İMAMƏT AYƏLƏRİ – “HİKMƏT” AYƏSİ (5)

Qurani-Kərimdə imam Əlinin (ə) imamət və rəhbərliyinə işarə edən, o həzrəti İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət və İslam ümmətinin ən fəzilətli şəxs olduğunu göstərən ayələrdən biri “Hikmət” ayəsi adını daşıyan “Bəqərə” surəsinin 269-cu ayəsidir. Belə ki, bu ayədə buyurulur:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا

“Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə də hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Rəbi ibn Xeysəmdən belə nəql edir: “Elə bir kəs görmədim ki, həzrət Əlinin (ə) hökm və qəzavətinə irad tuta bilsin. Həqiqətən, Allah-Taala buyurur: “Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.107, hədis 150.)

Həmin kitabda bu məzmunda əlavə rəvayətlər də nəql olunmuşdur. O cümlədən, İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu demişdir:

مَنْ اَرادَ اَنْ يَنْظُرَ اِلى اِبْراهِيمَ فِى حُكْمِهِ وَاِلى نُوحٍ فِى حِكْمَتِهِ وَاِلى يُوسُفَ فِى اِجْتِماعِهِ فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Hər kəs İbrahimin helmini, Nuhun hikmətini və Yusifin insanpərvərliyini görmək istəyirsə, Əli ibn Əbi Talibə (ə) baxsın!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.106, hədis 147.)

Başqa bir yerdə isə Əbülhəmradan belə nəql edir: “Biz Peyğəmbərin (s) yanında idik və həzrət Əli (ə) bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu:

مَنْ سَرَّهُ اَنْ يَنْظُرَ اِلى آدَمَ فِى عِلْمِهِ وَ نُوحٍ فِى فَهْمِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِ فَلْيَنْظُرْ اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:

“Hər kəs Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə edib sevinmək istəyirsə, Əli ibn Əbu Talibə baxsın!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.79, hədis 116.)

Yenə orada Abdullah ibn Abbasdan belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik və o həzrətdən Əlinin (ə) haqqında soruşulduqda, buyurdu:

قُسِّمَتِ الْحِكْمَةُ عَشَرَة اَجْزاءَ فَاُعْطِى عَلى تِسْعَةُ اَجْزاءَ وَ اُعْطِى النّاسُ جُزءً واحِداً:

“Elm və hikmət on qismdir ki, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!” (“Şəvahidut-tənzil”, 1-ci cild, səh.105, hədis 146.)

Bu rəvayətlər açıq-aydın göstərir ki, Peyğəmbəri-Əkrəmdən (s) sonra İslam ümməti arasında elm, bilik və hikmətdə imam Əliyə (ə) çatan bir kəs yoxdur. İmamətin əsas və mühüm şərti elm və hikmət olduğundan, İslam Peyğəmbərindən (s) sonra imamət və xilafət məqamına ən layiq şəxs yalnız imam Əlidir (ə).

Məşhur əhli-sünnə alimi Termizinin “Səhih” kitabında Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur:

اَنَا دارُ الْحِكْمَةِ وَ عَلِىٌّ بابُها:

“Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!” (“Səhihi-Termizi”, “Mənaqib” kitabı, “Əli ibn Əbu Talibin (ə) fəzilətləri” bölümü, 5-ci cild, səh.637, hədis 3723.)

Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır. Necə ki, Qurani-Kərimdə buyurulur: “Evlərə qapılarından daxil olun!” Beləliklə, hər kim İslam Peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını o həzrətdən almalıdır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh. 196-198.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru