İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – QURANİ-KƏRİM (1)

Məsum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər məlumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbərin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər?

Quran ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir ki, onlardan biri də Allahın kitabı Qurani-Kərimdir. Məsum imamlar Qurani-Kərimin “təfsir və təvil”ini, “zahir və batin”ini, “möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. “Rəd” surəsinin 43-cü ayəsində buyurulur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَاب

“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!”

Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işləndiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin “Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüzi xəbərdar olan kəs haqda buyurulur:

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ

“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”

Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüzi xəbərdar olduğu halda, zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə – Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağlagəlməz işləri görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir?” sualının cavabı Qurani-Kərimdə üstüörtülü qeyd edilmişdir. Bəzilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!) Bəzi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam Peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir.

Lakin bir çox təfsir alimlərinin qeydlərinə əsasən, bu ayə imam Əli (ə) barəsindədir. Məşhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah ibn Ətadan belə nəql edir: “Mən Əbu Cəfər ibn Əli ibn Hüseynə “Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-kitab” (kitabı bilən şəxs) ifadəsində məqsəd Abdullah ibn Salamdır!” dedikdə, o cavab verdi: “O (Allahın kitabını bilən) kəs, yalnız Əli ibn Əbu Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də təsdiq etmişdir. (“Təfsiri-Qurtubi”, c.5, səh.3565.)

Diqqəti cəlb edən budur ki, surə (“Rəd” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər.

Bu fikir Səid ibn Cübeyrdən də nəql olunur. Belə ki, ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: “O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!” (“Əd-durrul-mənsur”, c.4, səh.69.)

Həmçinin Şeyx Salman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Sələbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, imam Mühəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını bilən şəxsin oğludur!” İmam Mühəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə həzrət Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur.”

Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: “Peyğəmbərdən (s) “əlləzi indəhu elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda, o həzrət buyurdu: O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir.” – ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: O, qardaşım Əli ibn Əbu Talibdir!”

Başqa bir rəvayətdə İbn Abbas belə deyir: “Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Quranın təfsir və təvilini, nasix və mənsuxunu bilir!” (“Yənabiul-məvəddət”, səh.102-104.)

Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuşdur. Onlar isə hicrətdən sonra Mədinədə İslamı qəbul etmişdilər. Yuxarıdakı rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuşdur (o həzrətdən sonrakı məsum imamlara da elmdən irs çatmışdır).

Bəli, Qurani-Kərim, onun sirr və incəlikləri, zahir və batini mənaları məsum imamların əsas elm mənbələrindəndir. Buna sübut göstərilən ayələrdən biri də “Ali-İmran” surəsinin “Və ma yələmu təviləhu illəllahu vər-rasixunə fil-elm” (Quranın təvilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilmir) ayəsidir. (“Ali-İmran” surəsi, ayə 7.)

Təfsir alimləri arasında “elmdə qüvvətli olanlar” – ifadəsinin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlılığında fikirayrılığı var. Bəzilərinin nəzərincə, ifadə “və” bağlayıcısı vasitəsilə “Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz mənanı daşıyıcaqdır. Bəziləri isə deyirlər ki, “elmdə qüvvətli olanlar...” ayrıca, müstəqil cümlədir. Buna əsasən, ayənin mənası belə olacaq: “Quranın təvilini yalnız Allah bilir. Elmdə qüvvətli olanlar isə “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyirlər!”

İkinci baxış həqiqətə uyğun gəlmir və bunun bir neçə səbəbi var:

1. Qurani-Kərimdə Allahdan başqasının bilmədiyi sirlərin olması qeyri-mümkündür. Quran insanların hidayət və tərbiyəsi üçün nazil olduğundan, onda Allahdan başqa kimsənin bilmədiyi bir cümlə və ayənin olması mənasızdır.

2. Böyük təfsir alimi Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığı kimi, hələ ki, təfsirçilər arasında “fılan ayəni Allahdan başqa heç kim bilmir” deyən bir təfsirçi görünməmişdir. Əksinə, onlar həmişə ayələrin sirlərini kəşf etmək üçün müxtəlif yollara, o cümlədən, məsum imamların rəvayətlərinə əl atmışlar. Həqiqətdə, ikinci baxış bütün təfsir alimlərinin dediklərinin əksinədir.

3. Əgər məqsəd elmsiz təslim olmaqdırsa, onda ayədə “elmdə qüvvətli olanlar” deyil, “imanda qüvvətli olanlar” ifadəsi işlənməli idi. Bir şey bilməyən şəxsə “elmdə qüvvətli olan” adını vermək olarmı?!

4. Bir çox rəvayətlərdə elmdə qüvvətli olanların Quran ayələrinin təvil və batinini bildikləri nəql olunmuşdur. Bu isə, həmin ibarənin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlandığını göstərir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: Elmdə qüvvətli olanlar Əmirəlmöminin Əli (ə) və ondan sonrakı imamlardır!”

Yenə başqa bir hədisdə imamlar buyurmuşlar: Elmdə qüvvətli olanlar Quranın təvilini bilənlər bizik!”

İmam Baqir (ə) (yaxud imam Sadiq (ə)) “Quranın təvilini Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” ayəsinin təfsirini belə açıqlamışdır:

فَرَسُولُ اللهِ اَفْضَلُ الرّاسِخِينَ فِى الْعِلْمِ، قَدْ عَلَّمَهُ اللهُ عَزَّوَجَلَّ جَميعَ ما اَنْزَلَ عَلَيهِ مِنَ التَّنْزِيلِ وَالتَّأوِيلِ، وَما كانَ اللهُ لِيُنَزِّلَ عَلَيهِ شَيْئاً لَمْ يُعَلِّمْهُ تَأوِيلَهُ، وَاَوْصِيائُهُ مِنْ بَعْدِهِ يَعْلَمُونَهُ كُلَّهُ:

“Allahın Rəsulu (s) elmdə qüvvətli olanların ən üstünüdür. Allah-Taala “tənzil”dən “təvil”ə qədər nazil etdiklərinin hamısını ona öyrətdi. Allah-Taalanın ona nazil etdiyi bir şeyin təfsir və təvilini öyrətməməsi qeyri-mümkündür. Peyğəmbərin (s) vəsiləri də özündən sonra onların hamısını bilirlər!” Bu barədə həmin məna və məfhumu yetirən hədislər də çoxdur. (Bax: “Camiul-əhadis”, c.1, səh.27; “Kənzüd-dəqaiq” təfsiri, səh.42-45 və “Üsuli-kafi”, c.1, səh.213, hədis 1-3.)

Qeyd etdiyimiz dörd dəlilə əsasən, “elmdə qüvvətli olanlar” ifadəsinin “Allah” sözünə bağlanmasına heç bir şəkk-şübhə qalmır və onlar Quran ayələrinin təvil və batinindən agahdırlar.

Diqqəti cəlb edən digər incə nöqtə budur ki, Qurani-Kərimdə “elmdə qüvvətli olanlar” ifadəsi iki dəfə – biri bu ayədə (“Ali-İmran” surəsi, ayə 7), digəri isə “Nisa” surəsində (ayə 162) işlənmişdir. “Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi və məsihilərin) sələm, qarət və camaatın əmlakını mənimsəmə kimi bəyənilməz və çirkin əməllərinə işarə edildikdən sonra buyurulur: “Lakin onların elmdə qüvvətli olanları və (Peyğəmbərin səhabələrindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara (səmavi kitablara) inanırlar!” (Yəni hər iki qrup bütün səmavi kitablara, həm Qurani-Kərimə, həm də əvvəlki kitablara iman gətirmişlər.)

Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin İslam dinini qəbul edən digər alimlərinin elmdə qüvvətli olanlara aid edilməsi “Ali-İmran” surəsinin 7-ci ayəsi ilə yox, “Nisa” surəsinin 162-ci ayəsi ilə əlaqədardır. Çünki bu ayədə kitab əhlinin alimləri haqda söz açıldığı halda, bəhs etdiyimiz ayədə (“Ali-İmran” surəsi, ayə 7) kitab əhli barədə heç bir söz yoxdur.

Bir sözlə, “Ali-İmran” surəsinin 7-ci ayəsinin zahiri mənası budur ki, Quranın təvilini Allah və elmdə qüvvətli olanlar bilir. Elmdə qüvvətli olanların həqiqi simaları Peyğəmbər (s) və məsum imamlar olduğundan, onların elmi mənbələrindən ən mühümü də Qurani-Kərim, onun təfsir və təvili, zahir və batinidir. Qurani-Kərimin “Ənkəbut” surəsinin 49-cu ayəsində də buyurulur:

بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ

“Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir.”

Əhli-beyt (ə) rəvayətlərinə görə, bu ayədə qeyd olunan “elm verilmiş kəslər” ünvanı Peyğəmbərdən (s) sonra məsum imamlardır. (“Biharul-ənvar”, c.23, səh.188-208; “Burhan” təfsiri, c.3, səh.254-256; “Peyami-Quran” – (Qurani-Kərimdə imamət və canişinlik) kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.91-96.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru