İMAMLARIN ELMİ MƏNBƏLƏRİ – İLAHİ NUR (4)

Bir çox rəvayətlərdə nəql olunduğu kimi, imamların elmi mənbələrindən biri də ilahi nurdur. Həsən ibn Raşid nəql edir ki, imam Sadiqdən (ə) belə eşitdim:

...فَاِذا مَضى الْاِمامُ الَّذِى كانَ قَبْلَهُ رُفِعَ لِهذا مَنارَ مِنْ نُورٍ، يَنْظُرُ بِهِ اِلى اَعْمالِ الْخَلائِقِ فَبِهذا يَحْتَجُّ اللهُ عَلى خَلْقِهِ

İmam dünyadan köçdükdə, Allah-Taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-Taala bu yolla höccəti tamamlayır!” (“Üsuli-kafi”, 1-ci cild, səh.387, hədis 2.)

Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 6-cı cildində bu məsələ ilə əlaqədar on altı hədis nəql etmişdir. Həmçinin həmin kitabın 23-cü cildinin 333-334-cü səhifələrində bu barədə müxtəlif rəvayətlər var.

İmamların elmi mənbələri ilə bağlı hədislərdən məlum olur ki, məsum imamların elm mənbələri müxtəlifdir. Onların Qurani-Kərimin bütün hüdudlarından agahlıqları, Peyğəmbəri-Əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb aləmi ilə əlaqələri, onlara olan ilahi yardımlar, qəlb ilhamları göz qabağındadır. Bütün bunlar İslamı, Quranı və Peyğəmbər (s) sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin paklanmasında, qanunların icrasında, ümmətin işlərinin sahmana salınmasında bir sıra vəzifə və məsuliyyətlərin layiqincə yerinə yetirilməsində imama böyük yardım edir.

Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bir sıra rəvayətlərdə “hər cümə axşamı imamların ruhuna Allah tərəfindən yeni ilhamlar edilir” kimi ifadələr mövcuddur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: Hər cümə axşamı bizə yeni bir sevinc gəlir!”

Ravi “Allah sevincinizi artırsın, bu sevinc nədən ibarətdir?” – soruşduqda, Həzrət buyurur:

اِذا كانَ لضيْلَةُ الْجُمُعَةِ وافِى رَسُولُ اللهِ الْعَرْشَ وَ وافِى الاَئِمَّةُ مَعَهُ وَمَعَهُمْ، فَلا تُرَدُّ اَرْواحُنا اِلى اَبْدانِنا اِلاّ بِعِلْمٍ مُسْتَفادٍ، وَلَوْلا ذالِكَ لَاَنْقَدْنا:

Cümə axşamı çatanda Peyğəmbəri-Əkrəm (s) (o həzrətin müqəddəs ruhu) ilahi ərşə enir imamların ruhu onunla görüşür. Mənim ruhum onlarla birgə oraya gedir. Sonra ruhumuz yeni məlumatla bədənimizə qayıdır. Əgər belə olmasa, biliyimiz sona yetər!” (“Üsuli-kafi”, 1-ci cild, səh.254.)

Bir sözlə, imamların elmi mənbələri onları digər insanlardan fərqləndirir, İslamı qorumaq, Quran təlimi və bəndələrin hidayəti ilə əlaqədar ağır vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. (“Peyami-Quran” – (Qurani-Kərimdə imamət və canişinlik) kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.101-102.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru