İnsanları cəhənnəmə aparan 4 səbəb

İnsanları cəhənnəmə aparan 4 səbəb

-- Ramazan ayı münasibətilə ruhani Hacı Vasif Nəftullayevlə müsahibə

Ramazan ayını yaşayırıq. Bu ayda Allahın mənəvi süfrəsində əyləşmək, ilahi ruzidən qidalanmaq insanlara bir lütfdür. Maide.Az mübarək Ramazan ayı boyunca müxtəlif məlumatlarla yanaşı, ruhanilərin də müsahibələrini dərc edir. Qonağımız Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, ruhani Hacı Vasif Nəftullayevdir.

 

1. İlk dəfə oruc tutmağa nə vaxtdan başlamısınız? Bu barədə maraqlı xatirələriniz...

Bismillahir-Rəhmanir-Rəhim.

Söhbətdən öncə bütün oxucuları, sizi və Maide.az saytının bütün əməkdaşlarını, həmçinin bütün müsəlmanları bu mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Bu ayda ilk olaraq hamıya can sağlığı arzu edirəm; çünki oruc tutmaq, ibadət və itaət etmək insanın can sağlığından asılıdır. Odur ki, ilk öncə hamıya can sağlığı, sonra da bu ayda Allah-Taalaya layiqincə ibadət və itaət etməyi arzu edirəm.

Amma sualın cavabında qeyd etməliyəm ki, mən hardasa 8 yaşında ikən Quran oxumağa başlamışam və demək olar ki, 9 yaşında Quranı bitirdikdən, yəni sərbəst oxumağa başladıqdan sonra, o vaxtdan da oruc tutmağa başlamışam. Şükürlər olsun Allaha ki, indiyə qədər də bu səadəti bizə nəsib etmişdir.

O ki qaldı maraqlı xatirələrə; maraqlı xatirələr çoxdur. Ən maraqlı xatirələrdən; hardasa 4-5 yaşım olardı. Nənəmin oruc tutmağı yadıma gəlir. O da çox isti aylara təsadüf edirdi. Belə ki, günortalar günün ən qızmar vaxtında, 75-ə yaxın yaş, yaşın çoxluğu, havanın hərarəti nənəmə güc gəldiyi zaman, bizə deyərdi ki, gedin mənim üçün sərin su gətirin. Biz gedib sərin su gətirib onun əllərinə, üzünə, ayaqlarına səpərdik ki, bir qədər sərinləşsin. O bizə dua edərdi: “Allah sizə də oruc tutmağı nəsib etsin. O gün olsun ki, siz də böyüyüb oruc tutasınız.” İndiyə kimi nənəmin duası və o yaşlarında əziyyətlə orucunu tutub Allaha ibadət etməsi hələ də gözümün önündədir. Digər bir xatirə də, hər dəfə Ramazan aylarının sonlarında atamla birgə ayı izləmək üçün qonşu Nardaran kəndinin Mayak deyilən bir yerinə gedərdik. Ora hündür olduğuna görə, üfüqü görmək və müşahidə etmək daha rahat olurdu. Hər Ramazan ayının axrıncı günü atamla birlikdə ora gedərdik və ayın axtarışı üçün ətraf kəndlərdən də çox insanlar gələrdi. Gedib ayı axtarmaq üçün Ramazan ayının son gününü çox səbirsizliklə gözləyərdim.

2. Oruc haqqında Peyğəmbər (s) və ya məsumlardan (ə) bir hədis sizin dilinizdən eşidək.

Muhəmməd ibni Müslim imam Sadiqdən (ə) belə bir hədis nəql edir:

إِذَا صُمْتَ فَلْيَصُمْ سَمْعُكَ ، وَ بَصَرُكَ ، وَ شَعْرُكَ ، وَ جِلْدُكَ ، ـ وَ عَدَّدَ أَشْيَاءَ غَيْرَ هَذَا وَ قَالَ : ـ لَا يَكُونُ يَوْمُ صَوْمِكَ كَيَوْمِ فِطْرِكَ

“Hər zaman oruc tutdun, sənin həm qulağın, həm gözün, həm saçın, həm də dərin oruc tutmalıdır...”

İnsanın yalnız yeyib-içməməyi oruc sayılmır. İnsanın gözü harama baxmamalıdır, dili yalan danışmamalıdır, qulağı haram səslər eşitməməlidir. Bütün vücudumuzla gərək oruc olaq. İmam Sadiq (ə) insan üzvlərini sadaladıqdan sonra buyurur ki, Məhəmməd, sənin oruc tutduğun günlə oruc tutmadığın günlər eyni olmamalıdır!

3. Orucluqla bağlı cəmiyyət üçün zəruri hesab etdiyiniz bir şəri məsələ deyərdiniz.

Müctəhidlərin fətvasına əsasən, bir xəstə insan ola bilsin ki, Ramazan ayında müəyyən səbəblərdən oruc tutmasın. Xəstə, əgər Ramazan ayı günortadan qabaq sağalsa və sübh azanından o vaxta qədər orucu batil edən işlər görməyibsə, oruc niyyəti edib həmin günü oruc tutmalıdır. Amma əgər, günortadan sonra sağalarsa, artıq, o günün orucunu tutmaq ona vacib deyil. Sonradan qəzasını tutmalıdır.

4. Orucluğun İslam cəmiyyəti üçün hansı təsirləri var?

Orucluğun İslam cəmiyyəti üçün təsirlərini sadalamqla bitmir. Allah-Taala Qurani-Kərimdə orucu vacib etdiyini buyurduqda, onun səbəbini də açıqlamışdır. “Bəqərə” surəsi 183-cü ayədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey iman gətirənlər, oruc sizdən qabaqkı ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız.”

Əgər biz təqvalı cəmiyyət olmaq istəyiriksə, onu təmin edən bir vasitə kimi Allah-Taala orucu bizə tövsiyə edir. Buyurur ki, əgər belə bir cəmiyyətə nail olmaq istəyirsinizsə, oruc tutmalısınız ki, oruc sizin təqvalı olmağınıza xidmət edir. Cəmiyyəti həmişə fərdlər təşkil edir. Fərdlər toplaşıb cəmiyyət meydana gətirir. Əgər fərdlər təqvalı olarsa, təqvalı fərdlərin sayı artdıqda, nəticə etibarilə cəmiyyətin təqvalı olmasına gətirib çıxaracaqdır. Orucun İslam cəmiyyəti üçün digər faydası da budur ki, oruc tutan insan ac və susuz qalmaqla ac və susuzların, imkansız, fəqir və yoxsul təbəqənin hansı əziyyətlərlə yaşamasını duyub dərk edir, yaxından hiss edir. Onların həyat sıxıntılarının aradan qalxması üçün, oruc tutan şəxsdə stimul yaranır. Fəqirlik çox vaxt hədislərdə insanı günaha sürükləyən amillərdən biri kimi qeyd olunub. Buyrulur:

كاد أن يكون الفقر كفرا

“Küfrlə yoxsulluğun arasındakı fasilə çox azdır.”

Fəqir insan hər zaman küfrə yuvarlana bilər. Yəni fəqirlik səbəbindən günaha aludə ola bilər. Orucluğun faydası budur ki, oruc tutan insanlar bir-birinə əl tutur, iftar süfrələri açmaqla, fəqirləri iftara dəvət edib onların halından xəbərdar olmaqla, onların fəqirliklərini aradan qaldırmaqla nəticədə cəmiyyətdə günaha yuvarlanan insanların qarşısını alırlar. Bu da orucluğun İslam cəmiyyəti üçün digər bir müsbət təsiridir.

5. Ramazan ayı həm də Quranın baharı hesab olunur. Bu ayda bir ayənin tilavəti bir Quran xətminə bərabərdir. Oruc tutan şəxslərə hansı ayəni oxumağı tövsiyə edərdiniz?

Quranın baharında Quranın hər bir ayəsi insan üçün faydalıdır. Lakin mən özüm Quranın 74-cü surəsi olan “Müddəssir” surəsinin 38-dən 48-ə qədər ayələrini əziz oxucularımız, dinləyicilərimizə oxuyub mütaliə etmələrini və bu ayələrin üzərində düşünüb təfəkkür etməklərini tövsiyə edirəm. Çünki bu ayələrdə çox maraqlı faktlar var. Bu ayələrdə Allah-Taala qiyamət günündə cənnət əhli ilə cəhənnəm əhlinin arasında baş tutacaq sorğu-sualdan, dialoqdan söz açır. Gün gələcək cənnət əhli ilə cəhənnəm əhlinin arasında belə bir dialoq baş tutacaq. Belə ki, uca Yaradan buyurur:

“Hər kəs öz əməlinin girovundadır.” Yəni hər bir kəs yerinə yetirməli olduğu vacibləri və etdiyi haramların girovundadır. İnsan vacibləri yerinə yetirdikdən və günahları yuyub təmizlədikdən sonra azadlığa buraxılar.

Sağ tərəf sahibləri, yəni əməl dəftərləri sağ əllərinə verilənlər istisna olmaqla! Onlar cənnətlərdə və bağlar içində olarlar. Bir-birindən günahkarlar barəsində soruşacaqlar: “Sizi cəhənnəmə daxil edən nədir?”

Axı siz dünyada bizimlə birlikdə yaşayırdınız. Eyni məhəllədə, eyni ölkədə yaşayırdıq. İndi necə oldu ki, siz cəhənnəm əhli, biz isə cənnət əhli olduq? Cəhənnəm əhli dörd səbəb göstərərlər:

Onlar deyəcəklər – biz dörd səbəb üzündən cəhənnəmə daxil olduq:

1. Biz namaz qılanlardan deyildik.

2. Yoxsula təam verməzdik.

3. Batil əhli ilə birlikdə bihudə işlər v söhbətlərə dalardıq.

4. Cəza gününü, yəni qiyamət gününü təkzib və inkar edərdik, ölüm bizi yaxalayana qədər (bu vəziyyətdə qaldıq)”.

Sonda Allah buyurur ki, şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.

Bu ayələr, doğurdan da, diqqət olunası və düşünüləsi ayələrdəndir.

İkinci ayə Quranın 96-cı surəsi olan “Ələq” surəsinin 14-cü ayəsini tövsiyə edərdim. Uca Yaradan buyurur:

ألم يعلم بأن الله يرى

“Məgər insan bilmir ki, Allah onu görür?”

Hər zaman, nə edirsə, xəlvətdə və aşkarda bilməli və unutmamalıyıq ki, Allah bizim hər əməlimizi görüb müşahidə edir.

6. Oruc tutanlara hər hansı bir tövsiyəniz varmı?

Sözün doğrusu, mən özümü tövsiyə etməyə layiq görmürəm. Əksinə, tövsiyə dinləməyin arzusundayam. Tövsiyə yox, sadəcə olaraq sualı dinlədikdə, bu hadisə yadıma düşdü və bunu sizlər və əziz oxucularımızla bölüşmək istərdim. Mən tələbə olduğum zaman, dərsdən çıxandan sonra, mədrəsəyə qayıtmaq istədikdə, gördüm ki, şam azanına çox az vaxt qalır. Fikirləşdim ki, azan vaxtı yolda olacağam. Odur ki, elə dərsdən çıxan kimi, dərhal yaxınlıqdakı məscidə daxil oldum. Daxil olub əyləşdikdə, birdən məsciddə, qarşıdakı sütunun kənarında böyük əxlaq ustadı, irfan sahibi, mərhum Ayətullah Ənsari Şirazini gördüm ki, əyləşib azanı gözləyir. Diz üstə oturub fikrə getmişdi. Fürsəti qənimət bilib Ustada yaxınlaşdım, salam verdikdən sonra, ondan xahiş etdim ki, mümkünsə mənə bir tövsiyə edərdiniz ki, həyatım boyu ona əməl etməyə çalışım. Ağa çox diqqətlə baxdıqdan sonra təbəssüm edərək buyurdu: Bu müraciətinə bir ayə və bir hədislə cavab vermək istəyirəm, yəni sənə iki şey vəsiyyət edirəm. Bir Quran ayəsini, bir də Peyğəməbrin (s) hədisini. “Səba” surəsinin 46-cı ayəsini tilavət etdi. Belə ki, Allah-Taala bu ayədə buyurur: “De mən sizə yalnız bir nəsihət verirəm ki, Allaha xatir iki-iki, ya bir-bir ayağa qalxın.” Ağa buyurdu ki, çalış, həmişə Allaha görə ayağa qalxasan, qiyam edəsən və addım atasan. Əgər bu yolda Allaha görə addım atmaq istədikdə, əgər özünə yoldaş tapa bilsən, çox gözəl, birlikdə addımla. Əgər özünə yoldaş tapmadıqda, heç zaman tənhalıqdan vəhşət edib qorxma. Bəlkə uca Yaradan buyurur ki, tək-tək olsa da, Mənə xatir qiyam edin. Hədis isə Peyğəmbərdən (s) idi. İndiyə qədər yadımdadır. Hətta ondan xahiş etdim ki, öz dəst-xətti ilə bu ayə və hədisi vəsiyyət olaraq yazdı. Peyğəmbər(s) buyurur:

مَنْ وُقِيَ شَرَّ قَبْقَبِهِ وَ لَقْلَقِهِ وَ ذَبْذَبِهِ فَقَدْ وُقِيَ الشَّرَّ كُلَّهُ

“Hər kim özünü dilinin, qarnının və ehtirasının şərindən qoruya bilsə, bütün şər və günahlardan amanda qalar.” Yəni insanı günaha çəkən əsasən dil, qarın və şəhvani hisslərdir. İslam Peyğəmbəri (s) buyurur ki, hər kim özünü bu üç işin şərindən qoruyarsa, bütün günahlaradn amanda qalar.

Sonda bütün möminlərin ibadət və itaətlərinin qəbul olunmasını uca yaradan Allahdan arzu edib diləyirəm və hamını bir-birimizə bu ayda dua etməyi xahiş edirəm. Allah köməyiniz olsun, çox sağ olun!

Google+ WhatsApp ok.ru