İqtisadiyyatın bir saylı problemi

İqtisadiyyatın bir saylı problemi

-- Banklar

"Yeni Müsavat" qəzetində isə "İqtisadiyyatın bir saylı problemi-banklar" sərlövhəli məqalə oxumaq olar. Müəllif ölkənin bank sektorundakı problemləri ekspert Pərviz Heydərovla müzakirə edir.
 
P.Heydərov ölkənin bank sektorundakı problemləri iqtisadiyyatın ən ağrılı problemləri adlandırır: "Bu sektordakı vəziyyət hazırda iqtisadiyyatımızın bir nömrəli problemidir. Bütövlükdə götürəndə bu gün ölkə iqtisadiyyatında müəyyən canlanma var, bundan əlavə, cüzi də olsa iqtisadi canlanma, aktivlik hiss olunmağa başlayıb, amma iqtisadi aktivlik elə bir şeydir ki, müvafiq maliyyə dəstəyi görməsə, bank kreditləşməsi əldə etməsə qeyd etdiyimiz cüzi canlanma keçici xarakter daşıyacaq".
 
P.Heydərova görə, bankların kredit verə bilməmələri ilkvid vəsaitlərin olmaması ilə bağlıdır, banklar hazırda özlərini sığortalamaqla məşğuldular, amma əlavə olaraq kredit götürmək, depozitləri cəlb edib onları dövriyyəyə buraxıb normal bank fəaliyyətini yerinə yetirmək işi sıfıra bərabərdir.
 
Ekspert deyir ki, bu, 2014-cü ildə neftin qiymətinin düşməsi ilə başlayan tendensiyadır ki, 2015-ci il devalvasiyalarından sonra kəskin xarakter alıb.
 
Üstəlik P.Heydərov hesab edir ki, problem bir az da dərinləşib: "Bu gün ölkədəki 30 bankın 3-4-nü çıxmaq şərtilə, yerdə qalanların hamısının "süni nəfəs" altında olduğunu söyləyə bilərik".
 
Ekspert deyir ki, bu vəziyyətdən çıxmaq üçün ilk növbədə problemli kreditlər məsələsi həllini tapmalıdır.
 
Əhalidən cəlb edilən əmanətləri, xarici maliyyə qurumlarından cəlb olunan vəsaitləri və Mərkəzi Bankın verdiyi kreditləri bankların vəsaitlərinin formalaşdığı mənbələr adlandıran P.Heydərov hazırda bu sahədə də vəziyyətin yaxşı olmadığını söyləyir: "Neftin qiyməti düşdükdən sonra xarici maliyyə qurumları kredit şərtlərini çox ağırlaşdırıblar, Mərkəzi Bankın verdiyi kreditlər isə çox bahalıdır. hazırkı 13% özü də yüksək rəqəmdir.
 
P.Heydərov əmanətlərə gəlincə, deyir ki, manatın iki devalvasiyaya uğraması, iqtisadi vəziyyətin ağırlaşması, gəlirlərin azalması ilə bağlı əhalinin sərbəst vəsaitləri, demək olar ki, yox dərəcəsindədir.
 
Ekspertə görə, az-çox sərbəst vəsaitləri isə əhali banklardan geri çəkərək dollara çevirib özündə saxlayır, belə şəraitdə isə bankın kredit vermək imkanı olmur.
 
P.Heydərov deyir ki, indiki halda heç bir sahibkar xarici valyutada kredit götürmür, çünki bu riskdir, ona görə də banklar ətrafında belə acınacaqlı durum yaranıb.(contact.az)
 

Google+ WhatsApp ok.ru