İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “İYZA” (ƏZİYYƏT) AYƏSİ (20)

Qurani-Kərimdə imam Əlinin (ə) üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “İyza” adını daşıyan “Əhzab” surəsinin 57-ci ayəsidir. Bu ayədə buyurulur:

إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

“Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”

Məlum olduğu kimi, kimsə Allah-Taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə, təfsir alimlərinin qeyd etdikləri kimi, Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə, Peyğəmbəri (s) və möminləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.

Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu oxuyuruq: Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Peyğəmbəri-Əkrəmdən (s) eşitdim ki, həzrət Əliyə (s) belə buyurdu: Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.98, hədis 777.)

Başqa bir hədisdə İbn Əbu Sələmə, Ümmü-Sələmədən Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Peyğəmbəri-Əkrəmdən (s) eşitdim ki, həzrət Əliyə (s) belə buyurdu:

اَنْتَ اَخِى وَ حَبِيبِى، مَنْ آذاكَ فَقَدْ آذانِى:

Sən mənim qardaşım həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.98, hədis 777.)

Sonra müəllif yazır: “Bu hədis Ömər, Səd ibn Əbu Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xudri kimi səhabələrdən də nəql olunmuşdur.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.99.)

Başqa bir hədisdə isə imam Əmirəlmöminin Əlidən (ə) belə nəql edilir: “Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:

مَنْ آذى شَعْرَةً مِنْكَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَيْهِ لَعنَة الله:

Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lənəti olsun!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.97, hədis 776.)

Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bəzi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin “Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mötəbər hədisdə belə deyilir: “Şam əhlindən bir kişi həzrət Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: “Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini (s) incitdin və ona əziyyət verdin. (Çünki Qurani-Kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-Əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!” (“Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh.121, Beyrutun “Darul-mərifət” çapı.)

Əhli-sünnə alimi Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır. (“Müstədrəküs-səhiheyn” kitabının haşiyəsində çap olan “Təlxisul-müstədrək”, 3-cü cild, səh.122.)

Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır. (“Əd-durrul-mənsur”, 5-ci cild, səh.220.)

Həmçinin “Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: “Mən Peyğəmbərin (s) məscidində həzrət Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: “Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: “Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:

مَنْ آذى عَلِيّاً فَقَدْ آذانِى:

Əlini incidən məni incitmişdir!”

Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mötəbər olduğunu yazır. (“Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh.122. Zəhəbinin “Təlxisul-müstədrək” kitabında da bu hədis eynilə nəql olunmuşdur.)

“Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Səd ibn Əbu Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.

Bütün bunlar göstərir ki, imam Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir. (“Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh.352.)

Əhli-sünnə alimlərinin düzgün saydıqları çoxsaylı hədislərə əsasən, imam Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra, görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-Əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.260-262.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru