İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “NƏCVA” (PIÇILTI) AYƏSİ (15)

Qurani-Kərimdə imam Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Nəcva” adını daşıyan “Mücadilə” surəsinin 12-13-cü ayələridir. Bu ayələrdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ذَلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər! Peyğəmbərlə məxfi danışığa getməzdən öncə (Allah yolunda) sədəqə verin. Bu sizin üçün daha xeyirli, daha pakdır. Əgər bir şey tapmasanız, (bilin ki,) Allah bağışlayan və rəhm edəndir. Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin, Allaha, Onun Peyğəmbərinə itaət edin (və bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır!”

Bu iki ayədə mövcud olan dəlillərdən, eləcə də, bir çox alimlərin, o cümlədən, Təbərsinin “Məcməül-bəyan”, Fəxri-Razinin “Kəbir”, Qurtubinin “Əl-camiu li-əhkamil-Quran”, Alusinin “Ruhul-məani” və digər təfsir kitablarında onun nazilolma səbəbilə əlaqədar qeydlərindən belə başa düşülür ki, bəzən müsəlmanlar (bəzi təfsirçilərin yazdıqları kimi, sərvətli müsəlmanlar) Peyğəmbərin (s) yanında mövqe qazanmaq üçün hər bir kiçik və əhəmiyyətsiz məsələni ona pıçıltı ilə və məxfi şəkildə bildirirdilər. Nadanlar anlamırdılar ki, Peyğəmbər (s) vaxtını bir fərdin əhəmiyyətsiz sözlərinə sərf etməklə mühüm işlərdən qalır. Bu iş həm də zəif və yoxsul təbəqəni narahat edirdi. Bu zaman qeyd etdiyimiz birinci ayə nazil oldu və müsəlmanlara belə bir göstəriş verildi: “Əgər Peyğəmbərlə məxfi şəkildə danışmaq istəyirsinizsə, bu işdən öncə Allah yolunda sədəqə verin.” Bu göstəriş maraqlı bir sınaqla yanaşı, Peyğəmbərlə (s) səmimi əlaqədə olduğunu iddia edənlərə tutarlı bir cavab oldu. Bir nəfərdən (yalnız imam Əlidən (ə)) başqa heç kim Peyğəmbərlə (ə) məxfi danışmaqdan əvvəl sədəqə vermədi.

Bununla da müsəlmanlar imam Əlinin (ə) Allah və Onun Peyğəmbərinin (s) yanında yüksək məqama malik olduğunun şahidi oldular. Qısa bir müddətdən sonra ikinci ayə nazil olub, birinci ayədə qeyd olunan hökmü ləğv etdi. Bununla da məlum oldu ki, bəzilərinin ürəklərində sərvət, mal-dövlət sevgisi Peyğəmbərlə (s) məxfi danışmaqdan artıqdır. Həm də aydın oldu ki, məxfi danışmaq istəyənlərin sözləri əhəmiyyətsizdir. Onların bu işdə məqsədi yalnız ictimai mövqe qazanmaq idi.

Bu ayənin təfsiri ilə bağlı çoxlu rəvayət nəql olunmuşdur ki, onun hökmünə əməl edən şəxs, yalnız imam Əli (ə) olmuşdur. “Şəvahidut-tənzil” kitabında nəql olunur ki, Mücahid imam Əlinin (ə) belə buyurduğunu demişdir:

اِنَّ فِى الْقُرْآنِ لآيَة ما عَمِلَ بِها اَحَدٌ قَبْلِى وَلا بَعْدِى وَهِىَ آيَةُ النَّجْوى، قالَ كانَ لِى دِينارٌ فَبِعْتُهُ بِعَشَرَةِ دَراهِمَ، فَكُلَّما اَرَدْتُ اَنْ اُناجِىَ النّبِىَّ (ص) تَصَدَّقْتُ بِدِرْهَمٍ مِنْهُ ثُمَّ نُسِخَتْ:

“Quranda bir ayə var ki, məndən qabaq və məndən sonra ona əməl edən bir kəs olmayıb və olmayacaq da; bu, “nəcva” ayəsidir. Mənim bir dinar pulum var idi, onu on dirhəm etdim. Bununla da, hər vaxt Peyğəmbərlə (s) məxfi danışmaq istəsəydim, bir dirhəm sədəqə verərdim. Lakin bir müddətdən sonra o ayənin hökmü (sonrakı ayənin vasitəsilə) ləğv oldu.” (“Şəvahidut-tənzil”, c.2, səh.231, hədis 951.)

Başqa bir rəvayətdə Əbu Əyyub Ənsaridən belə nəql olunur: “Bu ayə həzrət Əli (ə) haqda nazil olmuşdur. Həzrət Əli (ə) Peyğəmbərlə (s) on dəfə məxfi danışdı və hər danışığından əvvəl bir dirhəm sədəqə verdi.”

Növbəti rəvayətdə Mücahiddən belə nəql olunur: “Qurani-Kərimdə bir ayə var ki, hökmü ləğv olana qədər həzrət Əli ibn Əbu Talibdən (ə) başqa heç kim ona əməl etmədi. Həmin ayə “nəcva” ayəsidir. O, Allahın Peyğəmbəri ilə məxfi danışdı və bir dinar pul sədəqə verdi.” (“Şəvahidut-tənzil”, c.2, səh.240, hədis 946.)

Həmin kitabda bu barədə təxminən, on rəvayət nəql olunmuşdur.

Süyuti “Əd-durrul-mənsur” təfsirində də bu rəvayəti (yeddi müxtəlif sənədlə), onun düzgünlüyü ilə bağlı Hakim Nişapurinin etirafını və imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Qurani-Kərimdə bir ayə var ki, məndən qabaq və sonra ona əməl edən olmayıb və olmayacaq.” Sonra hədisin davamını “Şəvahidut-tənzil” kitabında nəql olunduğu kimi qeyd etmişdir. (“Əd-durrul-mənsur”, c.6, səh.185.)

Yenə həmin kitabda müxtəlif ravilərdən belə nəql olunmuşdur: “Peyğəmbər (s) (şəxsi danışığa gəlmək istəyənlərin nə qədər sədəqə verəcəkləri barədə həzrət Əli (ə) ilə məsləhətləşib) buyurdu: (Ya Əli!) Bir dinar necədir? Əli (ə) dedi: (Ya Peyğəmbər (s)) Camaatın ona gücü çatmaz. Peyğəmbər (s) buyurdu: Bir dinarın yarısı necə? Əli (ə) dedi: Buna da camaatın gücü çatmaz. Buyurdu: Bəs, nə qədər olsa, yaxşıdır? Dedi: Bir arpa ağırlığı qədər qızıl pul! Peyğəmbər (s) buyurdu: (Ya Əli!) Onun miqdarını çox az dedin!

Onların söhbətindən bir az keçməmişdi ki, ”Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin...” ayəsi nazil olub, ötən hökmü ləğv etdi.

Həzrət Əli (ə) buyurur: “Allah-Taala mənim vasitəmlə bu ümmətin yükünü yüngülləşdirdi.” (“Əd-durrul-mənsur”, c.6, səh.185.)

Bu məsələ ilə əlaqədar Bursuinin “Ruhul-bəyan” təfsirində Abdullah ibn Ömər ibn Xəttabdan nəql etdiyi bir hədis diqqəti daha çox cəlb edir. O deyir: “Əgər Əlinin (ə) malik olduğu üç fəzilətdən biri məndə olsaydı, bir dəstə qırmızı dəvəyə (ən qiymətli mala) sahib olmağımdan daha yaxşı olardı. Birincisi, Əlinin (ə) Fatimeyi-Zəhra (ə.s) ilə evlənməsi, ikincisi, “Xeybər” müharibəsində qələbə bayrağını əlinə götürməsi, üçüncüsü, “nəcva” ayəsidir.” (“Ruhul-bəyan”, c.9, səh. 406.)

Bu hədisi Zəməxşəri “Kəşşaf”, Qurtubi “Əl-camiu li-əhkamil-Quran” və Təbərsi “Məcməül-bəyan” kitablarında nəql etmişlər. (“Kəşşaf”, c.4, səh.494; “Əl-camiu li-əhkamil-Quran”, c.9, səh.6472 və “Məcməül-bəyan”, c.9-10, səh.252, bəhs etdiyimiz ayənin təfsirində.)

Həqiqətdə, Abdullah ibn Ömər üç həssas və mühüm məsələyə işarə etmişdir. Çünki Peyğəmbərin (s) buyurduğu kimi, bütün dünya qadınlarının ən fəzilətlisi xanım Fatimeyi-Zəhraya (ə.s) layiq, yalnız imam Əlidir (ə) və Peyğəmbərdən (s) sonra bəşəriyyətin qəhrəmanı odur! “Xeybər” döyüşündə İslam sərkərdələrinin məğlub olduğu zaman Peyğəmbərin (s) bayrağı imam Əliyə (ə) verməsi və bununla da, müsəlmanların bu döyüşdə qələbə qazanması başqalarının arzuladığı misilsiz bir fəzilətdir. “Nəcva” ayəsinə gəldikdə isə, bu ayəyə əməl edən yeganə şəxs imam Əli (ə) olmuşdur.

Qəribədir ki, bəziləri bu məsələni əhəmiyyətsiz göstərməyə, hətta imam Əlinin (ə) bu fəzilətini ört-basdır etməyə cəhd göstərmişlər! Onlar adəti üzrə, həmişə bəhanələr, məntiqsiz və əsassız dəlillər girdabındadırlar. Bəzən deyirlər ki, səhabələrin böyükləri (sədəqə verməyə) ehtiyac bilmədikləri üçün bu işə əməl etməmişlər; bəzən deyirlər ki, səhabələrin bu işi görməyə (sədəqə verməyə) kifayət qədər vaxtı yox idi. Çünki bu hökm tez bir zamanda ləğv olundu; bəziləri də deyirlər ki, sədəqə verib Peyğəmbərlə (s) məxfi danışığa getmək, yoxsulları narahat edər, sərvətliləri qorxuya salardı. Çünki yoxsulların sədəqə verməyə gücləri çatmırdı və sərvətlilər də gücləri çatdıqları halda, əgər bu işi tərk etsəydilər, danlanacaqdılar. Buna görə də, digər səhabələrin bu ayənin hökmünə əməl etməməsi, onları fəzilətdən salmır.” (“Kəbir” təfsiri, Fəxri-Razi, c.29, səh.272 və “Ruhul-məani”, c.28, səh.28.)

Amma bu böyük təfsir alimləri sanki ikinci ayəni bəhanə gətirdikləri zaman tamamilə unutmuşlar ki, Allah-Taala elə həmin ayədə əvvəlcə Peyğəmbərlə (s) məxfi danışanları hökm nazil olduqdan sonra sədəqəni tərk etdikləri üçün danlayır və məzəmmət edir. Ayədə buyurulur: “Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?” Allah-Taala bu işi tərk etməyi bir növ günah hesab edərək buyurur: “Allah tövbənizi qəbul etdi!” Bu ayədə sədəqə verməyi tərk edənlərin bağışlandığı bildirilir. Onun əvəzində namaz qılmaq, zəkat vermək, Allaha və Peyğəmbərə (s) itaət etmək əmri verilir. Əgər digər səhabələrin vaxtı yox idisə, məqsədləri yoxsulların qəlbini ələ almaq, sərvətlilərin qorxusunu aradan qaldırmaq idisə, onda nə üçün Allah-Taala onları məzəmmət edir və tövbə məsələsini gündəmə gətirir?! Ayəyə diqqət yetirməklə məlum olur ki, onların tutduğu iş düzgün deyilmiş. Bu mövqedən çıxış edən alimlər əqidələrinə uyğun gəlməyən məsələlərdə Quran ayələrinin münasibətini görə bilmirlər.

İmam Əlinin (ə) fəzilətini əhəmiyyətsiz göstərmək üçün demişlər: “Nəcva” ayəsi ilə onun hökmünü ləğv edən sonrakı ayə arasında yalnız bir saat fasilə olmuşdur. Buna görə də, digər səhabələr onun hökmünə əməl etməyə müvəffəq olmamışlar.” Belələri də yaddaşı zəif qrupdan sayılır. Çünki onlar hökmü ləğv edən ayənin tonuna diqqət yetirməmişlər. Həmin ayədə bir qrup səhabə məzəmmət olunur ki, nə üçün yoxsulluq qorxusundan sədəqə verməyi və Peyğəmbərlə (s) məxfi danışmağı tərk etmişlər! Düzdür, onlar bu işi tərk etsələr də, Allah rəhm edəndir və onların tövbəsini qəbul etmişdir. Əgər bu iki ayə arasında fasilə bir saat olsaydı, Allah-Taala onları məzəmmət etməzdi. Bir sıra rəvayətlərdə bu iki ayə arasında fasilə on gün olmuşdur fikri daha münasibdir. (“Ruhul-məani” təfsirində bu nəzər xəlifə Mənsur Dəvaniqinin dövründə yaşayan və “tabein” şagirdlərindən olan Müqatildən nəql olunmuşdur.)

Sual: Bu məsələ ilə bağlı bir sual qalır. Bu işi necə fəzilət hesab etmək olar? Bəzi təəssübkeş təfsirçilərin dedikləri kimi, nə ona əməl etmək bir fəzilətdir, nə də onu tərk etmək bir nöqsan və xəta.

Cavab: Sualın cavabını tapmaq üçün ən yaxşı yol Qurani-Kərimə müraciət edib, hökmü ləğv edən (ikinci) ayəyə diqqət yetirməkdir. Bu ayədən göründüyü kimi, Allah-Taalanın əmrilə müsəlmanlar sınağa çəkilir. Belə ki, Peyğəmbərlə (s) şəxsi danışmaq istəyənlər müsəlmanları nəzərə alaraq yenidən danışıq üçün, Allah yolunda sədəqə verməli idilər. Burada yalnız bir nəfər bu ilahi sınaqdan layiqincə keçdi və o da imam Əli (ə) oldu. Məgər bu böyük bir iftixar və fəzilət deyilmi?! Başqa sözlə, bütün səhabələr ayədə məzəmmət olunduğu və onların tövbəsindən söz açıldığı halda, burada istisna edilən şəxs, yalnız imam Əlidir (ə).

Bəs, nə üçün bəzi alimlər belə açıq-aydın həqiqəti inkar etmək istəyirlər? Bunun səbəbi haqda özünüz düşünün! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.236-241.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru