İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR – İSMƏT VƏ GÜNAHSIZLIQ

Xəta, səhv, unutqanlıq və günahdan uzaqlıq imamların spesifik xüsusiyyətlərindəndir. Həqiqətdə, imamların məsuliyyətləri peyğəmbərlərin məsuliyyətlərinə yaxın olduğundan, peyğəmbərlərin məsum və günahsızlığına dəlalət edən bütün imtiyazlar onlara da aiddir. Düzdür, şəriət sahibi Peyğəmbəri-Əkrəmdir (s) və birbaşa vəhylə əlaqə saxlayır. Lakin imamlar da onun şəriətini qoruyur; hərçənd, onlara vəhy nazil olmur. Onlar insanların hidayəti, ilahi hökmlərin icrası və dini maarifin kamil şəkildə çatdırılmasında Peyğəmbərin (s) ardınca hərkət edirlər. Buna görə də, imamlar Peyğəmbərlə (s) əksər xüsusiyyətlərdə müştərəkdir və bir-birinə bənzəyirlər. Buna əsasən, peyğəmbərlərin isməti ilə əlaqədar bütün dəlillər məsum imamlara da aiddir. Qurani-Kərimin “Əhzab” surəsinin 33-cü ayəsində buyurulur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!”

Bu ayə “Təthir ayəsi” adı ilə məşhurdur və onun düzgün təfsiri imamların məsum və günahsız olduğunu göstərir. Bir çox şiə və sünni rəvayətlərinə görə, bu ayə İslam Peyğəmbərinin (s) zövcələrinə yox, yalnız o həzrətin özünə, imam Əliyə (ə), həzrət Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aiddir.

Ayədə qeyd olunan innəmasözü adətən, “həsr və inhisar”ı bildirir və dilimizdə “yalnız”, “ancaq” və “təkcə” mənalarını ifadə edir.

Yuridu(Allah istəyir, iradə edir) feli Allahın “təkvini” iradəsini bildirir. Yəni Allah-Taala qəti qərar vermişdir ki, Əhli-beyti bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd “təşrii” iradə ola bilməz. Çünki “təşrii” iradə onların çirkinliklərdən qorunmağa vəzifəli olduğunu bildirəcək. Bu isə təkcə Peyğəmbər (s) Əhli-beytinin yox, bütün müsəlmanların vəzifəsidir.

Bəzilərində belə təsəvvür oyana bilər ki, “təkvini” iradə bir növ məcburiyyət yaradır və bu iradə əsasında məsumluğun heç bir fəziləti yoxdur.

Burada qısa şəkildə deməliyik ki, məsumlar iki növ məqama malikdirlər: “zati məqam” və “iktisabi (əməllərlə qazanılan) məqam”. Bunların heç biri onların ixtiyarsız olduğunu göstərmir. Başqa sözlə, ilahi iradə uca məqama nail olmaq və müvəffəqiyyət üçün zəmin hazırlayır. Onları qazanmaq isə məsumların öz iradəsindən asılıdır. Onların günahı tərk etməsi cəbri yox, iradi hissə əsaslanır. Məsələn, bir din aliminin şərabı özü ilə məscidə aparıb, camaatın qarşısına çıxaraq içməsi qeyri-mümkündür. Lakin bu iş zatən qeyri-mümkün deyil. Onu adi və ixtiyari qeyri-mümkün sayırıq. Ağıllı bir insan heç vaxt küçə-bazara çılpaq vəziyyətdə çıxmaz. Amma onun belə bir iş görməsi qeyri-mümkün deyil. Onun abır-həyası, düşüncə və mərifəti bu işə yol vermir. Amma həmin işin yerinə yetirilməsi, yaxud tərki onun öz ixtiyarındadır. Peyğəmbər və imamların da günahları tərk etməsi bu qəbildəndir. Doğrudur ki, məsumluq və günahsızlıq ilahi yardım sayılır. Lakin ilahi yardımlar da hesab-kitabsız deyil. Qurani-Kərimdə İbrahim (ə) haqda buyurulur ki, o həzrət ağır və mühüm sınaqlardan sonra yüksək imamət və rəhbərlik məqamına nail oldu. (“Bəqərə” surəsi, ayə 124.)

Ayədə qeyd olunan rics sözü lüğətdə “çirkin şey” mənasını bildirir. İstər insanın təbiətinə uyğun gəlməyən və nifrət doğuran şey, istər əqli və şəri baxımdan çirkin şey, istərsə də hər bir çirkin şey. Rağib İsfahani “Müfrədat” kitabında “rics”i “çirkin şey” mənalandırdıqdan sonra (qeyd etdiyimiz kimi,) həmin dörd surəti qeyd edir (insanın təbiəti ilə uyğun gəlməyən, əqli və şəri baxımdan, yaxud bütünlüklə hər bir çirkin şey). Əgər bəzi alimlər “rics”i “günah”, yaxud “şirk”, yaxud “batil əqidə”, yaxud da “paxıllıq və həsəd” kimi mənalandırmışlarsa, əslində bu sözün geniş mənada nümunələrini göstərmişlər. Ümumiyyətlə, ayədə qeyd olunan “ər-rics” sözündəki “əlif və lam” artiklinin ümumi cinsi bildirməsi ilə ayənin mənası belə olacaq: “Allah siz Əhli-beytdən hər növ çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir.”

yutəhhirəkum təthirən” cümləsi (“təthir” sözünün “pak-pakizə etmək” mənasına diqqət yetirməklə) Əhli-beytin pak-pakizə və çirkinlikdən uzaq olmasına əlavə təkiddir. Məsdərin təkid formasında işlədilən təthirən (pak-pakizə) sözü bu mənanı bir daha təsdiqləyir.

Nəticə: Allah-Taala müxtəlif təkidlərlə İslam Peyğəmbərinin (s) Əhli-beytini hər bir çirkinlik və aludəlikdən pak etdiyini bildirir.

İSMƏTMƏSƏLƏSİ İLƏ BAĞLI İRADLAR

Birinci irad: Peyğəmbər və məsum imamların “ismət”i ilə bağlı yaranan mühüm suallardan biri budur ki, “Onların məsumluğu məcburi yönə malik deyilmi? Əgər ismət məqamı xüsusi bəxş edilən ilahi bir hədiyyədirsə, peyğəmbər və imamlar günah edə bilmirlərsə, yaxud Allah-Taala onları günaha çəkə bilən amillərin qarşısını alırsa, onda ismət məqamını necə fəzilət hesab etmək olar?”

Qısa şəkildə deyirik ki, məsumların ismətinin mahiyyəti araşdırılmadan qavrana bilməz. Onların belə misilsiz təqvası “zati” və “iktisabi” (kəsbi) yolla əldə olunan güclü iman, yüksək elm və bilikdən qaynaqlanır. Məsələn, savadlı bir həkim müxtəlif analizlər vasitəsilə mikrobla dolu olduğu sübuta yetən bir sudan içməz. Halbuki adi bir insanın bu işə əl atması təəccüblü deyil. Həkimin belə çirkli və mikroblu suyu içməməsi tamamilə ixtiyaridir. Burada onun qəti elmi bu işə səhlənkarlıqla yanaşmasına mane olur. O, belə hallarda iradə azadlığı baxımından məsum peyğəmbər və imamlara bənzəyir. (Bax:“Peyami-Quran”, c.7, səh.193-197.)

İkinci irad: İmamlar öz kəlamlarında xəta və günah etdiklərini etiraf edirlərsə, onları necə məsum hesab etmək olar? Onlar öz dualarında Allahdan günahlarının bağışlanmasını istəyirlər. Bu istək onların məsum olmadığını göstərir. İmam Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 216-cı xütbəsində buyurur:

اِنِّى لَسْتُ فِى نَفْسِى بِفَوْقِ اَنْ اُخْطِى وَلا آمَنُ ذالِكَ مِنْ فِعْلِى اِلاّ اَنْ يَكْفِىَ اللهُ مِنْ نَفْسِى ما هُوَ اَمْلَكُ بِهِ مِنِّى:

Mən (bir insan kimi) özümü xəta səhvə yol verməkdən üstün bilmirəm. Əgər Allah məni qorumasa, səhvdən amanda deyiləm!”

Bu irad Qurani-Kərimdə peyğəmbərlərin sərgüzəştləri ilə bağlı bir sıra hallara da aiddir. Odur ki, bu məsələ ilə bağlı bir neçə məsələyə qısa şəkildə diqqət yetirmək lazımdır:

1. Məsumlar əksər hallarda insanlara örnək və nümunə olaraq fikirlərini bildirmişlər. Onların kəlamları təlim xarakterlidir.

2. Məsumlar belə kəlamlarla demək istəyirlər ki, biz Allahın lütf və mərhəmətinə sığınmadan öz-özlüyümüzdə heçik! Bu ilahi yardım, müvəffəqiyyət və hədiyyələrlə günahlardan qorunuruq. Başqa sözlə, imam Əlidən (ə) nəql olunan kəlam əslində irad tutanların əksinə olaraq, ilahi lütf və mərhəmət sayəsində o həzrətin məsum olmasına bir dəlildir. Çünki İmam (ə) demək istəyir ki, mənim özüm (Allahın yardımı olmadan) xəta və günahdan amanda deyiləm, bu mənəvi hədiyyə və günahdan çəkinmə hissi məhz Allahın yardımı sayəsindədir.

3. Adətən, ayə və dualarda gələn “günah” ifadələri “tərki-övla”dan ibarətdir. Başqa sözlə, bu, “həsənatul-əbrari səyyiatul-muqərrəbin” – ifadəsinin xarici nümunəsidir; yəni saleh insanların yaxşı əməlləri Allaha daha yaxın və müqərrəblər üçün günah sayılır. Bunu da qeyd etmək lazımdır ki, “tərki-övla”da məqsəd vacib əməl yox, daha müstəhəb əməli mübah və ya müstəhəb bir əməllə əvəz etməkdir. Aydındır ki, üstün bir müstəhəb əməli tərk edib, başqa bir müstəhəb əməli yerinə yetirmək şəriətdə xilaf iş sayılmır. Sadəcə, “tərki-övla” adlanır. Lakin başqa şəxslərin belə işi nəinki xilaf deyil, əksinə müstəhəb və öz növbəsində fəzilətdir. İlahi insanlar isə bunu özləri üçün günah hesab edirlər. İnsanın qıldığı adi namaz onun üçün layiqli sayıldığı halda, böyük bir alim üçün “tərki-övla”dır. Məsum şəxsin namazı isə o alimin namazından üstündür. (“Peyami-Quran” – Qurani-Kərimdə imamət və canişinlik kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.116-117.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru