İran qonşu ölkələrlə birlikdə Kəndlərin İnkişafı üzrə Beynəlxalq Təşkilat yaratmaq istəyir

İran qonşu ölkələrlə birlikdə Kəndlərin İnkişafı üzrə Beynəlxalq Təşkilat yaratmaq istəyir

İran qonşu ölkələrlə birlikdə Kəndlərin İnkişafı üzrə Beynəlxalq Təşkilat yaratmaq istəyir.
 
Maide.Az bildirir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın prezidentinin məhrum ərazilər və kəndlərin inkişafı üzrə müavini Əbülfəzl Rəzəvi deyib.
 
Ə.Rəzəvi Kəndlərin İnkişafı üzrə Beynəlxalq Təşkilatın yaradılmasının İran və qonşu ölkələr üçün faydalarından danışıb və bildirib ki, yeni yaradılacaq bu qurumun daimi katibliyi Tehranda yerləşəcək.  “Təşkilatın nümayəndələri qarşılıqlı səfərlər edəcək.  Qonşu ölkələr bir-birinin ərazisində kəndlərin inkişafı sahəsində məsələləri və problemləri təcrübə mübadiləsi aparmaqla, eləcə də qarşılıqlı imkanlardan istifadə etməklə həll edəcəklər”.
 
Onun sözlərinə görə, İran bu təşkilatın yaradılması üçün tam hazırdır. “Əgər qonşu ölkələr kəndlərin inkişafı üzrə təşkilatın yaradılması ilə bağlı mövqelərini tez elan edərlərsə, yaxın zamanda təşkilat təsis olunacaq”, - deyə Ə.Rəzəvi vurğulayıb.
 
Ə. Rəzəvin fikrincə, belə bir təşkilatın təsis olunmasında məqsəd İran və qonşu ölkələrin kəndlərindəki problemlərin həlli üçün qarşılıqlı təcrübə və imkanlardan istifadəyə nail olmaqdır: “Təcrübə və imkanlardan qarşılıqlı istifadə olunarsa, əminliklə deyə bilərik ki, bu, həm İranda və həmdə qonşu ölkələrdə kəndlərin inkişafına zəmin yaradacaq”.
 
O deyib ki, İranın qonşu ölkələrlə sərhədlərində yaşayan əhalinin əksəriyyəti kənd əhalisi və köçərilərdir. “Bu təşkilatın təsis olunması qonşu ölkələr arasında sərhədlərin təhlükəsizliyinin qorunmasına da yardım edəcək ki, bu, çox önəmli məsələdir.”
 
Azərbaycan və İran arasında hazırda yaxşı münasibətlərin qurulduğunu deyən Ə.Rəzəvi bildirib ki, iki ölkənin oxşarlıqları çoxdur: “Belə bir təşkilatın yaradılması hər iki ölkənin  sərhədi ətrafında yaşayan əhalinin ehtiyaclarını təmin etmək üçün qarşılıqlı olaraq İran və Azərbaycanın imkanlarından istifadə etməyə imkan verəcək ki, bu da bölgələrdə inkişafa səbəb olacaq”.
 

Google+ WhatsApp ok.ru