İqtisadçı: Ölkədə inflyasiya gəlirləri `yeyir`

İqtisadçı: Ölkədə inflyasiya gəlirləri `yeyir`

«Exo» qəzetində «Azərbaycanda «pul aclığı»dır, manat kütləsi çatmır» sərlövhəli məqalə oxumaq olar.
 
Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib:
 
«2018-ci ildə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artması gözlənilmir. Birincisi, Fondun 1 milyard vəsaiti Beynəlxalq Bankda cəmlənib. Bu bank isə artıq ödəniş qabiliyyətli deyil, bu borcu dövlət qaytarmalıdır. Bundan irəli gələrək de-fakto Fond artıq 1 milyard dollar itirib. Bu informasiya Fondun ehtiyatlarının 34.791 milyard dollar olması haqda yeni rəsmi məlumatlar sırasına aiddir».
 
Ə.Həsənovun fikrincə, bu durum əmanətçinin müflis bankda əmanəti olmasına bənzəyir. Təsdiq edir ki, pulu var, amma reallıqda həmin pul yoxdur.
 
Ekspert bu baxış bucağından Fondun zərərdə olduğunu düşünür:
 
«İkinci, Mərkəzi Bank (MB) pul kütləsini sıxmaqla manatın təbii devalvasiyasının qarşısını aldı. Əgər MB məzənnə məsələsinin qarşısını süni şəkildə almasa idi, bu proses qaçılmaz olacaqdı, bu heç də müsbət hal deyil, indi bundan bütün iqtisadiyyat əziyyət çəkir. Ölkədə «pul aclığı»dır, çünki manat kütləsi çatmır. Neft Fondu bu ilin 6 ayı ərzində hərraca 1.714 milyard vəsait çıxarıb. Bu da keçənilki eyni dövrün eyni göstəricisindən 2.436 milyard dollar azdır. Bankların xarici valyuta almağa heç nəyi yoxdur».
 
Ekspert düşünür ki, gələn il Neft Fondunun üzərinə böyük ağırlıq düşə bilər:
 
«Odur ki, 2018-ci ildə Fondun valyuta ehtiyatlarının real artımı olmayacaq. Əksinə, ola bilər ki, gələn il Fondun valyuta ehtiyatları azalsın. Odur ki, hökumət bu ehtiyatlardan maksimal şəkildə az istifadə etməyə çalışacaq».
 
​KİM DÜZ DEYİR?
 
«Yeni Müsavat» qəzetində «Statistika Komitəsinin rəqəmləri reallığı əks etdirmir» sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda vurğulandığına görə, komitənin göstəricilərində bildirilir ki, 2107-ci ilin ilk yarısında ölkədə 31 milyard 310.6 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Komitəsi bu göstəricini ötən ilin birinci yarısı ilə müqayisədə (27 milyard manat) «kəskin artım» adlandırır.
 
Müəllif yazır ki, komitənin bu son göstəriciləri ölkə iqtisadiyyatının tənəzzül dövründən çıxdığını deməyə əsas verir. Ancaq iqtisadçılar bu mövqeyi heç də bölüşmürlər.
 
Ekspert Natiq Cəfərli deyib ki, ölkədə real iqtisadi durum komitənin göstəricilərindən fərqlidir:
 
«Bu, çox nikbin rəqəmlərdir, lakin məlumatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in hansı səviyyədə olması ilə bağlı ümumi nəticəyə gəlinməyib. Hesablamalar isə göstərir ki, təqribən 1 faiz azalma müşahidə olunub».
 
N.Cəfərli vurğulayıb ki, bu ilin yanvar-may aylarında rəsmi rəqəmlərə görə, ÜDM-in həcmində 0.9 faiz azalma olmuşdu. May ayından sonra neftin qiymətində də azalma olduğundan ÜDM-də azalma arta bilər.
 
Ekspert bildirib ki, rəsmi qurum vətəndaşı yanıldır:
 
«Qeyri-neft sektorunda 1.7 faiz artım olduğu bildirilir. Ancaq bu, çox aşağı bir göstəricidir. Çünki qeyri-neft sektorunun bütünlükdə iqtisadiyyatda payı çox aşağıdır. Neft sektorunda isə ümumdaxili məhsulda 6.6 faiz azalma baş verib, bu, çox ciddi bir azalmadır».
 
N.Cəfərli deyib ki, real gəlirlər baxımından da artım yoxdur:
 
«Azərbaycan əhalisinin real gəlirləri bu ilin ilk 6 ayı ərzində 6.7 faiz artıb. Bu artım nominal olaraq hesablanıb. Ancaq reallıqda isə gəlirlər azalıb. Çünki rəsmi inflyasiya 14 faizdirsə, inflyasiya nominal artımı, obrazlı desək, «yeyib»».(azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru