İMAMƏT AYƏLƏRİ – “HƏL-ƏTA” (İNSAN) SURƏSİ (9)

İmam Əli (ə) və digər Əhli-beyt üzvlərinin fəzilətlərini sübut edən mühüm sənədlərdən biri də “Həl-əta” surəsidir. Bu surənin mənasına, ifadələrinə, eləcə də, nazilolma səbəbinə diqqət yetirdikdə, bir çox həqiqətlər üzə çıxır. Əlbəttə, bu surənin ayələri ümumilik kəsb etsə də, onun “İnnəl-əbrarə yəşrəbunə min kəsin...” (Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərbət içəcəklər...) ayəsindən başlayaraq 22-ci ayəsinədək (on yeddi ayə) “əbrar” (yaxşılar) adlı qrup haqda söz açır. İslamın məşhur mənbələrində nəql olunan çoxlu rəvayətə və bu ayənin nazilolma səbəbinə əsasən, “əbrar”ın tam mənada nümunələri imam Əli (ə), xanım Fatimeyi-Zəhra (s.ə.), imam Həsən (ə) və imam Hüseyndir (ə). Diqqət yetirmək lazımdır ki, bu on yeddi ayədə behiştin ən üstün maddi və mənəvi nemətlərinin (cənnət bağları, pak şərbət çeşmələri, geyimlər, zinətlər, yeməklər, taxtlar, xidmətçilər və s.) adları çəkilsə də, digər nemətlərdən olan behişt qadınları və hurilərindən söz açılmamışdır. Quranın sirlərindən agah olan bəzi alimlərin nəzərincə, bunun səbəbi aləmlərin ən üstün qadını xanım Fatimeyi-Zəhraya (s.ə.) ehtiramdır. Qurani-Kərimin çox az surəsində behiştin bu yüksək nemətləri birgə qeyd olunmuşdur. Bu da onu göstərir ki, ayədə qeyd olunan “əbrar” (yaxşı əməl sahibləri) sözündə məqsəd adi şəxslər yox, Allaha yaxın pak, yaxşı və alicənab kəslərdir.

Bunu da qeyd edək ki, yaxşı əməl sahiblərinin nişanələrini göstərən bu surənin 5-10-cu ayələrində belə buyurulur:

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

“Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yerə asanlıqla axıdacaqlar. Onlar elə kəslərdir ki, etdikləri nəzrə vafa edər və əzabı bürüyəcək gündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri (yeməyə möhtac olduqları) halda (və ya Allahın razılığını qazanmaq üçün) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi yalnız Allah razılığından ötrü yedirdir və sizdən nə bir mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz çox sərt və çətin bir gündə Rəbbimizdən qorxuruq!”

Bu ayələrin nazilolma səbəbi haqda əhli-sünnə alimi Zəməxşəri məşhur “Kəşşaf” təfsirində İbn Abbasdan belə nəql edir: “Bir gün Həsənlə Hüseyn (ə) xəstələnmişdi. Peyğəmbər (s) bir qrup səhabə ilə onlara baş çəkməyə gəldi. Səhabələr həzrət Əliyə (ə) müraciət edərək dedilər: “Ya Əbəlhəsən! Nə yaxşı olardı ki, uşaqlarının şəfa tapması üçün nəzir edəsən.” Həzrət Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi. Üstəlik, xanım Fatimeyi-Zəhra (s.ə.) və xidmətçisi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzir etdilər. (Bəzi rəvayətlərə əsasən, Həsən və Hüseyn (ə) də nəzir etdilər. (“Təfsiri-Qurtubi”, c.10, səh.6922.)) Nəhayət, uşaqlar şəfa tapıb sağaldılar. Lakin o ərəfələrdə həzrət Əlinin (ə) evində iftar üçün ərzaq yox idi. Odur ki, gedib bir nəfərdən üç “sa” (təxminən 10 kq) arpa borc aldı. Xanım Fatimə (s.ə.) onun üçdə bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər (beş ədəd) çörək bişirdi. İftar vaxtı çörəklər süfrəyə qoyuldu. Yeməyə hazırlaşarkən, qapı döyüldü. Yoxsul bir şəxs dedi: “Salam olsun sizə, ey Mühəmmədin Əhli-beyti! Mən bir müsəlman yoxsulam, mənə də yeməyə bir şey verin. Allah sizə cənnət süfrələri nəsib etsin!” Bu sözləri eşidən Əhli-beyt (ə) heç nə fikirləşmədən süfrədə olan çörəklərin hamısını ona verdi, özləri isə su ilə iftar edib gecəni belə keçirdilər. Səhəri gün yenə ac halda oruc tutdular. Ötən gün kimi, xanım Fatimeyi-Zəhra (s.ə.) yenə çörək bişirdi. Onlar axşam iftar üçün süfrə başına əyləşərkən, bir yetim qapıya gəlib yemək istədi. Onlar bu dəfə süfrədəkiləri o yetimə verib, özləri ac qaldılar. Üçüncü axşam da qapıya bir əsir gəlib yemək istədikdə, bu müqəddəs şəxslər iftara hazırladıqlarını ona verdilər. Ertəsi gün həzrət Əli (ə) Həsən və Hüseynlə (ə) birlikdə Peyğəmbərin (s) hüzuruna getmişdi. Peyğəmbər (s) onların aclıqdan halsız olduqlarını görüb buyurdu: “Sizi bu halda görmək mənə çox ağırdır!” Sonra onlarla birlikdə xanım Fatimənin (s.ə.) evinə getdi. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (s.ə.) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda, mehrabda ibadət edir. Bu mənzərə Peyğəmbərə (s) çox təsir etdi. Cəbrail nazil olub dedi: “Ey Mühəmməd! Allah səni belə bir Əhli-beytə sahib olduğuna görə təbrik edir.” Sonra “Həl-əta” surəsi nazil oldu.” (“Kəşşaf” təfsiri, c.4, səh.670.)

Bu rəvayəti Qurtubi öz təfsir kitabında azacıq fərqlə vermiş və bu haqda bir şeir də qeyd etmişdir. (“Təfsiri-Qurtubi”, c.10, səh.6922.)

Fəxri-Razi də bu rəvayəti “Əl-vəsit” kitabında Vahididən nəql etmişdir. Həm o, həm də Zəməxşəri uyğun rəvayəti qeyd etdikdən sonra belə yazmışlar: “Şübhəsiz, yaxşı əməl və itaət sahibləri kafur qatılmış şərab içəcəklər...” ayəsindəki əvəzliklər cəm formada işləndiyi üçün bir nəfərə – imam Əliyə (ə) deyil, bütün yaxşı əməl və itaət sahiblərinə aiddir. Əlbəttə, imam Əlini (ə) bu ayələrdən ayrı bilmək olmaz, lakin bunlar təkcə ona aid deyil... (Ayələrin nazilolma səbəbini açıqlayan rəvayətlərə gəldikdə isə) qeyd etməliyik ki, bu surə imam Əlinin (ə) itaəti haqda nazil olsa da, “üsuli-fiqh” elminin qaydalarına əsasən, ayələrdəki meyar xüsusi deyil, ümumilik daşıyır.” (“Əl-vəsit”, c.3, səh.244.)

Fəxri-Razi guya, cəm formasında deyilən ayələrin təkcə imam Əliyə (ə) yox, həm də xanım Fatimeyi-Zəhra, Həsən, Hüseyn (ə) və Fizzəyə aid olduğunu unutmuşdur.

Ayələrin məfhumunu ümumiləşdirməklə onların nazilolma səbəbini aradan qaldırmaq olmaz. Əksinə belə yerlərdə ayələr birbaşa Əhli-beyt (ə) (və yaxud hər kim) tərəfindən yerinə yetirilən itaət və fədakarlıqla əlaqədar nazil olur. Bu da onların Allah tərəfindən qiymətləndirilməsi deməkdir. Başqa sözlə, imam Əli (ə) və onun ailəsi bu ayələrin ən kamil nümunələridir. Çünki bu ayələr onların xalis əməli ilə bağlı nazil olmuşdur. Əgər kimsə bu böyük fəziləti inkar etmək istəyirsə, sözsüz, özünü aldadır.

Alusi “Ruhul-məani” kitabında bu rəvayəti əvvəldən axıradək olduğu kimi İbn Abbasdan nəql etdikdən sonra yazır: “Bu rəvayət camaat arasında məşhurdur.” Sonra adəti üzrə onu əhəmiyyətsiz qələmə verməyə çalışır və bu məqsədlə onun sənədləri haqda söz açır: “Bu ayələrin Əli, Fatimə, Həsən və Hüseyn (ə) haqda nazil olma ehtimalı varsa da, onun isbat, yaxud inkarı qəti deyildir. Çünki bu zəmində olan rəvayətlər çox və ziddiyyətlidir. Hətta bu ayələrin onlar barəsində nazil olmadığını desək, yenə onların yüksək məqamından bir şey azalmır. Çünki onların “əbrar”dan (yaxşı əməl və itaət sahiblərindən) olmaları tam aydındır. Onlar bəlkə də, bu cərgədə başqalarından öndədirlər. Onların şəni ilə bağlı bunu demək olar ki, Əli (ə) möminlərin vəlisi, Peyğəmbərin (s) canişini, Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbərin (s) canının bir parası, Həsən və Hüseyn (ə) isə Peyğəmbərin (s) ruhu və reyhanı, behişt gənclərinin sərvəridirlər.” (“Ruhul-məani”, 29-cu cild, səh. 158.)

Məşhur sünni alimləri Şəblənci “Nurul-əbsar” kitabında (səh.62.) və Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Mərdəveyhin İbn Abbasdan belə nəql etdiyini qeyd etmişlər: “Onlar öz iştahaları çəkdiyi (və möhtac olduğu), özləri yemək istədikləri halda, onu yoxsula, yetimə və əsirə yedirirlər!” – ayəsi Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olmuşdur. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.202-206.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru