İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İMAM ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR

Məsum imamın öhdəsinə düşən ən ağır məsuliyyətlərə diqqət yetirdikdə, onun çox mühüm xislətlərə də malik olması labüd görünür. İmamın malik olduğu xislətlər mütləq Peyğəmbəri-Əkrəmin (s) spesifik xüsusiyyətlərinə az-çox oxşamalıdır. Çünki hər ikisi bir məqsədə qulluq edir və eyni məsuliyyət daşıyırlar. Peyğəmbər (s) ilkin rəhbər, imam isə onun ardıcılı sayılır.

«Nübüvvət” məqamının tələbi, eləcə də, Peyğəmbərin (s) öhdəsinə düşən ağır və mühüm məsuliyyətə əsasən, insanları zəlalət təhlükəsindən xilas etmək, etiqad və əxlaqda, ictimai nizamda xeyir və təkamülə çatdırmaq, ilahi qayda-qanunları qorumaq, bəşərin tarixi inkişaf prosesi haqqında geniş məlumata malik olmaq, bir sözlə, ümumbəşəri təlim-tərbiyə üsullarını bilmək üçün yüksək elm və biliyə ehtiyac var. Bununla yanaşı, peyğəmbərlərin elmi məlumatlara uyğun düzgün proqramlar hazırlaması üçün gələcək hadisələrdən az-çox xəbərdar olması da lazımdır.

Bu məsələlər azacıq fərqlə peyğəmbərlərin canişinlərinə də aiddir. Çünki onlar peyğəmbərlərin məram və yolunu davam etdirir. Beləliklə, dini-şəri proqramlar ilahi canişinlər vasitəsilə möhkəmləndirilir, inkişaf etdirilir.

Həmçinin məsum imamlar ilahi peyğəmbərlər kimi, dini göstərişləri səhvsiz və azğınlığa düşmədən camaata çatdırmalıdır. Əgər onlar xəta və günahdan uzaq olmasalar, onların təyini faydasızdır.

Peyğəmbərlər din və dünya işlərinə rəhbərliyi əllərinə aldıqlarından onlarda nifrət doğuran zahiri və batini çirkin sifətlər olmamalıdır. Belə ki, həmin sifətlər işlərinə maneçilik törətməsin və kimlərisə məqsəddən yayındırmasın. Bunlar eynilə məsum imamlara da şamildir. Onlar nəinki nifrət oyadan xislətlərdən uzaq, həm də düşüncə və qəlbləri cəzb edən əxlaqi səciyyə və gözəlliklərə malik olmalıdırlar.

Beləliklə, imamın xüsusiyyətləri və peyğəmbərlərə bir çox cəhətlərdən oxşarlığından belə nəticə çıxarırıq ki, Peyğəmbərin (s) canişinləri olan məsum imamlar Allah tərəfindən təyin olunmalıdır. Başqa sözlə, burada nə camaatın, nə ümmətin icmasının, nə də xüsusi bir qrupun müdaxilə etməyə haqqı yoxdur. Çünki imamın ismət məqamı, qeyri-adi elmi və Allahdan başqa kimsənin xəbərdar olmadığı digər xüsusiyyətləri vardır ki, bunlarsız imamət məqamı təsəvvür olunmur. Kim deyə bilər ki, fılankəs xəta və günahdan uzaqdır, onun elmi bütün şəri və həyati məsələləri əhatə edir?! Hətta imamın yuxarıda qeyd etdiyimiz bir neçə xüsusiyyətinin ayırd edilməsi insanların əksəriyyəti, bəzən də hamısı üçün çətin və qeyri-mümkündür. Nəticə çıxarırıq ki, imamın təyini məhz Allah tərəfindən olmalıdır. Allahın təyini də üç yolla həyata keçir:

1. Peyğəmbər (s), yaxud əvvəlki məsum imam öz canişinini Allahın əmrilə təyin etməli və bunu insanlara çatdırmalıdır. Həqiqətdə, o da Allahın əmrini xalqa çatdırmaqda yalnız vasitə rolunu oynayır.

2. “Nübüvvət”in şərtlərində qeyd olunduğu kimi, möcüzəli iş, kəramət göstərməyə qadir olmalıdır; belə ki, ilahi rəhbər və imam bəşərin qüdrətindən xaric olan xariqüladə işləri bacarmalı və bu işə məhz başqaları onu qəbul etmədikdə, əl atmalıdır. Lakin bu məsələdə peyğəmbər peyğəmbərlik, imam da imamət iddiası ilə çıxış etməlidir. Başqa sözlə, imam olduğunu iddia edən şəxs xariqüladə bir işi peyğəmbərlik yox, imamət iddiası ilə həyata keçirməlidir. Şübhəsiz, belə bacarıq ona Allah tərəfindən əta olunur. Hikmətli və hər şeyi bilən Allah bu imkanı yalançı iddiaçıların ixtiyarına əsla verməz.

3. “Nübüvvət” şərtlərində deyildiyi kimi, əlamətlərin müşahidəsi ilə imam müəyyən olur; belə ki, bir sıra xüsusiyyətləri müşahidə etməklə məsum imam və ilahi rəhbəri tanımaq olar. Həmin şəxsin elm və biliyi, əxlaqi səciyyələri, insani keyfiyyətləri, keçmişi, əməlləri, danışığı və fikirləri birlikdə məsum imam və Peyğəmbərin (s) canişinini aşkara çıxarır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.119-120.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru