İnvestisiyalar azalır: səbəblər

İnvestisiyalar azalır: səbəblər

-- maliyyə böhranı ölkə iqtisadiyyatına bank sahəsindəki sərmayə qoyuluşu problemlərini aşkara çıxarıb, bu isə regionlarda ...

"Novoye Vremya" qəzetində diqqəti "İnvestisiya- ciddi işdir" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ölkə iqtisadiyyatına investisiya yatırımları məsələsini gündəmə daşıyır.
 
Müəllif deyir ki, neftin qiymətinin enməsilə ölkənin qızıl-valyuta ehtiyatları azalıb, bu isə infrastruktur layihələrinə sərmayə qoyulmasının da azalmasında əksini tapır.
 
Müəllif vurğulayır ki, iri neft pulları gələn zamanlarda maliyyə vəsaitləri əhali üçün aydın olmayan layihələrə qoyulurdu, həm də onların bir hissəsi korrupsiya sxemi daxilində "buxarlanırdı".
 
Müəllif xatırladır ki, maliyyə böhranı ölkə iqtisadiyyatına bank sahəsindəki sərmayə qoyuluşu problemlərini də aşkara çıxarıb, bu isə təkcə paytaxtda yox, elə regionlarda da özünü göstərib:
 
"Ölkə iqtisadiyyatına Azərbaycan banklarının sərmayə qoyuluşunun xüsusi çəkisi illik hesablamada 1,5 faiz alıb. Keçən ay bankların bu sahədə payı 63,9 milyon manat və ya bütün mənbələrdən əsas kapitala yönləndirilən həcmin 6,7%-i qədər olub. Bu isə illik 23,7% azalma deməkdir".
 
Bu göstəricidən irəli gələrək müəllif deyir ki, regionlarda vətəndaşların sosial durumunun pisləşməsi kəndlərə investisiya qoyulmaması ilə birbaşa bağlıdır.
 
Müəllif vurğulayır ki, ən azı aqrar sektor, fermerlər və fermer təsərrüfatları öz fəaliyyətlərini bank kreditləri olmadan düşünə bilmirlər, kredit olmadığı halda bu təsərrüfatlar müflis hala düşəcəklər: "İnvestisiya strukturunda bank kreditlərinin payının azalması çoxdan müşahidə edilir. Hələ bank böhranı başlanmazdan da öncə bu özünü göstərirdi. Bu təkcə bankların iqtisadiyyata investisiya qoymaq istəməməsilə bağlı deyildi. Sadəcə, dövlət və ya özəl banklardan kredit almaq şərtləri əlçatmaz idi. Yüksək kredit faizləri bir çox sahibkarları ehtiyatlandırırdı".
 
Müəllif deyir ki, bunun da səbəbi bəzi bankirlərin daha tez varlanmaq səylərilə bağlı idi, ona görə də faydalanmaq baxımından investisiya layihələrinə üstünlük verirdilər.
 
Müəllifə görə, bu acgözlükdən isə ilk növbədə iqtisadiyyatın inkişafına yönələn investisiya proqramları yerinə yetirilə bilmirdi.
 
İndiki durumda isə müəllif sosial sahəyə ayrılan investisiyaların azalmasını yolverilməz sayır, bu halda sadə vətəndaşların durumunun daha da pisləşəcəyi barədə xəbərdarlıq edir.
 
Müəllif investisiyaların illik 24% azalmasını ölkənin bank və maliyyə sisteminin sağlamlaşdırılmasının tezliklə baş verməyəcəyinin göstəricisi kimi dəyərləndirir.
 
Məüllif hesab edir ki, ölkə iqtisadiyyatına investisiyaların daha da azalması ilk növbədə xammal iqtisadiyyatına alternativ və ölkənin prioriteti olan qeyri-neft sektorunun inkişafına mənfi təsir edəcək.(contact.az)
 

 

Google+ WhatsApp ok.ru