İnsan ailəsinin ruzisini qazanmaq üçün çalışmalıdır

İnsan ailəsinin ruzisini qazanmaq üçün çalışmalıdır

Allah-Taala insana bir çox nemət, o cümlədən, fikir, düşüncə, ağıl, bəsirət, elm, qüdrət, güc və gözəl bir bədən vermişdir ki, bu günə qədər hələ də tam olaraq tanınmamış qalır. Bütün bu nemətləri böyük yaradan insana ruzi etmiş və bunun müqabilində insanın öhdəsinə vəzifələr qoymuşdur.

Allah-Taala insana əmr etmişdir ki, özünün bütün fikir və qüvvəsini yer üzünü şad-xürrəm, abad və gülüstan etməyə yönəltsin. Bununla da özünün, ailəsinin və digərlərinin yaşaması üçün lazım olan ehtiyaclarını (yemək-içmək, məskən, geyim və s...) əldə etsin. Özü əkdiyi ağacın gölgəsində oturub zəhmətini çəkdiyi məhsulun meyvəsindən faydalansın.

Allah-Taala təbiəti insan üçün ram və tabe etmişdir. Buna görə də insan təbiətdəki hər bir şeydən özünün mənəvi və maddi ehtiyaclarını ödəmək üçün istifadə edə bilir. İnsanın sahib olduğu bütün bu imkanlar, Allah-Taala tərəfindən ona verilən ruzidir. [1] Buna görə də insan yer üzünün gülüstana dönməsi üçün çalışmalı və ruzisini öz əməyi ilə qazanmalıdır. İmam Əli (ə) buyurur: "Allah-Taala, (halal) ruzi üçün çalışan insanların ruzisinə zamindir". [2]

İmam Əli (ə) ailəsinin ruzisini qazanmaq üçün özü şəxsən işləyir və bunu başqalarının öhdəsinə qoymurdu. O, özü əlinə bel götürüb yeri şumlayır, su arxı çəkir, əkin sahəsini və xurma ağaclarını suvarır və öz halal zəhmətiylə ailəsini dolandıraraq başqalarına da kömək edirdi. Rəvayətlərdə vardır ki, O, öz əlinin zəhməti ilə yüzlərlə qul alıb azad etmişdir. [3]

Heç vaxt faydalı iş görməyi eyib bilib, utanmayın. Öz yükünüzü başqalarının çiyninə qoymayın. Öz ailəsinin ruzisini qazanmaq üçün çalışan, zəhmət çəkən və halal ruzi dalınca gedən  şəxs, Allah-Taala yolunda döyüş meydanında kafirlərlə üzbəüz cihad edən şəxs kimidir. [4]

İndi ki, bildiniz tənbəllik və süstlük pis xasiyyətdir, onda həm özünüzü, həm də başqalarını halal ruzi qazanmaq üçün iş və əməyin zəhmətlərinə qatlaşmağa dəvət edin.

Kişi həm ev işlərində bacardığı qədər ailəsinə kömək etməli, həm də çöl işlərində ciddi çalışmalı, ailəsinin xərclərini ödəməli və tənbəllik etməməlidir. Həmçinin, qazandığı ruzini ailəsi üçün qənaətlə xərcləməklə yanaşı, onları sıxıntı və çətinliyə salmamalıdır. Əgər ailəsinin ehtiyaclarını ödədikdən sonra artıq bir şey qalarsa, başqalarına da kömək etməlidir.

Müqəddəs İslam dininə əsasən, kişi ailəsinin yaşayışı üçün lazım olan bütün xərcləri təmin etməlidir və bu barədə yalnız o, məsuliyyət daşıyır. Buna görə də ailə və uşaqlarının normal yaşayışını təmin etmək üçün işləməlidir.

İmam Sadiq (ə) buyurur: "Kişi ailəsinin nəciblik və izzətini qorumaq üçün üç şeyə möhtacdır: Yaxşı əxlaq və gözəl ünsiyyətə; Onların ruzisini çoxaltmağa (müəyyən olunmuş həddə riayət etməklə); Onları qorumaqda qeyrətli olmağa. Əgər bunlar kişinin təbiətində olmazsa, gərək özünü oda-alova vurub, zəhmətlərə qatlaşıb bu üç şeyi təmin etsin".[5]

Allahın Rəsulu, əzəmətli Peyğəmbərimiz, həzrət Məhəmməd Mustəfa (s) buyurur: "Halal ruzi üçün çalışmaq hər bir müsəlman kişi və qadına vacibdir".[6]

İmam Sadiqin (ə) səhabələrindən olan Fəzl bin Əbi Ğurrə adlı bir şəxs deyir: "İmam Sadiqi (ə) əkin sahəsində işləyib tər tökdüyü halda gördük. Yaxınlaşıb salam verdik və istədik ki, beli əlindən alıb kömək edək. O Həzrətə (ə) dedik: "Sizə fəda olaq, icazə verin biz işləyək, siz istirahət edin. İcazə verin bu fəhlələr işlərinizi görsünlər".

İmam Sadiq (ə) buyurdu: "Yox!... İcazə verin özüm işləyim. Çünki mən çox istəyirəm, Allah-Taala məni öz iki əlimlə işlədiyim halda görsün və şahid olsun ki, mən ruzimi halallıq, əziyyət, çətinlik və zəhmətlə qazanıram. Hər kəs dünya ruzisini qazanmaq üçün bu niyyətlə çalışsa ki, başqalarına möhtac olmasın, öz ailəsinə ruzi gətirsin və başqalarına da kömək etsin, Qiyamət günü Allah-Taalanın hüzuruna üzü on dörd gecəlik ay kimi işıq saçan halda gələcəkdir".[7]

Hazırladı: Mirməhəmməd Bəşir

Ustad Seyid Əliəkbər Hüseyninin "İslamda ailə əxlaqı" kitabından çıxarış.

 


[1] . "Nəhl", 53: "Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!"

"Zariyat", 58: "Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!"

[2] . "Biharul-ənvar", 77/241.

[3] . "Yenə orada",  41/27.

[4] . "Yenə orada",  103/13.

[5] . yenə orada 78/236;

[6] . yenə orada 103/9;

[7] . "Vəsailuş-şiə", Hürr Amuli, 12/24

 

 

 

Google+ WhatsApp ok.ru