İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “İNZAR” AYƏSİ (14)

Qurani-Kərimdə imam Əmirəlmöminin Əlinin (ə) fəzilət və üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “İnzar” adını daşıyan “Şüəra” surəsinin 214-215-ci ayələridir. Bu ayələrdə buyurulur:

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

“Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri qanadın altına al!”

Bu ayələr bütün İslam tarixçilərinin qeydə aldığı bir hadisədən söz açır. Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığına əsasən, bu məsələ şiə və sünnilərin nəzərində məşhurdur. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən yaxın qohumlarını qorxut!” ayəsi nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara süfrə açıb buyurdu: “Allahın adı ilə (süfrəyə) yaxınlaşın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu: “Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına dəvət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: Mən sizə dünya axirət xeyri gətirmişəm. İslamı qəbul edin doğru yola yönəlmək üçün mənə tabe olun!” Sonra əlavə edərək buyurdu: Sizdən mənimlə (bu yolda) qardaş olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında vəsim canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”

Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan sonra kimsə yox, məhz həzrət Əli (ə) ayağa durub dedi: “Mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: Belə isə, mənim vəsim canişinim sən olacaqsan!”

Məclisdə iştirak edənlər durub gedərkən, istehza ilə həzrət Əlinin (ə) atası Əbu Talibə deyirdilər: “Get, oğluna (Əliyə) itaət et. Mühəmməd (s) onu sənin əmirin seçdi!” (“Şəvahidut-tənzil”, c.1, səh.420; “Məcməül-bəyan”, c.7-8, səh.206.)

“Şəvahidut-tənzil” kitabının haşiyəsində bu hədis Abdullah ibn Abbasdan və Əbu Rafedən də nəql olunmuşdur.

Nisai “Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir: “Bir nəfər həzrət Əliyə (ə) “Sənin, əmin oğlu Mühəmmədə (s) varis olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq olmadı!” deyə soruşduqda, həzrət Əli (ə) onun cavabında “Yovmul-inzar”ı (Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təşkil etdiyi məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sizdən hansı biriniz mənə beyət etməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: “Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən başqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub buyurdu: “Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis edirəm!” (“Təliqati Şəvahidut-tənzil”, c.1, səh.423.)

Məşhur tarixçi Təbəri də bu hədisi geniş şəkildə nəql etdikdən sonra yazır: “Peyğəmbəri-Əkrəm (s) həzrət Əliyə (ə) işarə edərək buyurdu:

اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

Bu sizin aranızda mənim qardaşım, vəsim xəlifəmdir. Ona qulaq asın itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa qalxıb gedərkən, Əbu Talibə (həzrət Əlinin (ə) atasına) dedilər: “Mühəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və itaət edəsən!” (“Tarixi-Təbəri”, c.2, səh.63. Beyrut çapı.)

Təbəri bu hədisi başqa ravilərdən də nəql etmişdir.

Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin böyük tarixçi və müfəssiri “Tarix” kitabında bu hadisəni yuxarıdakı kimi qeyd etsə də, “Camiul-bəyan” adlı təfsirində bu ayənin təfsirinə çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı biriniz bu işdə mənə kömək edə bilər ki, sonra mənim qardaşım... sair və sair olsun!” Həzrət Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Mən sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu:

اَنَّ هذا اَخِى وَ كَذا وَكَذا:

“Həqiqətən, bu mənim qardaşımdır... sair sair. (“Təfsiru camiul-bəyan”, Təbəri, c.19, səh. 75, “Şüəara” surəsinin 214-cü ayəsi.)

Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu “vəsiyyi və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim xəlifəmdir) ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir ki, məbada “vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin ardıcıllarının əlinə düşsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən böyük dəlillərdir.

Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeşliyi və həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-Əkrəmin (s) hədislərinə qarşı əmanətdarlıq budurmu? Görəsən, alim fikirləşmirdimi ki, bir gün gələcək, onun “Tarix” kitabındakı ifadələrini “Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər? Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara çox rast gəlmək mümkündür.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam şəkildə nəql etdikdən sonra yazır: “Şiələr xilafətlə bağlı məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu təvil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu deməliyik!” (“Ruhul-məani”, c.19, səh.135, bəhs etdiyimiz ayənin təfsirində.)

Bu məşhur təfsir aliminin sözləri adamı dəhşətə gətirir! O deyir ki, bu rəvayətin şiələrin xeyrinə qurtarmaması üçün onu təvil etmək, yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, Quran, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək, onların əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif hesab etməliyik! Şübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar səhnəyə çıxsa da, bu təfəkkür tərzinə malik şəxsin əqidəsini dəyişdirə bilməzlər.

Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl isə “Müsnəd” adlı məşhur kitabında “Yovmul-inzar” hadisəsini, Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: “Kim mənim borclarımı ödəmək, vədlərimə vəfa etmək, mənimlə behiştdə və əhli-beytimin içərisində canişinim olmaq istəyir?” Həzrət Əli (ə) Peyğəmbərə (s) müsbət cavab verib deyir: “Mən bu işi görərəm!” (“Müsnədi-Əhməd”, c.1, səh.111 – azacıq ixtisarla).

İbn Əbil-Hədid Mötəzili yazır: “Təbəri ”vəzirlik” hədisini (Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) “Tarix” kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbu Talibdən (ə) belə nəql etmişdir: “İnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni (Əli (ə)) çağırdı...” Sonra hadisəni geniş şəkildə yazır və nəhayət, Peyğəmbərin (s) bu kəlamını nəql edir: Allah mənə sizi Onun dininə dəvət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə mənə yardımçı olsa, mənim qardaşım, vəsim canişinimdir...”

Həzrət Əli (ə) ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Mən bu işdə sənə vəzir və yardımçı olmağa hazıram!”

Peyğəmbər (s) buyurdu: O, mənim sizin aranızda qardaşım, vəsim xəlifəmdir.” (“Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c.13, səh.210.)

Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd etdiyimiz rəvayətlərin bir qismində işlənən “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən məlum olur ki, digər rəvayətlərdə qeyd olunan “əhl” sözündə də məqsəd eyni mənadır.

Yeddinci əsrin ən məşhur tarixçisi İbn Əsir “Əl-kamil” kitabında da bu hadisəni hətta bir çox tarix və hədis alimlərindən daha geniş şəkildə nəql edərək yazır ki, Peyğəmbər (s) buyurmuşdur: Sizdən hansı biriniz bu işdə mənə kömək etsə, o, sizin aranızda mənim qardaşım, vəsim xəlifəmdir. Heç kim cavab verməyib sakit durduğu zaman həzrət Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri! Mən bu işdə sənə kömək edərəm!” Peyğəmbər (s) buyurdu:

اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:

Bu sizin aranızda mənim qardaşım, vəsim xəlifəmdir. Ona qulaq asın tabe olun!” (“Kamil”, c.2, səh.63, Beyrutun “Darus-sadir” çapı.)

Bəli, İbn Əsirin nəql etdiyi bu hədisdə “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s) möcüzələrindən biri də imam Əlini (ə) on üç yaşında ikən özündən sonraya xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaşlı bir uşaq gələcəkdə varlıq aləminin ən böyük şəxsiyyəti, Peyğəmbərin (s) canişini olacaq?! Peyğəmbəri-Əkrəm (s) isə bunu həm dəvətinin ilk çağlarında, həm də ömrünün sonunda (“Qədir-Xum”da) bəyan etmişdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın dəlillər deyilmi? (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.230-234.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru