndər ki, mənimlə bu quşdan yesin.” Bu vaxt həzrət Əli (ə) gəldi və onlar birlikdə yedilər.” (“Səhihi-Termizi”, c.13, səh.170, Misirin “Əs-savi” çapı.)

Əllamə Gənci Şafei “Kifayətut-talib” kitabında “Teyr” hədisini qeyd etdikdən sonra yazır: “Bu hədis açıq-aydın təsdiqləyir ki, həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra Allahın yaratdıqlarının ən sevimlisidir. Buna ən qəti dəlil budur ki, Allah-Taala Peyğəmbərin (s) duasını qəbul etmişdir... Beləliklə, Allahın dərgahına yaxınlaşmaq üçün ən yaxşı vasitə həzrət Əliyə (ə), Allahı sevən bir şəxsə məhəbbət bəsləməkdir!” (“Kifayətut-talib”, səh.59.)

Hədisi öz kitablarında nəql edən digər alimlərdən “Əl-xəsais” kitabının müəllifi Nisaini, “Təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, “Usdul-ğabə” kitabının müəllifi İbn Əsiri, “Məsabihus-sünnə” kitabının müəllifi İbn Məsud Şafeini, “Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və “Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Bəlxi Qunduzini misal göstərmək olar.

Maraqlıdır ki, əhli-sünnənin bəzi hədis alimləri imam Əlinin (ə) bu misilsiz fəzilətini gözdən salmaq üçün həmin hədisin sənədinə şübhə ilə yanaşmışlar. Məsələn, “Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir uyğun hədisi nəql etdikdən sonra yazır: “Bu hədisin sənədləri çox olsa belə, ona şəkkim var.”

Halbuki bir çox məşhur mənbələrdə nəql olunmuş bu mütəvatir hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə uyğun gəlmədiyindən məntiqsiz və yersiz bəhanələrə əl atmışlar. Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: “Hədisin doğruluğunu təmin edən bütün şərtlər mövcud olduğu halda, bir kəsin qəlbində ona şəkk-şübhə varsa, nöqsan hədisdə yox, onun qəlbindədir!” (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.264-270.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru