İNSAN QANINA HÖRMƏTSİZLİYİN CƏZALARI-2

İNSAN QANINA HÖRMƏTSİZLİYİN CƏZALARI-2

YEDDİNCİ SƏCİYYƏ: İNSAN QANINA EHTİRAM

1. İslam maarifində günahsız insanın qanı bütün bəşəriyyətin qanına bərabər sayılır: “Maidə” surəsinin 32-ci ayəsində buyurulur:

مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا

“Birinin canına haqsız qəsd etməyəni və ya yer üzündə fitnə-fəsad törətməyəni öldürən, sanki bütün insanları öldürmüş və birinə həyat bəxş edən (ölümdən nicat verən), sanki bütün insanları diriltmişdir!”

Qurani-Kərim bir insanın qanı və ölümünü bütün insanların qanı və ölümünə bərabər bildiyi kimi, onun ölümdən nicatını da, sanki bütün insanların nicatı hesab edir. Diqqəti cəlb edən odur ki, bir çox hədislərdə bu ayə cismən həyat və ölümlə əlaqələndirilsə də, bəzilərində daha əhəmiyyətli olan mənəvi həyat və ölümə dair dərin mətləblər vardır. Bir hədisdə imam Sadiq (ə) bu ayənin təfsirində belə buyurur: “Ayədə qeyd olunan “ölüm” və ya “nicat” odda yanma, yaxud suda boğulma kimi hallara da aiddir.” Amma o həzrət bir az sükut etdikdən sonra deyir: İnsanın başqasını haqq, yaxud batil yola çəkməsi və qarşı tərəfin də qəbulu ayənin ən dərin təvili və məfhumu haqda nəzərə çarpan baxışdır.” (“Təfsiri-nümunə”, 4-cü cild, səh.356.)

Daha dəqiq sözlə, bu ayənin zahiri mənası ilə insanların cismən, təvili isə ruhən qurtuluşu xarakterizə edilir.

2. Qan tökənlərin ağır cəzası: Qatillərin ağır cəzalarından söz açan “Nisa” surəsinin 93-cu ayəsində belə buyurulur:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

“Kim bir mömini qəsdən öldürsə, onun cəzası cəhənnəmdir və orada əbədi qalacaq. Allah ona qəzəblənər, onu Öz rəhmətindən uzaqlaşdırar və ona böyük əzab hazırlayar.”

Göründüyü kimi, qatillər üçün dörd ağır cəza nəzərdə tutulub: 1. Əbədi cəhənnəm əzabı; 2. Allahın qəzəbi; 3. Rəhmətdən məhrumluq; 4. Dözülməz cəza.

İslam nöqteyi-nəzərindən insanın qanını tökməyin cəza və əzabı olduqca ağırdırsa, bunu özlərinə peşə edənlərə, böyük-kiçik, kişi-qadın, xəstə-sağlam və bir sözlə, heç kimə rəhm etməyənlərin aqibəti məlumdur.

3. Edam hökmünün ağır şərtləri: İnsanın qanının böyük əhəmiyyətini nəzərə alaraq bir kəsin günahkar və ya qatil olduğunu isbat etmək üçün çətin şərtlər qoyulub. Göstərilən dəlil-sübutlarda azacıq şübhə müttəhimi ölümdən xilas edir.

4. Ağır diyələr (qan bahası): İslam nöqteyi-nəzərindən insan qanının ehtiramını bildirən nişanələrdən biri də ağır diyə və qan bahasıdır. Bilərəkdən günahsızı qətlə yetirən şəxs qətlə yetirilmiş şəxsin diyəsini varisinə ödəməli və varis göstərilən altı maldan birini seçməkdə ixtiyar sahibidir: 1. min misqal qızıl; 2. on min dirhəm; 3. yüz baş dəvə; 4. iki yüz baş inək; 5. min baş qoyun; 6. iki yüz dəst paltar. Varis onların əvəzində seçdiyi malın pulunu da ala bilər. Demək, günahsız tökülən qanın bahası ağır məbləğdə puldur və bu da insan qanına verilən dəyəri göstərir. Hətta bəzi hallarda qatil neçə qat diyə ödəməyə məcbur edilir. İmam Əli (ə) barəsində nəql olunan bir hədisdə belə deyilir: “İmam Əli (ə), əsa ilə bir şəxsin başına vurub, zərbə nəticəsində onu “görmə”, “eşitmə”, “dadma”, “ağıl”, “cinsi əlaqə” və “sidiyini saxlaya bilmə” qabiliyyətini itirməyə məruz qoyanı altı növ diyəni ödəməyə məhkum edir.” (“Vəsailuş-şiə”, 19-cu cild, səh.280. Əlbəttə, şiə fəqihlərinin bu rəvayətə əməl etməsində fikirayrılığı vardır.)

5. Rüşeymin diyəsi var: İslam hətta dünyaya gəlməyən və ana bətnində olan rüşeymə də böyük əhəmiyyət verir. Belə ki, birgünlük rüşeymi (nütfəni) salan 20 misqal qızıl, “ələqə”ni (laxta qan) salan 40 misqal qızıl, “müzğə”ni (ətə çevrilən qan) salan 60 misqal qızıl, sümüyü təzə vücuda gələni salan 80 misqal qızıl, sümükləri ətlə örtüləni salan 100 misqal qızıl və ruh üfürüləni salan isə diri insanın kamil diyəsini ödəməlidir! Hansı din və məzhəbdə insana bu qədər əhəmiyyət verilir.

6. Ölülərin cəsədinin diyəsi var: Mütərəqqi İslam dini baxımından ölmüş insanın cəsədi də dəyərə malikdir və heç kim ona ehtiramsızlıq edə bilməz. Odur ki, ölü müsəlmanın başını kəsən yüz dinar, bir əlini kəsən əlli dinar, hər iki əlini kəsən isə, yenə yüz dinar diyə ödəməlidir!

Bir sözlə, İslama görə insan o qədər dəyərlidir ki, həm ana bətnində, həm həyatda, həm də öldükdən sonra ona qarşı törədilən cinayət ağır diyəyə məhkum olunur.

İlahi bəndələrin günahsız insanın qanına ehtiram kimi qeyd etdiyimiz bu dəyərli mətləblər onların yeddinci səciyyəsində tamamilə əks olunur. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.121-124.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru