İMAM ƏLİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM ƏLİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

-- Rəcəb ayının 13-ü (Martın 31-i) imam Əlinin (ə) doğum günüdür

Rəcəb ayının 13-ü (Martın 31-i) vilayət şahı, hidayət şamı, möminlərin mövlası və Peyğəmbərin (s) haqq canişini imam Əlinin (ə) doğum günüdür. Elə bünasibətlə oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır.

İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.)

İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)

İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA

Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı.

Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.

Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.

İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA

İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.

İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA

Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi.

İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ

İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi və nəhayət, 40-cı hicri ilinin Ramazan ayının 19-da İbn Mülcəm, namazda səcdə halında olan imam Әlinin (ə) başını zəhərli bir qılıncla yaraladı. Bununla da, o həzrət iki gündən sonra, Ramazan ayının 21-də, 63 yaşında ikən şəhadətə yetdi və Nəcəfi-Əşrəf şəhərində torpağa tapşırıldı. (“Sireyi-pişvayan” (Məsum imamların həyatı), Ustad Mehdi Pişvayi, “İmam Əlinin (ə) həyatı” bölümü; “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, “İmam Əlinin (ə) həyatı” bölümü.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru