`İnvestor qeyri-müəyyən bazara gəlmir`

`İnvestor qeyri-müəyyən bazara gəlmir`

"Exo" qəzetində "Xarici investorlar və Azərbaycanda məhkəmələrin gözlənilməzliyi" sərlövhəli yazı diqqət çəkir.
 
Yazıda ölkədə xarici investorların mülkiyyətlərinin nə dərəcədə qorunduğu ekspert Əkrəm Həsənovla dəyərləndirilir.
"Azərbaycanda sahibkarların hüquqlarının qorunması və biznes üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzindədir. Ancaq ölkədə hüququn tətbiqi olduqca zəifdir, məhkəmələr heç də həmişə obyektiv deyillər, bu isə potensial investorları qorxudur", - deyə Ə.Həsənov mövzu ilə bağlı qəzetə deyib.
 
Ekspert vurğulayıb ki, Azərbaycanda iqtisadi mübahisələrə adətən iqtisad məhkəmələrində baxılır. Onun fikrincə, ancaq iqtisad məhkəmələri nəzdində xüsusi bölmələrin yaradılmasına ehtiyac var. Həmin qurumlar iri investorlar və investisiyalarla bağlı məsələləri nəzərdən keçirməlidirlər.
 
Ə.Həsənov hesab edir ki, bu sahədə bacarıqlı hakim tapmaq çox çətindir:
"Bizim hakimlər üçün bu sahədə demək olar ki, hər bir iş yenidir. Odur ki, investisiya məsələlərindən başı çıxan hakimlərin çalışdığı xüsusi məhkəmə palatası yaradılması daha yaxşı olar".
 
Üstəlik, ekspert vurğulayıb ki, bu sahədə hakimlər müstəqil olmasa, ciddi sərmayə axını gözləmək əbəsdir:
"Hakimlərə təzyiqlərdən söhbət belə gedə bilməz. İnvestorlara obyektiv mühakimə zəmanəti verilməlidir. Ancaq məhz qanunvericilik və məhkəmə sistemi ölkənin zəif yeridir. Elə bu səbəbdən də xarici investorlar və Azərbaycan sahibkarları başqa ölkələrə sərmayə qoyurlar".
 
Ə.Həsənov vurğulayır ki, ölkədə xarici investorların və yerli sahibkarların iştirakı ilə məhkəmə çəkişmələrinə tez-tez rast gəlinir:
"Azərbaycan məhkəmələri dəyişkənliyi ilə fərqlənir. Hətta işin gedişi əvvəldən hamıya aydın və gözlənilən olsa da, məhkəmə gözlənilməz qərar çıxara bilər. Bundan əlavə, oxşar işlərdə də məhkəmələr müxtəlif qərarlar çıxarırlar. Ancaq istənilən biznes üçün ən başlıcası oyunun qaydalarına əməl olunmasıdır. Çox təəssüf ki, bizdə qaydalara hamı əməl etmir. İnvestor isə qeyri-müəyyən bazara gəlmir".

Google+ WhatsApp ok.ru