İntiharların səbəbi....

İntiharların səbəbi....

«Exo» qəzetində dərc edilən «Azərbaycanda psixoloqlar çatışmır, intihar edənlərin sayı isə artır» sərlövhəli məqalədə müəllif ölkədə intihar mövzusunu psixoloq Azad İsazadə ilə araşdırır.
 
«Hədd-buluğa çatmayanlar arasında intiharları dayandıra bilmək üçün Təhsil Nazirliyi təhsil müəssisələrində fərdi psixoloji yardım məsələsinə diqqət yetirməlidir. Bunun üçün isə psixoloqların sayının artırılması və onların sosial statuslarının yüksəldilməsi zəruridir», - deyə psixoloq A.İsazadə bildirir.
 
Son vaxtlar ölkədə intiharların sayının artdığını qeyd edən A.İsazadə bunun səbəblərinə də toxunur: «İntiharların səbəbləri müxtəlif olur. Bunlardan ən əsası depressiyadır. Burada şagirdlər ən kövrək qrupdur. Azərbaycanda potensial intihar edənlərə və eləcə də hədd-buluğa çatmayanlara psixoloji yardım edilmir. Hər bir təhsil müəssisəsində psixoloq ştatı olmalıdır».
 
Ekspert deyir ki, ölkənin təhsil müəssisələrində ixtisaslı psixoloqlar yox dərəcəsindədir: «Hər 100 şagird və tələbəyə 1 psixoloq düşür. Bu halda hamıya necə kömək etmək olar? Mütəxəssisin qəbuluna düşmək üçün növbəyə yazılmaq lazım gəlir, əksər müəssisələrdə isə ümumiyyətlə psixoloq ştatı yoxdur».
 
A.İsazadə intiharın 14 -20 yaş arası yeniyetmə və gənclər arasında daha çox olduğu düşüncəsindədir: «Əgər bu problemə ümumi konsepsiya kontekstində yanaşsaq, bu yaşda yeniyetmələrin ölüm səbəbləri sırasında məhz intihar ikinci parametri təşkil edir».
 
Yazıda Ümumdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən qeyd edilir ki, intiharların çoxu maddi rifahı yüksək olmayan ölkələrdə baş verir. İnsanlar canlarına daha çox sosial təminatın olmaması və gələcəyə ümidlərinin itməsi üzündən qəsd edirlər. 

Google+ WhatsApp ok.ru