`İngiltərə həmişə təhlükə, fəsad və səfalət mənbəyi olub`

`İngiltərə həmişə təhlükə, fəsad və səfalət mənbəyi olub`

( İlk xəbər bu gün saat 12:36-da dərc olunub) 
 
 
Xəbər verdiyimiz kimi, İslam Peyğəmbəri (s) və imam Sadiqin (ə) mövludu münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və Vəhdət Konfransının iştirakçıları ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei görüşdəki çıxışında bildirib ki, bu gün bölgədə iki iradə bir-birilə mübarizə aparır: “Vəhdət iradəsi və Təfriqə (ikitirəlik) iradəsi.” "Bu həssas şəraitdə Quran və böyük Peyğəmbərin (s) ilahi təlimləri vəhdət və birlik bəxş edən bir dərman olaraq İslam dünyasının problemlərinin yeganə həll yoludur.”
 
Ayətullah Xamenei görüş iştirakçılarını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını böyük İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) və onun dahi övladı imam Sadiqin (ə) mövludu münasibətilə təbrik edib: “İslam Peyğəmbərinin (s) müqəddəs varlığı o qədər önəmlidir ki, Allah-Taala Qurani-Kərimdə bu misilsiz nemətə görə bəşəriyyətə minnət qoyur.”
 
Ayətullah Xamenei Qurani-Kərimə istinadən deyib ki, “Rəhmətən lilaləmin” – aləmlərə rəhmət olan Peyğəmbərin (s) təlimləri bütün bəşəriyyətin nicatı üçün bir yoldur. “Bəşəriyyət düşmənləri, sərvət və qüdrət sahibləri bu səadətbəxş təlimlərlə müxalifdirlər. Məhzə bu səbəbdən, Allah-Taala Peyğəmbərə (s) əmr edir ki, kafirlər və münafiqlərlə saziş etməsin və onlara qarşı cihad etsin. İslam və əlbəttə, bəşəriyyət düşmənlərinə qarşı cihad etmək duruma uyğun olaraq, bəzən hərbi yolla olur, bəzən siyasi, bəzən mədəni və həmçinin durumuna görə, bəzən də elmi yollarla aparılır. Müsəlman xalqları, xüsusilə, din təbliğatçıları və gənclər sonuncu Peyğəmbərə (s) göndərilən ilahi təlimləri dəqiq mütaliə edib tanımaqla, bu həyatbəxş təlimlər toplusundan bəhrələnsinlər."
 
Ayətullah Xamenei müstəmləkəçilər və hegemonların müsəlmanları zəiflətmək üçün hər gün artan çalışmalarına toxunub və deyib ki, İslam dünyası bu gün çoxlu acılar və problemlərə giriftar olub ki, onların həll yolu birlik, müştərək fəaliyyət, əməkdaşlıq, habelə məzhəbi ixtilafları kənara qoymaq və İslamın bir çox müştərək nöqtələrindən yapışmaqdadır.
 
Ayətullah Xamenei bildirib ki, islami hökumətlər və xalqlar birləşərsə, Amerikalılar və Sionistlər öz istəklərini müsəlmanlara yükləyə bilməz və Fələstinin unutdurulmasına dair məkrli planları uğursuz olar.  “Şərqi Asiyada – Myanmardan tutmuş Qərbi Afrikada Nigeriya və Qərbi Asiya bölgəsindəki müsəlmanlara hücum və qətliamların hamısı hegemon güclərin təfriqəyaradıcı planlarının nəticəsidir. Bu vəziyyətdə “İngilis şiəsi” və “Amerika sünnisi” bir qayçının iki tərəfi kimi odu alovlandırır və ikitirəlik yaradır. İngilislilərin keçmiş “parçala və hökm sür” siyasəti İslam düşmənlərinin gündəliyindədir.”
 
Ayətullah Xamenei ingilislilərin son iki əsrdə yürütdüyü siyasətlər və gördüyü işləri bölgə xalqları üçün bəla və səfalət mənbəyi adlandırıb. “Son günlər İngiltərə utanmazcasına məzlum və əziz İranı region üçün təhlükə adlandırıb. Amma hamı bilir ki, bu ittihamların əksi olaraq bu İngiltərənin özüdür ki, həmişə təhlükə, fəsad və səfalət mənbəyi olub.”
 
Ayətullah Xamenei deyib ki, İslam dünyasının ən önəmli hazırlığı “vəhdət”dir. “Bütün İslam firqələri – şiə və sünni – ixtilaflardan uzaq dursun. Peyğəmbər (s), Quran, Kəbəni vəhdət üçün mehvər qərar versinlər.”
 
Ayətullah Xamenei hegemon güclərin fitnələri qarşısında xalqlar və dövlətləri ayıq olmağa çağırıb: “Nə üçün zahirdə müsəlman olan ölkələr İslam dünyasının daxilindəki problemlərlə bağlı İslam düşmənlərinin sözlərini qəbul edir və onların siyasətlərinə açıq-aşkar tabe olurlar?”
 
Ayətullah Xamenei çıxışının sonunda İran xalqına səslənərək bildirib ki, imam Xomeyni (rə) və İnqilabın iftixarlı yolunun davam etdirilməsi, düşmənlərin qarşısında müqavimət göstərmək, haqq və həqiqəti dayanmadan müdafiə etmək, heç şübhəsiz, dünya və axirət səadəti və izzətini sizin üçün ərməğan gətirəcək.
 
 

Google+ WhatsApp ok.ru